Page 125 - "Xəzər"
P. 125
parıldayırdı. – Mənfur adam! Məni ağlatmaq istəyirsiniz. Belə yaxşıdırsa, gedin özünüz girin
oraya. Siz onun dostusunuz axı, dostluğun xatirinə gedin uzanın yanına, daha oturub-durub
darıxdırıcı elmlərdən danışmayın…

– Mənim sözlərimə nahaq istehza edirsiniz, – vacib görkəm alıb, bu yelbeyin qadının
sözünü kəsdim, – İvan Matveiç məni onsuz da çağırır. Əlbəttə, oraya getmək sizin borcunuzdur,
mənsə alicənablıq naminə gedə bilərəm. Ancaq İvan Matveiç dünən timsahın hədsiz genələ
biləcəyindən danışarkən açıq-aydın işarə vurdu ki, təkcə siz ikiniz yox, bir ailə dostu kimi mən
də oraya yerləşə bilərəm, yəni mən istəsəm, biz üçlükdə orada ola bilərik, ona görə də…

– Necə yəni üçlükdə? – Yelena İvanovna səsini ucaldaraq təəccüblə üzümə baxdı. – Bəs
biz necə… yəni üçümüz bir yerdə olacağıq? Ha-ha-ha! İkiniz də nə qədər axmaqsınız! Ha-ha-ha!
Mən sizi orda mütləq çimdikləyəcəyəm, yaramazın biri, ha-ha-ha! Ha-ha-ha!

O, divanın söykənəcəyinə yayxanıb, gözləri yaşaranacan güldü. Bütün bunlar – göz
yaşları, gülüş – onu o qədər gözəl göstərirdi ki, özümü saxlaya bilməyib, onun əllərini öpməyə
başladım. O, barışıq əlaməti olaraq, qulaqlarımı yüngülcə çəksə də, müqavimət göstərmirdi.

Kefimiz duruldu və mən İvan Matveiçin dünənki planlarının hamısını ona danışdım.
Qəbul axşamları və salon barədə fikirlər onun çox xoşuna gəldi.

– Elə isə mənə çoxlu pal-paltar lazım olacaq, – o dedi, – ona görə də İvan Matveiç
gecikdirmədən mənə çoxlu pul göndərməlidir… Ancaq… ancaq bu necə olacaq, – fikirli-fikirli-
əlavə etdi, – onu yeşikdə mənim yanıma necə gətirəcəklər. Mən ərimi yeşikdə daşımalarını
istəmirəm. Qonaqlardan ayıb olar… İstəmirəm, yox, istəmirəm.

– Yeri gəlmişkən, yadımdan çıxmamış, Timofey Semyonıç dünən axşam yanınıza
gəlmişdi?

– Ax, hə, gəlmişdi; mənə təskinlik verməyə gəlmişdi. Təsəvvür edirsinizmi, onunla kart
oynadıq. Mən udanda konfet verir, uduzanda isə əlimi öpürdü. Yaramazın biriymiş, təsəvvür
edin ki, az qala mənimlə maskarada gedəcəkdi. Doğru sözümdür!

– Sizdən xoşu gəlir! – dedim. – Sizdən kimin xoşu gəlmir ki, gözəlsiniz də!
– Elə bu komplimentlə də yola çıxın! Dayanın, sizi çimdikləyim, sonra gedərsiniz. Yaxşı
çimdikləmək öyrənmişəm. Hə, necədir? Demək, İvan Matveiç dünən tez-tez mənim haqqımda
danışırdı, hə?
– Y-yox, elə də tez-tez danışmırdı… Sizə deyim ki, indi onu daha çox bəşəriyyətin taleyi
narahat edir, istəyir ki…
– Eləmi?! Daha nələr! Çox darıxdırıcıdır. Vaxt eləyib, dəyərəm ona. Sabah mütləq gedib
yoluxaram. Bu gün yox; başım ağrıyır, özü də oraya o qədər adam yığışır ki… Yaxşı, sağ olun.
Axşam biz orada… oraya?
– Onun yanına, onun yanına. Demişdi, qəzet aparım ona.
– Lap yaxşı. Gedin qəzet oxuyun orada. Bu gün daha mənim yanıma gəlməyin. Özümü
yaxşı hiss etmirəm, ola bilsin, qonaq gedəcəyəm. Yaxşı, hələlik, dəcəl.
“O qara adam axşam onun yanına gələcək”, – öz-özümə düşündüm.
Şübhəsiz, dəftərxanada bu cür başağrılarımın və qayğılarımın olduğunu büruzə
vermədim. Ancaq gördüm ki, bizim bəzi tərəqqipərvər qəzetlərimiz əldə gəzir, həmkarlarım
onları son dərəcə ciddi üz ifadələri ilə oxuyurlar. Əlimə ilk keçən “Listok” qəzeti oldu. Bu
qəzetin xüsusi bir təmayülü yox idi,20 ümumilikdə, humanist mövqedən çıxış etdiyi üçün onu
oxusalar da, əsasən xoşlamırdılar. Təəccüblə qəzetdən aşağıdakı məlumatı oxudum:
“Dünən bizim geniş, gözəl binalarla süslənmiş paytaxtımızda qəribə şaiyələr dolaşmağa
başladı. Kübar cəmiyyətdən olan tanınmış qastronom N., yəqin ki, İ. klubundakı Borel21
mətbəxi üçün darıxıb, paytaxta yeni gətirilmiş, iri timsahın saxlandığı Pasaj binasına gəlmişdir.
Burada o, timsahdan ona nahar bişirilməsini tələb etmişdir. Sahiblə hesablaşdıqdan sonra o
dərhal onu acgözlüklə yeməyə girişmişdir (son dərəcə fağır, səliqə-sahmana meylli almanı yox
ha, onun timsahını). Timsah bu zaman hələ diriymiş, o, cib bıçağıyla timsahın bədənindən şirəli
hissələri kəsib, təpişdirirmiş. Yavaş-yavaş timsah onun iri qarnında yoxa çıxmışdır. O hətta
timsahın yanındakı ixnevmonu22 da yemək istəyib, yəqin onun da timsah kimi dadlı olduğunu
düşünüb. Biz heç də xarici qastronomların yaxşı tanıdığı bu qida maddəsinin əleyhinə deyilik.

125
   120   121   122   123   124   125   126   127   128   129   130