Page 156 - "Xəzər"
P. 156
Yaguçi kimi güclü bir qadının mənə “bir köynək böyük olduğunu” Moritaya
izah etməyə çalışdım. O isə mənalı-mənalı gülümsəyərək dedi: “Lap yaxşı!
Doğrudanmı, sənə məhz belə bir qadının lazım olduğunu hələ də başa düşməmisən?”

Morita haqlı idi. Bu söhbətdən sonra Yaguçi Yokoya evlənmə təklif etməyə
qərar verdim.

Yadımdadır, evlənmə təklifini belə etmişdim: “Müharibəni uduzacağımız,
demək olar ki, məlumdur. Əgər yüz milyonun ölümü baş verəcəksə, deməli,
hamımız öləcəyik. Ölməmişdən əvvəl evlənməyin dadını bilməyə nə deyirsən?”

Cavabı belə oldu ki, mənim bu təklifim haqqında düşünəcək. Mənsə onun
arzuladığım qərarı verməsinə kömək etmək üçün yaxın dostlarımdan birindən
vasitəçi olmasını xahiş etdim. Xeyli gözləsəm də, ondan cavab gəlmirdi. Əvvəlcə
soyuqqanlı olmağa çalışırdım. Amma axırda dözə bilməyib yanına getdim və
soruşdum: “Hə, yoxsa xeyr?”. Bu lap 1992-ci ildə Sinqapura gedib işğalçı
qüvvələrdən təslim olmalarını tələb edən general Yamaşita Tomoyukinin hərəkətinə
bənzəyirdi.

Məni əmin etdi ki, ən qısa vaxtda cavabını qətiləşdirəcək. Amma növbəti
görüşümüzdə mənə bir yığın məktub gətirdi. Xahiş etdi ki, bu məktubları oxuyum.
Sonra da əlavə etdi: “Mən belə bir insanla evlənə bilmərəm!” Məktublara baxdıqda
nə görsəm yaxşıdır? Onların hamısını xanım Yaguçi ilə aramızda vasitəçi olmağı
xahiş etdiyim dostum yazmışdı. Məktubları oxuduqda isə gözlərimə inana bilmədim,
az qalmışdı ki, dəli olam! Onların hamısı haqqımda iftiralarla dolu idi. Bu iftiralar
istedadla uydurulmuş və qələmə alınmışdı.

Məktublarda dostumun mənə qarşı aydın sezilən nifrətindən sarsılmışdım.
Başqa cür ola da bilməzdi: qaş düzəltmək üçün vasitəçilik etməsini umduğum
dostum bunun əvəzində göz çıxarmaq üçün nələrə əl atmamışdı! Bir tərəfdən gizlicə
bu məktubları yazıb, digər tərəfdən də mənimlə birgə Yaguçinin evinə gedərək, mən
Yaguçini yola gətirməkdən ötrü əlimdən gələni etməyə çalışanda, o da mənə kömək
etməyə çalışdığını göstərmək üçün dəridən-qabıqdan çıxırdı.
   151   152   153   154   155   156   157   158   159   160   161