Page 86 - "Xəzər"
P. 86
ləsik kilsələrdən birinə salıram. Elə vaxt gedirəm ki, ibadət olmur və mən onda
Tanrının varlığından süzülən əbədi dincliyi bütün ruhumla duyuram.

Hərdən Frau Frankenin istək damarı tutur və bu da məni onun nifrətindən
daha çox qorxudur. Milad bayramında içəri girib, bizi qonaq otağına – kiçik şənliyə
dəvət etdi. Bir də onu gördüm ki, dəhlizdəyik və sanki böyük bir güzgünün
dərinliyinə tərəf gedirik: qabaqda Klemenslə Karl, sonra Fred... Mən isə qucağımda
körpə lap axırda gedirəm. Elə bil güzgünün dərinliyində idik və mən hamımızı
gördüm: bizim çox kasıb görkəmimiz vardı.

Otuz ildən bəri dəyişməyən qonaq otağında özümə çox yad göründüm, sanki
başqa bir aləmə düşmüşdüm, öz yerimdə deyildim: bizlər belə mebelə, belə şəkillərə
yaraşmırdıq, üstünə belə bahalı süfrə salınmış stolun arxasında oturmağa layiq
deyildik. Müharibədən əvvəlki dövrlərdən qalmış oyuncaqları yolkanın üstündə
görəndə qorxudan ürəyim dayandı: sayrışan mavi, qızılı rəngli şarlar, şüşədən
düzəldilmiş balaca mələklərin saçları, gözləri... sabundan yonulmuş körpə İsa
çəhrayı rəngli beşiyində... Gipsdən tökülmüş “İnsanlara sülh” sözlərinin altında
şirin-şirin gülümsəyən Məryəm ilə Yusifin gözqamaşdıran şəkilləri... Qulluqçu
qadın bu mebelin üstündə hər həftə səkkiz saat qan-tər axıdır, hər saatına əllicə
pfenniq alır, özü də “Analar Birliyi”nin üzvüdür... Bu ifrat təmizlik məni yaman
qorxudur. Cənab Franke bir küncdə oturub qəlyan çəkir. Kişinin sümüklü vücudu
getdikcə ətlənməyə başlayır və mən tez-tez onun pilləkənləri necə ağır addımlarla
qalxdığını, tövşüyə-tövşüyə bizim qapının ağzından keçib dəhlizlə getdiyini
eşidirəm.

Uşaqlar nadir hallarda görə bildikləri belə mebeldən qorxurlar və üstünə dəri
üzlük çəkilmiş stullarda çəkinə-çəkinə otururlar. Elə qorxurlar, elə sakit otururlar ki,
az qalıram ağlayam.

Onlar üçün boşqab qoyulmuşdu və təbii ki, yanlarına da hədiyyələri: corab
və məlum məsələdir ki, otuz beş ildən bəri milad bayramlarında Frankelər ailəsi
üçün səciyyəvi olan donuz şəklində düzəldilmiş yığım kassaları...

Fred qaşqabağını tökmüşdü və görürdüm ki, gəldiyinə peşimandır.
Pəncərəaltına söykənmişdi və cibindən əzik-üzük bir saqaret çıxarıb, onu yavaş-
yavaş baramaqları arasında şümalladı, sonra da yandırdı.
   81   82   83   84   85   86   87   88   89   90   91