Page 71 - "Xəzər"
P. 71
er Keri 1988-ci ildə “Oskar və Lüsinda”, 2001-ci ildə isə “Kellinin quldur dəstəsinin gerçək hekayəti”
romanına görə Buker mükafatına layiq görülür. O, bu mükafata iki dəfə layiq görülən azsaylı
yazıçılardandır. Uzun illərdir, tənqidçilər Kerinin ədəbi istedadının müxtəlif aspektlərini göylərə qaldırır,
tarixçilər onun romanlarında qeyri-dəqiqlik axtarır, oxucular isə romanlarını məmnuniyyətlə oxuyurlar.
Tənqidçilər Kerinin yaradıcılığını Kurt Vonnequt-oğul, Qabriel Qarsia Markes və Xorxe Luis Borxesin
əsərlərilə müqayisə edirlər. On səkkiz kitabın müəllifi olan Kerinin əsərləri dünyanın 24 dilinə tərcümə
edilib. 2010-cu ildə onun adına “Avstraliyanın əfsanələri” seriyasından iki poçt markası buraxılıb.

Müsahibə

“Mən uydurmağı sevirəm”

Ben İvans: Karyeranızın bu mərhələsində romançı kimi hələ də inkişaf etdiyinizi düşünürsünüzmü? On
bir roman və çoxsaylı mükafatlardan sonra insan hələ də öyrənməyə davam edə bilərmi?

Piter Keri: Heç vaxt məni böyüdəcəyinə inanmadığım bir romana başlamamışam. Məsələn, hal-hazırda
iki səsli bir roman üzərində çalışıram. Onlardan biri 2010-cu ildə Londonda yaşayan bir qadın, digəri
1854-cü ildə Almaniyanın Furtvangen şəhərində yaşayan bir kişidir. Bir-birləri ilə heç vaxt
görüşməyəcəklər. Bir-birlərinə aşiq olmayacaqlar. Aydındır ki, buna nail olmaq qeyri-mümkündür, lakin
bu gün necə edəcəyimi bilmədiyim bir işdən mükəmməl nəticələr alıram.

B.İ.: Yazıçılar yaşa dolduqca daha çox əsər yaratmağa can atırlarmı?

P.K.: Əlbəttə, yazmağa daha çox vaxt sərf edirəm. Məncə, bu, yaşımla (67) və ölməmişdən, yaxud
beynim dayanmamışdan əvvəl nə qədər kitab yazacağımla bağlı düşüncələrlə əlaqədardır.

Digər tərəfdən, indi oğullarımdan birinin 20, digərinin 24 yaşı var. Uşaqlar üçün yemək bişirmək, onları
məktəbdən gətirmək lazım deyil. Odur ki, bəli, daha çox yazıram. Boş vaxtımı başqa necə doldura
bilərəm?

B.İ.: Oxucuların azalmasından əziyyət çəkən Amerika bədii nəsrinin keyfiyyəti haqda nə düşünürsünüz?

P.K.: “Azadlıq”ı yenicə oxuyub bitirmişəm. Çox gözəl kitabdır və Franzen böyük yazıçıdır. Bunu nə
dəlicəsinə qısqanclıq, nə də bədii nəsr bazarının zəifləməsi yox edə bilməz.

B.İ.: “Kelli dəstəsinin gerçək hekayəti” və ya “Tutuquşu və Olivye Amerikada” əsərlərində olduğu kimi,
romanlara tarixi çərçivədən yaxınlaşmaq daha asandır, yaxud “Tristan Smitin qeyri-adi həyatı” kimi hər
şeyin sıfırdan yaradıldığı bir kitabı yazmaq daha çətindir?

P.K.: Tarixdən istifadə etməyin müsbət cəhəti budur ki, insana kəşflər üçün misilsiz azadlıq verir.
Əlbəttə, tədqiqat zəruridir, lakin heç kim romanı artıq hər kəsin bildiklərini dramatik şəkildə təsvir etmək
üçün yazmır. Mən keçmişə bu günü işıqlandırmaq, həm də qeyri-adi cəfəngiyat uydurmaq üçün müraciət
edirəm. Tədqiqatdan istifadə etməyimin çox səbəbi var, lakin onlardan biri bu qeyri-adi cəfəngiyatı
gülləkeçirməz etməkdir. “Oskar və Lüsinda” haqqında (Conaton Miller tərəfindən) deyilmiş ən gözəl söz
budur: “Bu, bir növ keçmişin elmi fantastikasıdır”. Bəli, sıfırdan uydurulmuş dünya müəyyən dərəcədə
çətinliklər yaradır. Şekspir bu dünyada yaşayıbmı? İnsanlar əvvəllər hansı dildə danışırdılar? Uydurulmuş
hekayətlər onların dilində necə səslənirdi? Orada hansı ağaclar və kollar bitirdi? Bu bitkilərin adı nədir və
necə görünürlər? Və sairə və ilaxır.

71
   66   67   68   69   70   71   72   73   74   75   76