Page 135 - "Xəzər"
P. 135
Ironie. Kinayə. Kim haqlıdır və kim günahkardır? Emma Bovari dözülməzdir,
yaxud cəsur və riqqətlidir? Bəs Verter? Hissiyatlı və qədirbiləndir? Yaxud
sentimental tərzdə təcavüzkar və özünəvurğundur? Romanı nə qədər diqqətlə
oxuyursan, o qədər də bu suallara cavab vermək mümkünsüz olur, belə ki, roman
təyinatına görə kinayəli sənətdir: onun “həqiqəti” gizlədilib, deyilməyib, ifadə
olunan deyil. “Yadda saxlayın, Razumov: qadınların, uşaqların və inqilabçıların
bütün əsas instinktləri hər cür əqidəni, hər cür qurbanı, hər cür fəaliyyəti inkar
eləməkdi”, – bu kinayə rus inqilabçı qadını Cozef Konradın1 (əsl adı Yuzef Teodor
Konrad Kojenevski (1857-1924), polyak mənşəli ingilis yazıçısı; neoromantik
məzmunlu “Olmeyerin şıltaqlığı” (1885), “Lord Cim” (1900) və s. romanların
müəllifi) “Şərqin gözləriylə” romanındandır. Kinayə əsəbləşdirir. Ona görə yox ki,
insanı ələ salır, ona görə ki, dünyanın çoxçalarlığını kəşf eləyib, bizim inamımızı
əlimizdən alır. Leonardo Şaşa2 (1921-1989), İtaliya yazıçısı, “Siciliyalı əmilər”
(1958), “Kontekst” (1971) və s. romanların müəllifi): “Kinayə qədər anlaşılması
çətin, izahı mümkünsüz bir şey yoxdu”. Üslubun affektasiya3 (süni həyəcan
yaratma, qızışdırma) hesabına “mürəkkəb” roman yaratmaq faydasız işdi; roman
adlanmağa layiq olan hər bir əsər nə qədər aydın olsa da, mətndən ayrılması mümkün
olmayan kinayə sayəsində yetərincə mürəkkəbdi.

Legerete. Yüngüllük. Mövcudluğun dözülməz yüngüllüyünü artıq “Zarafat”da
tapmışdım: “Mən bu tozlu səkiylə gedirdim və həyatımın üzərinə yük kimi çökmüş
boşluğun ağır yüngüllüyünü hiss eləyirdim”.

“Burda olmayan həyat” romanından: “Yaromil hərdən dəhşətli yuxular
görürdü. Yuxuda ona elə gəlirdi ki, lap yüngül əşyaları – fincanı, qaşığı, qələmi
qaldırmalıdı və bunu eləyə bilmir, əşya nə qədər yüngüldüsə, özü o qədər zəifdi, o,
əşyanın yüngüllüyü altında haldan düşürdü”.

“Vida valsı” romanından: “Raskolnikov elədiyi cinayəti faciə kimi yaşadı və
axırda da öz hərəkətinin ağırlığına dözə bilmədi. Yakubsa təəccüblənirdi ki,
elədikləri niyə ağır yük kimi üstünə düşmür. Özündən soruşurdu ki, bu, rus
qəhrəmanının isterik yaşantılarından daha dəhşətli deyil ki?”

135
   130   131   132   133   134   135   136   137   138   139   140