Page 74 - "Xəzər"
P. 74
– Skripkada, – deyə, təkrar edərək nəzərlərini harasa uzaqlara yönəldib fikrə
getdi. Sonra birdən dedi:

– Deməli, biz hərdən ikilikdə çala bilərik. Mən müşayiət etməyi
xoşlayıram... və burda nə vaxtsa belə bir adam tapsaydım, çox xoş olardı... Siz
gələcəksiniz?

– Böyük məmnuniyyətlə, xanım, daim sizin qulluğunuzdayam, – deyə, hələ
də yuxu görürmüş kimi cavab verdi.

Ortaya sükut çökdü. Qəflətən qadının üzündə nəsə dəyişdi. O zorla sezilən,
amma çox qəddar bir kinayədən dəyişən üz cizgilərini aydın gördü – ona sınayıcı
nəzərlərlə və qətiyyətlə baxan bəbəkləri yırtıcı heyvanınkı kimi yığıldı; artıq iki dəfə
bunun şahidi olmuşdu. Fridemanın üzü qızardı və özünü tamam itirdi, çaşqın,
köməksiz halda boynunu qısıb gözlərini xalıya zillədi. Və yenə az qala huşunu
başından çıxaran, həmin o ağrılı-şirinli qəzəb hissi qısa bir titrətmə kimi ani olaraq
içini dəlib keçdi.

Və çarəsizlikdən doğan bir qətiyyətlə gözlərini qaldırıb qadına baxanda onun
nəzərləri artıq tamam başqa yerdə dolaşır, arxasındakı qapıda gəzirdi. Özünü məcbur
etdi ki, bir neçə söz desin:

– Xanım, bizim şəhərə gəlişinizdən məmnunsunuzmu?

– O... – deyə xanım fon Rinnlingen saymazyana dilləndi. – Niyə məmnun
olmayım ki?.. Düzdür, hamı sənə göz qoyanda adam bir balaca sıxılır, amma... Hə,
yeri gəlmişkən, – sözünə davam etdi, – nə qədər ki, unutmamışam: biz bu yaxınlarda
öz evimizdə xudmani bir məclis düzəltmək fikrindəyik, tamamilə sadə,
təmtəraqsız... bir az musiqi, bir az söhbət, vəssalam... Evimizin arxasında gözəl bir
bağımız var, düz çaya kimi uzanır. Beləliklə, sizə və xanımlarınıza təbii ki,
dəvətnamə yollayacaqlar, amma şəxsən sizin özünüzdən qabaqcadan xahiş edirəm,
həmin bayram şənliyimizdə mütləq iştirak edəsiniz. Ümidvaram ki, gələcəksiniz,
eləmi?

Cənab Frideman öz təşəkkürünü yenicə bildirmişdi ki, qapının dəstəyini
kimsə cəld bir hərəkətlə basdı və podpolkovnik içəri girdi. Cənab Frideman qalxdı
   69   70   71   72   73   74   75   76   77   78   79