Page 154 - "Xəzər"
P. 154
Huguçi İçiyo (1872-1896), Kunikida Doppo (1871-1908) və Natsume Soseki
(1867-1916) kimi yapon yazıçılarının və rus yazıçı İvan Turgenevin əsərlərini ilk
dəfə məhz bu yolda oxuduğumu yaxşı xatırlayıram. Oxuduğum kitabların bəzilərini
qardaşımdan və bacılarımdan əldə edir, bəzilərini isə məktəbə gəlib-gedəndə özüm
alırdım. Başa düşüb-düşməməyimdən asılı olmayaraq, əlimə keçən hər bir kitabı
gözümə təpirdim.

Bu həyatımın o illəri idi ki, hələ insanları yaxşı tanımırdım, amma təbiətlə
bağlı yazılan mətnləri xüsusi maraqla və aydın dərk edərək oxuya bilirdim.
Turgenevin “Görüş” adlı kitabının ilk səhifələrindəki təbiət təsvirlərini dəfələrlə
oxumuşdum. “Mövsümləri meşələrdəki ağac səslərindən daha yaxşı heç nə tərif edə
bilməz”.

Təbiət təsvirlərini oxuyub dərk edə bildiyim üçün onlar məndə dərin izlər
buraxırdılar. Sonralar bu təəssüratlar altında bir kompozisiya hazırlamışdım.
Qrammatika müəllimim Ohara Yoçi bu mətni oxuyub onu Keika məktəbi açılandan
bəri yazılmış ən gözəl yazı adlandıraraq xeyli tərifləmişdi. İndi həmin yazını
oxuyanda o yaşda nə qədər iddialı olduğumu aydın görürəm və nə gizlədim, bu, məni
bir az utandırır da.

Bu gün geri dönüb öz keçmişimə nəzər salanda qırmızı kərpicli uzun divar
haqqında indiyədək bir cümlə də olsa yazmadığıma təəccüblənirəm. Qışda məni
qardan və yağışdan qoruyan, yayda isə günəş şüalarını əks etdirdiyi üçün o ki var
tərlədən həmin divar barədə niyə bu günədək bircə dəfə də olsun yazmamışam?!

İndi isə istəsəm də yaza bilmərəm. Böyük Kanto zəlzələsi onu darmadağın
elədi, bircə kərpici belə, salamat qalmadı...

Evlənmək
   149   150   151   152   153   154   155   156   157   158   159