Page 219 - "Xəzər"
P. 219
O, pilləkənlərlə qalxanda nə hisslər keçirdiyimi və həmin qəribə
metamorfozanın necə başladığını bilmirəm sənə çatdırmağı bacaracağammı,
Davisito. Pilləkənlə qalxanda unudulmuş fikirlər və hisslər qəfil oyanmağa başladı.
Və bu vaxt ikinci mərtəbədə qapı açılıb, cingiltili narazı səs eşidildi: “Madame
Louvois, le courrier!” 1(“Madam Luvua, poçt!”(fran.) Fransız dilini bilməyə-
bilməyə bunun madam Turas olduğunu, madam Luvuanın ona axşam poçtunu
gətirməsini istədiyini başa düşdüm. Bu andan divarlar, məhəccər, qapılar, qapıların
üstündəki lövhələr yad, laqeyd olmaqdan qurtarıb doğmalaşdı. Öz-özümə dedim:
“İlahi, sanki bütün bu illər olmayıb”. Pillələrin cırıltısını eşitdim və ürəyim bir neçə
saniyəliyə dayandı, Davisito, çünki bu səs mənim qulağımda, demək olar, insan
iniltisi kimi əks-səda verdi. Mən yenə ehtiramla pillələrə ayaq basdım və səni
inandırım ki, məhz bu cırıltı içimdə hər şeyi çevirdi, o andan mən artıq iyirmi beş il
əvvəl öz arzu və duyğularının arxasınca pilləkəni iməkləyə-iməkləyə qalxan uşağa
dönmüşdüm.

Dördüncü mərtəbənin qapısında hiss elədim ki, onun arxasında – anam, qarşı
mənzildə isə müsyö Ksifredi və elə dünən onunla görüşmüş kimi müsyö Ksifrenin
düzgün üz cizgilərini, məğrurluğunu xatırladım. Anamın yaxınlığı o qədər gerçəkdi
ki, onun nəvazişinin, mehribançılığının istisi ürəyimə yayıldı və gözlərində zorla
sezilən kədərə baxmayaraq təsəvvürümdə onu yenə gənc, gözəl, vüqarlı gördüm.
Bütün bunlar möcüzəyə oxşayırdı, Davisito, hətta bunları təsəvvürümdə bəzəməyə
çalışmırdım, onların özü təfərrüatlarına, xırda detallarına kimi dalğa-dalğa axıb üzə
çıxırdılar. Hər pillə mənə təzə nəsə deyirdi, qəlbimin dərinliyində yatmış xatirələri
oyadırdı və mən uşaqlığımdan bir yığın kövrək əhvalatı xatirimə salan divardakı
çatın, döşəmədəki yarığın qarşısında heyranlıqla dayanırdım.

Mən onda həyəcanlanmamışdım. Sənə sözün düzünü deyirəm, Davisito.
Qayıtma çox zərif oldu, sanki hər şeyi təzədən başlayırdın, mənsə özümü xəstə,
iztirablı adam kimi hiss eləmirdim, mənəvi və fiziki cəhətdən sağlam dördyaşlı uşaq
kimi hiss eləyirdim. Xatirələr indicə yaşanmış kimi çox aydın, çox yaxın idilər,
ancaq etiraf eləyim ki, heyrətlənmiş uşağın gözləri önündə bir-birini əvəz eləyən
şəkillər kimi rabitəsiz, nizamsızıydılar.
   214   215   216   217   218   219   220   221   222   223   224