Page 110 - "Xəzər"
P. 110
– Yaxşı, hirslənmə, Karlxen! – izzəti-nəfsini qoruduğundan məmnun qalan alman
nəvazişlə dedi.

– Nə iyrənc timsahdır! Məni qorxutdu, – Yelena İvanovna işvəylə kəkələdi, – yuxuma
girməsə yaxşıdır.

– Amma o, sizi yuxuda dişləməz, madam, – alman onun sözlərini göydə qamarladı və öz
hazırcavablığına hamıdan əvvəl gülməyə başladı, ancaq bizlərdən heç kəs onun səsinə səs
vermədi.

– Gedək, Semyon Semyonıç, – Yelena İvanovna yalnız mənə müraciət edirdi, – yaxşısı
budur meymunlara baxaq. Meymunlardan ötrü ürəyim gedir; elə sevimlidirlər ki… timsahsa
dəhşətlidir.

– O-o, qorxma, dostum, – arvadının yanında özünü ürəkli göstərməkdən xoşlanan İvan
Matveiç arxamızca qışqırdı, – Firon səltənətinin bu yuxulu sakini bizə heç nə eləməz, – deyərək
yeşiyin yanında qaldı. Üstəlik, əlcəklərini götürüb timsahın burnunu qıdıqlamağa başladı.
Bununla, sonradan etiraf etdiyi kimi, timsahı yenidən fısıldamağa məcbur etmək istəyirdi.
Sahib isə Yelena İvanovnanın ardınca (xanım olduğu üçün) meymunların olduğu şkafa doğru
getdi.

Beləliklə, hər şey yaxşı gedirdi və heç nəyi əvvəlcədən bilmək olmazdı. Yelena İvanovna
meymunlarla əməllicə əylənirdi, başı tamamilə onlara qarışmışdı. O, sevincdən qışqırır, sahibə
heç əhəmiyyət verməyərək, mənə müraciət edir, yeni tanışlar və dostlarla meymunlar arasında
oxşarlıqlar tapıb uğunurdu. Mən də əylənirdim, çünki onun tapdığı oxşarlıqlar şübhə
doğurmurdu. Mülkiyyətçi alman bilmirdi gülsünmü, gülməsinmi, odur ki, lap axırda
qaşqabağını tökdü. Elə bu məqamda qəfildən dəhşətli, hətta deyə bilərəm ki, indiyəcən
eşidilməmiş bir çığırtı qopdu. Əvvəl-əvvəl yerimdəcə donub qaldım, bilmədim nə fikirləşəm,
sonra Yelena İvanovnanın da çığırdığını görüncə tez çevrildim və… nə gördüm! Nə gördüm, –
aman Tanrım! – Gördüm ki, bədbəxt İvan Matveiç timsahın qorxunc çənəsinə keçib. Timsah
İvan Matveiçin bədənini eninə dişlərinə keçirmişdi, beləcə havaya qaldırmışdı və o, havada
üfüqi vəziyyətdə çapalayırdı. Bir an sonra o yoxa çıxdı. Bunu təfərrüatıyla danışmaq istəyirəm,
çünki bütün bu müddət ərzində mən hərəkətsiz dayanmışdım və gözümün qabağında baş
verənləri son dərəcə diqqət və maraqla izləyə bilmişdim. “İşə bax, – həmin faciəvi anlarda
düşünürdüm, – bütün bunlar İvan Matveiçin yox, mənim başıma gəlmiş olsaydı, çox
xoşagəlməz iş olardı, çox!” Mətləbdən uzaqlaşmayaq. Timsah əvvəlcə yazıq İvan Matveiçi öz
qorxunc dişlərində fırladıb, ayaqlarını özünə sarı çevirdi və öncə bu ayaqları uddu; sonra onun
çənəsindən qurtulmağa çalışaraq yeşikdən yapışan İvan Matveiçi, gövşək gətirirmiş kimi, bir
qədər geri buraxdı və yenidən öz içinə çəkdi. Bu dəfə onu qurşağacan uddu. Sonra bir az da
geriyə buraxıb bir daha, bir daha udqundu. Beləcə, İvan Matveiç gözümüz önündəcə yavaş-
yavaş yoxa çıxmağa başladı. Timsah son dəfə udqunaraq mənim təhsil görmüş, savadlı
dostumu yerli-dibli öz içinə çəkdi. Kənardan baxarkən timsahın qarnındakı İvan Matveiçin
bədən quruluşunun bütün incəliklərini görmək olardı. Mən yenidən bağırmağa hazırlaşırdım ki,
qəfildən taleyin acı istehzası ilə üzləşdik: yəqin, udduğu böyük olduğu üçün timsahın
boğazında qalmışdı. Timsah bir daha öz dəhşətli ağzını açdı və İvan Matveiçin başı bir
saniyəliyə yenidən göründü. Onun üzündə çıxılmazlıq ifadəsi həkk olunmuşdu. Gözlüyü
burnunun üstündən yeşiyin dibinə düşdü. Adama elə gəlirdi ki, bu bəlalı baş son dəfə ətrafa göz
gəzdirmək və bütün dünyəvi zövq-səfayla vidalaşmaq üçün boylanır. Ancaq onun arzusu
gözündə qaldı: timsah güc toplayıb yenidən udqundu və baş bu dəfə həmişəlik yox oldu. Bu
canlı insan başının görünüb yox olmaları çox müdhiş mənzərə idi, bununla belə, hadisələrin
tezliyindən və gözlənilməzliyindənmi, yoxsa gözlüyün sürüşüb düşməsindənmi burada o qədər
gülməli vəziyyət yarandı ki, mən özümü saxlaya bilməyib pıqqıldadım; ancaq birdən ayılıb,

110
   105   106   107   108   109   110   111   112   113   114   115