Page 70 - "Xəzər"
P. 70
ə səsləndi. Yenə özüylə yanaşı xanım fon Rinnlingeni, onun lojanın qırmızı
məxməri üstündə ağaran əlini gördü və qızdırmalıymış kimi ağır, dərin bir yuxuya
getdi.

Neçə dəfə az qaldı ki, oyansın, amma qorxurdu bundan və yenə yatmağa
çalışırdı. Hava tam işıqlaşanda gözlərini açdı və ətrafına xiffətli baxışlarla göz
gəzdirdi. Yaddaşında hər şey təzə idi, elə bil gördüyü yuxu da onun əzablarını
unutdurmamışdı.

Başının içi uğuldayır, gözləri alışıb yanırdı, lakin əl-üzünü yuyandan, alnına
odekolon çəkəndən sonra bir az babatlaşıb sakitcə pəncərə qabağındakı yerinə
qayıtdı. Gün yenicə başlanırdı. Saat beşə yaxın idi. Küçədə arabir çörəkxanadan
gələn oğlanlar görünürdü, başqa kimsə yox idi. Üzbəüzdəki pəncərələrin jalüzlərini
hələ açmamışdılar. Lakin quşlar artıq cəh-cəh vurmaqlarındaydı və göyün üzü aydın
idi – gözəl bir bazar səhəriydi!

Yenə adət etdiyi hüzur və rahatlıq içindəydi. Axı nədən çəkinirdi? Nə dəyişib
ki? Dünən xəstəliyinin ağır fəsadıyla üzləşmişdi, olsun, amma buna son qoymaq olar
axı! Nə qədər gec deyil, nə qədər ki, hələ müqavimət göstərmək gücü qalıb, bu
kabusa sinə gərmək gərəkdir! Bircə yeni tutmalara səbəb ola biləcək şeylərdən
qaçmaq lazımdır, buna güc tapacaq... Bu mərəzə son qoymağa güc tapacaq!

Saat səkkizin yarısını vurdu, Friderika içəri girib əlində gətirdiyi səhər
qəlyanaltısını və qəhvəni arxa divara söykənmiş dəri üzlü divanın qabağındakı girdə
masanın üstünə qoydu.

– Sabahın xeyir, İohannes, bu da səhər yeməyin.

– Çox sağ ol, – cənab Frideman cavab verdi. Və bir qədər ləngiyib sözünə
davam etdi: – Əzizim Friderika, çox təəssüflənirəm, amma siz ziyarətə mənsiz
getməli olacaqsınız. Özümü yaxşı hiss etmirəm, sizinlə gedə bilməyəcəyəm. Çox pis
yatmışam, indi də başım ağrıyır, xahiş edirəm...

– Çox təəssüf! Sən bundan boyun qaçırmalı deyildin... baxmayaraq ki,
doğrudan xəstə görkəmin var. İstəyirsənsə miqren dərmanı gətirim?

– Təşəkkür edirəm, – cənab Frideman dedi. – Belə də keçəcək.
   65   66   67   68   69   70   71   72   73   74   75