Page 132 - "Xəzər"
P. 132
Couler. Axıb getmək. Şopen məktublarının birində İngiltərəyə səyahətini təsvir
eləyir. O səyahətdə bəstəkar bir salonda əsərlərini ifa edərkən xanımlar öz
heyrətlərini “Ah, necə də gözəldi! Su kimi axır!” kəlmələriylə bildirirlər. Bu,
Şopeni əsəbiləşdirir. Tərcümə barədə “rəvan axır”, yaxud “elə bil fransız yazıçısı
yazıb” sözlərini deyənlər də məni hiddətləndirir. Heminqueyi fransız yazıçısı kimi
oxumaqdan yaxşı heç nə yoxdur! Onun üslubu fransız yazıçısı üçün ağlagəlməzdir!
Mənim italiyalı naşirim Roberto Kolasso deyib: “Yaxşı tərcümə rəvanlığına görə
yox, tərcüməçinin əsaslandırmaqla saxlamağa cəsarət elədiyi qeyri-adi və orijinal
ifadələrə görə tanınır”.

Definition. Tərif, təyin. Romanın meditativ məğzi bir neçə mücərrəd sözün
üzərində durur. Heç nə bilmədən hər şeyi bildiklərini düşünənlərə qoşulmağı
arzulamadan, nəinki bu sözləri həddən artıq dəqiq seçməliyəm, həm də mənasını
aydınlaşdırıb dəyişdirməliyəm… Mənə elə gəlir, roman sürüşüb əlindən çıxan
mənanı davamlı izləməkdən başqa bir şey deyil.

Destin. Tale. Elə məqam gəlib çatır ki, həyatımızın obrazı həyatın özündən
ayrılır, sərbəstlik qazanır və get-gedə bizim özümüzdən vacib olur. “Zarafat”
əsərindən: “…insan talelərinin ali palatası tərəfindən təsdiq edilmiş öz “mən”imin
obrazını dəyişməyə heç bir imkanım yox idi: başa düşürdüm ki, bu obraz (mənə nə
qədər az oxşasa da) məndən daha realdı; başa düşürdüm ki, o heç də mənim kölgəm
deyil, mən öz obrazımın kölgəsiyəm; başa düşürdüm ki, onu mənə oxşamamaqda
günahlandırmaq qətiyyən mümkün deyil, amma bizim oxşamamağımızda mən
günahkaram”.

“Gülüş və yaddaş kitabı”ından: “Tale Mirenin xətrinə (onun xoşbəxtliyi,
təhlükəsizliyi, sağlamlığı və yaxşı ovqatı xətrinə) barmağını da tərpətmək niyyətində
deyil, amma Miren öz taleyi xətrinə (onun əzəməti, aydınlığı, gözəlliyi, üslubu və ali
mənası xətrinə) hər şeyi eləməyə hazırdı. O, hiss eləyirdi ki, öz taleyinə görə
məsuliyyət daşıyır. Amma tale ona görə məsuliyyət daşıdığını hiss eləmirdi”.

132
   127   128   129   130   131   132   133   134   135   136   137