Page 220 - "Xəzər"
P. 220
Mən hey yuxarı qalxırdım, Davisito, nəhayət, sonuncu pilləkən
meydançasına çatdım. Həyatımda indicə mühüm nəsə baş verəcəyini hiss eləyib,
yuxarı qalxandan ilk dəfə indiki suallara, müəmmalara cavab axtardım və uşaq
ağlımda kimsə mənə pıçıldadı: “Yaxındadı, yaxındadı, yaxındadı!” Onda atamın
studiyasına açılan qapını gördüm və yenə uşağa döndüm, öz oyunlarımı,
əyləncələrimi, məhz bu pilləkən meydançasının oyun yerim olduğunu xatırladım.
Bir də onu xatırladım ki, barmaqlarımın ucuna qalxıb açar deşiyindən atamın
studiyada necə işləməyinə baxırdım. Yavaşca qapıya yaxınlaşdım, Davisito, böyük
adam kimi yox, uşaq kimi, əyilib baxdım və indi studiyada olanı yox, tavandakı iri
pəncərənin altında əlində fırça tutmuş atamı, divarlarda isə çoxlu şəkillər, eskizlər,
kiçik gips heykəllər və bir neçə qravyura gördüm. Davisito, bu vaxt ürəyim çırpındı,
başa düşdüm ki, bu xatirə artıq yaşanmış hadisə haqqındadı, çünki birdən damdakı
pəncərə kölgələndi və ordan Robinetin üzü – şəkildə olduğu kimi sulanmış gözləri,
dolu dodaqları göründü. Bütün qonaqlar damdakı pəncərədən girirlərmiş kimi atam
onun gəlişinə təəccüblənmədi, yalnızca dedi: “Quoi de bon?”1(“Necəsən?”(fran.)
Robinet cavab vermədi. O, diqqətlə, maraqla atama baxırdı və birdən əlini cibindən
çıxardı. Güllə açıldı, atam yıxıldı, gözümə tüstü doldu və bu vaxt başa düşdüm ki,
bərkdən ağlayıram, başqa səslər, qışqırıqlar isə pilləkənlə qalxırdı. Onlardan biri
anamın səsiydi, cavan anamın, Davisito, məni qucaqlayıb hədəqəsindən çıxmış
gözlərini üzümdən çəkmədən ağlaya-ağlaya deyirdi: “Mənim mələyim, bunlar axı
sənin başına niyə gəlməliydi?!”

Açar yerindən aralananda böyrəklərim bərk sancdı, Davisito və başa düşdüm
ki, anam orda yoxdu, mənsə varam və göz yaşlarım axmadan mənim fəryadım öz
içimdə dolaşırdı, Davisito, mən artıq uşaq deyildim, kişiydim, şüurum artıq
oyanmışdı və aşağı enəndə dizlərim taqətdən düşdüyünə görə pilləkəndə oturdum,
buna baxmayaraq içim, xeyli əziyyətdən, xeyli cəhddən sonra axır ki, krossvorddakı
sonuncu sözü tapan adamların keçirdiyi xoş duyğularla dolmuşdu.

XXIII
   215   216   217   218   219   220   221   222   223   224   225