Page 94 - "Xəzər"
P. 94
“Sabahınız xeyir”, – deyə ürəyimdən keçirdim: Ay bədbəxt! Elə indi yadıma
düşdü ki, bayaq olduğum kilsə “Məryəm Ananın yeddi dərdi”di və bu keşişin
tərcümeyi-halına da lap yaxşı bələdəm. Haqqında yaxşı bir şey danışmırdılar, elədiyi
moizələr heç kəsin xoşuna gəlmirdi, səsində pafos azdı, həm də xırıltılı idi.
Müharibədə heç bir igidlik göstərməmişdi, nə qəhrəman olmuşdu, nə də müqavimət
hərəkatının üzvü... Sinəsini orden-medal bəzəmirdi, əzabkeş də hesab olunmurdu,
hətta sənədlərində axşam yoxlamalarına gecikdiyi üçün nizam-intizam cəzası aldığı
da qeyd olunmuşdu. Lakin bunların hamısı bir qadınla qəribə münasibətinin yanında
heç nə idi. Düzdür, sonralar bilinmişdi ki, bu məhəbbət platonik imiş, ancaq bununla
belə “mənəvi zərifliyin” həddi idarədəkilərin xoşuna gəlməmişdi. O, “Məryəm
Ananın yeddi dərdi” kilsəsinin elə keşişlərindən idi ki, prelatın dediyi kimi, onlara
ya “müsbət iki”, ya da “mənfi üç” vermək olardı. Keşiş pərt olduğunu elə aydın
biruzə verdi ki, mən də pərt oldum. İkinci siqareti yandırdım, təzədən “Sabahınız
xeyir”, – dedim və o adi sifətə baxmaq istəmədim. Qara mantiyada günahsız, inamlı
görünən bu din xadimlərinin üzlərindəki o məsum inamsızlığı görəndə qəribə bir
hiss keçirirəm: onlara həm acığım tutur, həm də yazığım gəlir. Uşaqlarımla da belə
olur....

Keşiş əsəbi halda əlindəki iki marklıqla piştaxtanın üstündəki şüşənı
cingildədirdi. Qapı açılıb qız içəri girəndə, boğazından tutmuş yanaqlarına qədər
qızardı:

– Ah, – deyə tələsik dilləndi, – siqaret almağa gəlmişdim.
Onun qısa barmaqlarının kotletin yanından uzanaraq siqaretlərə necə
çatdığını, onlardan bir qutu götürdüyünü, pulu piştaxtanın üstünə atdığını, sonra da
güclə eşidiləcək bir tərzdə “Salamat qalın”, – deyərək tələsə-tələsə dükandan
çıxdığını müşahidə etdim.
Qız onun arxasınca baxaraq əlində gətirdiyi səbəti yerə qoydu və səbətin
içindəki təptəzə, sapsarı kökələri görəndə ağzım sulandı. Udqunub siqareti
söndürdüm, oturmağa yer axtardım. Tənəkə sobadan içəri kömür tüstsünə qarışmış
güclü bir istilik yayılırdı və mən hiss etdim ki, ürəyim azacıq bulanır, mədəm
qıcqırır.
   89   90   91   92   93   94   95   96   97   98   99