Page 98 - "Xəzər"
P. 98
Cavan oğlan da çıxıb getdi, içəridə yalnız pendir-çörək tikələrini inadla,
səbrlə, ağıldan kəm oğlanın çıxardığı səsləri təkrarlaya-təkrarlaya, “sa-su-so” deyə-
deyə onun ağzına dürtən üzütüklü şikəst kişi qaldı. Ancaq şikəst kişinin
pəltəkliyində həmin qeyri-adi, gizli ritmdən əsər-əlamət yox idi. Ağzındakı tikələri
yavaş-yavaş çeynəyən oğlana baxdım. Divara söykənmiş qız da onlara tamaşa
edirdi. Əlindəki bardaqdan isti süd içir, hərdən də quru çörəkdən bir tikə qoparıb
ağzına qoyurdu. Ətrafa lal bir sükut çökmüşdü və hiss etdim ki, içimdə nəsə bir
qəzəb baş qaldırır.

– Pulunuzu alın! - Bu sözləri çox ucadan dedim və ayağa durdum.
Şikəst kişi soyuq, sualedici nəzərlərlə mənə tərəf baxanda, utancaqlığa
bənzər bir hiss keçirdim. Oğlan da mənə tərəf çevrildi, ancaq onun dalğın baxışları
yanımdan keçib uzaqlara yayıldı və qız bu sükutu pozdu:
– Onda işin olmasın, ata, mənə elə gəlir, Bernhard doyunca yeyib.
Pulu əlimdən alıb stolun altındakı boş siqar qutusuna atdı, tələsmədən qalığı
– qəpikləri şüşənin üstünə saydı və mən çaypulu verəndə də, sakitcə “Sağ olun!” –
dedi, əlindəki süd bardağını ağzına apardı. Hətta gündüzün gur işığında da gözəl
görünürdü və çıxıb getməişdən əvvəl bir anlığa tərəddüd etdim. İstəsəm saatlarla
burada oturub gözləyərdim. Arxamı onlara tərəf çevirib dayandım, sonra özümü
toplayıb sakitcə “Salamat qalın!” – deyərək iti addımlarla bayıra çıxdım.
Qapının ağzında iki ağ köynəkli oğlan qatlanmış bir şüarı açıb taxta
dayaqlara yapışdırmaq istəyirdilər. Küçələrə gül səpilmişdi və mən şüar tam
açılıncaya qədər dayanıb gözlədim, ağ kağızın üstünə qırmızı hərflərlə yazılmış
sözləri oxudum: “Ruhani atalarımıza eşq olsun!”
Siqaret yandırdım və pul tapmaq, axşama otaq tutmaq üçün yavaş-yavaş
şəhərə tərəf getdim.

MƏKTUB

Mixail Bulqakov
   93   94   95   96   97   98   99   100   101   102   103