Page 109 - "Xəzər"
P. 109
sahın bəlli yaşı, məlum görkəmi olan bir cənabı diri-diri udması və bundan sonra
cərəyan edən hadisələr haqqında gerçək hekayət.

Ohé Lambert! Où est Lambert? As-tu vu Lambert?1

I

Cari altmış beşinci ilin on üç yanvar günündə, günorta saat birin yarısında mənim
mədəni, təhsil görmüş dostum, həmkarım və uzaq qohumum İvan Matveiçin arvadı Yelena
İvanovna bəlli ödənişlə Pasajda nümayiş etdirilən timsaha baxmaq həvəsinə düşdü. Xaricə
yollanmaq üçün (xəstəlikdən daha çox maraq naminə) biletini cibində hazır saxlayan, demək ki,
artıq xidməti məzuniyyətdə sayılan və beləliklə, o səhər tamamilə boş-bekar olan İvan Matveiç,
arvadının bu qarşısıalınmaz istəyinə əngəl törətmədiyi bir yana, maraq onun özünə də dov
gəldi: “Gözəl fikirdir, – o razılıqla dedi. – Timsaha baxarıq! Avropaya getməyə hazırlaşarkən,
oranın yerliləri ilə tanış olmaq heç də pis olmazdı”, – bu sözlərlə o, arvadı ilə qol-qola verib,
dərhal Pasaja yollandı. Mən də adəti üzrə ailənin dostu qismində onlara qoşuldum. Hələ indiyə
kimi İvan Matveiçi belə xoş əhval-ruhiyyədə görməmişdim, yaddaşıma həkk olunmuş həmin
səhər onun çiçəyi çırtlamışdı. Doğrudan da, biz öz taleyimizi qabaqcadan görə bilmirik!..
Pasaja girər-girməz o, binanın dəbdəbəsinə heyran kəsildi, yenidən paytaxta gətirilmiş
yırtıcının nümayiş etdirildiyi mağazaya yaxınlaşdıqda isə irəli düşüb, timsahın baxıcısına
mənim əvəzimə də iyirmi beş qəpik ödədi. Əvvəllər o heç vaxt belə etməzdi. Kiçik otağa
girincə gördük ki, timsahdan savayı burada kakadu cinsindən olan tutuquşular, üstəlik, xüsusi
şkaflarda bir dəstə meymun da saxlanılır. Girişdə, sol divarın yanında isə möhkəm dəmir torla
örtülmüş, vannaya bənzər tənəkə qutu qoyulmuşdu, qutunun dibində bir gireh* (4,4 sm-lik
uzunluq ölçü vahidi – tərc.) qədərində su vardı. Bu dayaz gölməçədə kötük kimi tamamilə
hərəkətsiz bir timsah uzanmışdı. Görünür, bizim qonaq-qara sevməyən nəmli iqlimimizdə
heyini itirmişdi. Bu yırtıcı əvvəl-əvvəl heç birimizdə xüsusi maraq oyatmadı.

– Timsah dedikləri budur? – Yelena İvanovna sözləri uzada-uzada məyusluqla dedi, –
mən də elə bilirdim, o… nəsə başqa cür olur!

Çox güman ki, timsahın brilyantdan olduğunu düşünürmüş. Bizi görməyə çıxan alman –
timsahın yiyəsi son dərəcə qürurlu və təşəxxüslü görünürdü.

– Düz eləyir, – İvan Matveiç qulağıma pıçıldadı, – çünki bilir ki, indilərdə bütün
Rusiyada timsahı təkcə o göstərir.

Mən tamamilə bu cəfəng mülahizəni də başqa hallarda paxıllığını gizlədə bilməyən İvan
Matveiçin həddən ziyadə xoş əhval-ruhiyyəsinə bağlayıram.

– Mənə elə gəlir ki, sizin timsahınız canlı deyil, – sahibin ədalarından qıcıqlanan Yelena
İvanovna bu kobud insanı öz cızığına qaytarmaq üçün məlahətlə gülümsünərək üzünü ona
tutdu. Bu, qadınlar üçün çox səciyyəvi manevrdir.

– Yox, yox, madam, – o, sınıq-salxaq rus dilində cavab verdi və dərhal yeşiyin qapağını
yarıyacan qaldırıb, çubuqla timsahın başını dürtmələməyə başladı.

Onda məkrli yırtıcıda həyat əlamətləri göründü. Timsah pəncələrini və quyruğunu
yüngülcə tərpədərək başını qaldırdı və sürəkli fısıltıya bənzər səs çıxardı.

109
   104   105   106   107   108   109   110   111   112   113   114