Page 114 - "Xəzər"
P. 114
Bu sözlərdə cavan, yaraşıqlı arvadın öz ərinin xiffətini çəkməsi ifadə olunurdu. Nəhayət,
onu evə gətirdim, sakitləşdirdim, onunla birgə nahar etdim və bir fincan ətirli qəhvə içdikdən
sonra saat altıda Timofey Semyonıçın yanına yollandım. Fikirləşirdim ki, bəzi ailəli iş adamları
bu saat evdə oturur, ya da uzanıb dincəlirlər.

Bu birinci fəsli haqqında danışdığımız hadisələrə uyğun səpkidə qələmə aldım, ancaq
oxucunu bu başdan xəbərdar edirəm ki, bundan sonra, yüksək üslub sayılmasa da, daha təbii yazı
tərzindən istifadə edəcəyəm.

II

Möhtərəm Timofey Semyonıç nəsə məni tələsik və sanki bir qədər pərişan görkəmdə
qarşıladı. Məni öz darısqal kabinetinə aparıb, qapını kip bağladı: “Uşaqlar mane olmasınlar”, –
aşkar narahatlıqla dedi. Sonra məni yazı masasının yanındakı stula əyləşdirdi, özü isə kresloya
oturdu və pambıq xalatının ətəklərini çəkərək, hər ehtimala qarşı xeyli rəsmi, hətta zabitəli
görkəm aldı. Ancaq nə mənim, nə də İvan Matveiçin müdiri deyildi, indiyə kimi, sadəcə, iş
yoldaşı, adi tanışımız sayılırdı.

– Hər şeydən öncə, – o, sözə başladı, – nəzərə alın ki, mən rəhbər deyiləm, siz və İvan
Matveiç kimi, rəhbərin əlinin altında işləyən adamam… Mən kənar adamam və heç nəyə
bulaşmaq niyyətində deyiləm.

Onun, bəlkə də, hər şeyi bildiyini görüb, təəccübləndim. Buna baxmayaraq, olub-bitənləri
bütün təfərrüatıyla ona yenidən danışdım. Bu zaman bir qədər həyəcanlandım da, çünki bu
dəqiqələrdə əsl dostluq borcunu yerinə yetirirdim.

Onun üzündə açıq-aşkar şübhə əlamətləri sezilirdi və dediklərim onu o qədər də
təəccübləndirmədi.

– Təsəvvür edirsinizmi, – o, dinlədikdən sonra dedi, – həmişə güman etmişəm ki, onun
başına belə bir iş gələcək.

– Necə yəni, Timofey Semyonıç, öz-özlüyündə bu, çox qeyri-adi hadisədir axı…
– Razıyam. Ancaq İvan Matveiç işlədiyi vaxtdan elə hey bu nəticəyə doğru gedirdi. Zirək
adamdır, bir az da təkəbbürlüdür. “Tərəqqi” deyib durur, müxtəlif ideyalar… Gör tərəqqi dediyin
hara gətirib çıxarır!
– Axı bu, çox qeyri-adi hadisədir, onu heç cür tərəqqipərvər insanların hamısına aid
etmək olmaz…
– Yox, orası elədir. Bu, bilirsinizmi, qədərindən də artıq təhsilli olmaqdan irəli gəlir,
inanın mənə. Çünki qədərindən artıq təhsil görmüş adamlar burunlarını hər yerə soxurlar,
xüsusən də, lazım olmayan yerlərə. Amma, bəlkə də, siz məndən çox bilirsiniz, – o, incik səslə
əlavə etdi, – mən elə də təhsilli adam deyiləm, özü də qocayam; əsgər uşağı olmuşam, artıq əlli
ildir ki, bu qulluqdayam.
– Yox, yox, Timofey Semyonıç, nə danışırsınız. Əksinə, İvan Matveiç sizin məsləhətinizi
gözləyir, ona yol göstərmənizi istəyir. Hətta, necə deyərlər, göz yaşlarıyla…
– “Necə deyərlər, göz yaşlarıyla”. Hm-m. Amma bu, timsahın göz yaşlarıdır, onlara
inanmaq olmaz. Bax, deyin görüm, onun xaricdə nə ölümü var? Hansı pulla gedirdi xaricə?
Pulu-parası da yoxdur axı?
– Qənaət etdiyi pullarla gedirdi, Timofey Semyonıç, sonuncu pul mükafatlarıyla. Cəmi
üç aylığına gedirdi. İsveçrəyə… Vilhelm Tellin vətəninə12.
– Vilhelm Tellin? Hm!
– Baharı Neapolda qarşılamaq niyyətindəydi. Muzeylərə baxmaq, adət-ənənəyə,
heyvanlara…

114
   109   110   111   112   113   114   115   116   117   118   119