Page 215 - "Xəzər"
P. 215
Biz içəri keçdik, Aurita hörmə kresloda oturdu, qarı isə bizə dostcasına,
ancaq küt nəzərlərlə baxırdı və Auritanın söz tapmağa çalışmasına tamaşa eləmək
mənə gülməli gəldi; ancaq axırdan-axıra qarı bizim nə istədiyimizi başa düşdü, onun
isə ispan olub-olmadığımızı soruşmasını mən başa düşdüm, bu da məni əməllicə
ruhlandırdı.

Səliqəli qarı bizə küçəyə baxan iki eyvanı, iri dəmir çarpayı, şkaf, iki yumşaq
kreslo, qalanmamış soba və rəngi bozarmış enli şirmanın arxasında əlüzyuyan olan
otaq göstərdi. Eyvandan I Albertin kabusu altında sevişən cütlük görünürdü və qarı
bizi çağıranda mən onlara baxırdım. Qarının arxasıyla koridora çıxdıq və o, qapını
aralayıb dedi:

–Voici la salle de bain.3(Bu da vanna otağı.)

Sakitcə Auritadan soruşdum: “Nə?” O pıçıldadı: “Vanna otağı”. Biz içəri
girəndə vanna otağının brezentlə örtüldüyünə təəccübləndim və balaca taxta stulun
qabaq tərəfinin çat olması adama pis təsir bağışlayırdı, elə bil pəzəvəng
kirayənişinlərdən biri bu stulda oturmuşdu. Səliqəli qarı mənə sarı dönüb dedi:

–Saures-vous retrouver votre chambre?4(Siz öz otağınızı tapa biləcəksiniz?)

Başa düşmədiyimə görə karıxıb cavab verdim:

–Je ne comprend pas, madame. 5(Mən başa düşmürəm, madam.)

Ancaq Aurita tez cavab verdi:

–Qui, qui, madame. 6(Hə, hə, madam.)

Qarı bizi ikilikdə qoyub çıxdı və Aurita vanna otağına göz gəzdirib dedi:
“Mən bu evdən qorxuram”. Bu an vannada nəsə dəhşətli səslə yuxarı atıldı, brezentın
bir tərəfi qabardı və Aurita qışqırıb titrəyə-titrəyə ağlayaraq sinəmə sığındı. Mən isə
bütün kişilər kimi qorxumu biruzə vermədim, ancaq brezentin yırtığından pişiyin
başı görsənənə qədər sakitləşə bilmədim və boğuq səslə dedim:

–Səfeh! Bu ki adicə pişikdi.

Aurita göz yaşlarını silərək bərkdən güldü, mənsə fikirləşdim ki, bu cür
sarsıntılar bizim körpəyə heç də fayda gətirməz.
   210   211   212   213   214   215   216   217   218   219   220