Page 95 - "Xəzər"
P. 95
Bayırdan parkı tərk edən tramvay təkərlərinin xırçıltısı eşidilir, çirkli ağ
vaqonlar ilan kimi sürünə-sürünə pəncərənin önündən keçir, dayanır, təzədən
təpənir, müxtəlif tərəflərə dönür, xırçıltı səslərinin yeri dəyişir, kələf kimi çözələnib
gedirdi...

Qəhvəbişirən maşının içindəki su züm-zümə ilə qaynayır, oğlan da ucunda
bircə qat qırmızımtıl şirni qalmış taxta saplağı sorurdu.

– Qəhvə? – Qız piştaxtanın arxasından soruşdu. – Qəhvə istəyirsiniz?
– Bəli, lütfən... – tələsik dilləndim və qız, deyəsən, səsimin tonundan nəsə
hiss elədi, fincanı nəlbəkinin üstünə qoyub maşına tərəf itələyəndə, qəşəng sakit
sifətini mənə tərəf döndərib gülümsədi. Sonra ehtiyatla qəhvə qabının qapağını açıb,
qaşıq götürəndə, üyüdülmüş qəhvənin xoş ətri məni vurdu. O bir anlığa tərəddüd
edərək soruşdu:
– Neçə? Neçə fincan?
Tez cibimdəki pulları çıxarıb əskinasları sığalladım, qəpikləri ayırdım,
ciblərimi bir də yoxladım, sonra hamısını bir yerdə sayıb dedim:
– Üç... Üç fincan...
– Deməli, üç fincan, – qız yenə də gülümsədi və əlavə etdi: - Onda balaca
qəhvədanda verərəm. Ucuz düşər.
Qəhvəbişirənin nikelli siyirtməsinə dörd dolu çayqaşığı qəhvə tozu tökdü,
onu yerinə itələdi, kranın altındakı fincanı götürüb yerinə gəhvədan qoydu, sakitcə
kranları burdu, əvvəlcə fışıltı, sonra poqqultu eşidildi, buxar qalxdı və nəhayət, tünd
qəhvəyi rəngli maye qəhvədana damcıladı. Ürəyim yavaşca döyünməyə başladı.
Bəzən ölüm, adamın bu dünyadan o biri dünyaya köçəcəyi an barədə
düşünürəm və həmin saniyələrdə mənə bu dünyadan nə qalacağını təsəvvürümə
gətirirəm: arvadımın solğun sifəti, tövbə hücrəsindəki keşişin ağarmış qulağı,
liturgiyanın xoş ahənginə bələnmiş alaqaranlıq kilsələrdə bir neçə sakit dini ayin,
uşaqlarımın çəhrayı dərisi, damarlarımda dövr edən şnaps və bir də səhər yeməkləri.
Özü də bir neçəsi... Və indi qızın qəhvəbişirən maşının kranlarını necə işlətdiyini
görəndə bildim ki, o da qalacaq. Paltomun düymələrini açdım, papağımı boş
stullardan birinin üstünə qoydum.
– Mənə kökə də verə bilərsiniz? – deyə soruşdum. – Təzədirlər?
   90   91   92   93   94   95   96   97   98   99   100