Page 119 - "Xəzər"
P. 119
– Qoca düz deyir, – İvan Matveiç adətən mənimlə danışarkən olduğu kimi sərt səslə dedi.
– Praktik adamlardan xoşum gəlir, ağzıboş mızılardan isə zəhləm gedir. Ancaq etiraf etməliyəm
ki, sənin ezamiyyə ilə bağlı fikirlərin o qədər də mənasız deyil. Doğrudan da, həm elmi, həm də
mənəvi baxımdan çox məlumatlar verə bilərəm. Ancaq indi hər şey yeni və gözlənilməz şəkil alır
və təkcə məvacib barədə düşünmək olmaz. Diqqətlə qulaq as. Sən oturursan?

– Yox, ayaq üstəyəm.
– Harasa əyləş, lap döşəmədə də otura bilərsən, diqqətlə qulaq as.
Hirslə stul götürüb, onu taqqıltıyla döşəməyə qoydum.
– Qulaq as! – o, amiranə səslə danışmağa başladı, – bu gün buraya gələnlərin ardı-arası
kəsilmirdi. Axşama yaxın artıq yer tapılmırdı, belə ki, nizam-intizam yaratmaq üçün polis gəldi.
Qazandığı pulları saymaq və sabaha daha yaxşı hazırlaşmaq üçün sahib mağazanı saat səkkizdə,
yəni həmişəkindən tez bağlamağı, tamaşanı yarımçıq kəsməyi lazım bildi. Bilirəm ki, sabah
burada bütöv bir yarmarka toplaşacaq. Beləliklə, yəqin ki, paytaxtın ən elmli adamları, kübar
cəmiyyətin xanımları, əcnəbi elçilər, hüquqşünaslar və başqaları da gələcəklər. Hələ bu harasıdır:
bizim geniş və hər şeylə maraqlanan imperiyamızın çeşidli əyalətlərindən də tökülüşüb
gələcəklər. Nəticədə, hamının gözü önündə olacağam, aşkarda olmasam da, birincilik məndə
olacaq. Avara kütlənin başına ağıl qoymağa başlayacağam. Öz təcrübəmə istinadən özümü
taleyin qarşısında böyüklük və təvazö nümunəsi kimi təqdim edəcəyəm! Necə deyim, kafedra
olub bəşəriyyətə öyüd-nəsihət verəcəyəm. Təkcə qarnında məskunlaşdığım yırtıcı haqqında
verəcəyim elmi məlumatlar nəyə desən dəyər. Ona görə də, az əvvəl baş vermiş hadisəyə görə
narazı deyiləm, əksinə, qəti əminəm ki, bunun sayəsində çox gözəl karyera quracağam.
– Bezməyəcəksən ki? – hirslə dedim.
Ən çox acığıma gələn o idi ki, artıq şəxs əvəzliklərindən, demək olar, istifadə etmirdi – o
dərəcədə təkəbbürlü idi. Əməlli-başlı karıxmışdım. “Bu yüngülməzac adam niyə belə sırtıqlıq
eləyir? – dişim bağırsağımı kəsirdi. – Burada ağlamaq lazımdır, naz satmaq yox”.
– Yox! – o, mənim sözlərimə sərt cavab verdi. – Çünki başımda böyük ideyalar dolub-
daşır, indiki asudə vaxtımda bütün bəşəriyyəti ağ günə çıxarmaq barədə rahatca düşünə bilərəm.
Artıq timsahdan həqiqət nur saçacaq. Mütləq özümün yeni iqtisadi münasibətlər nəzəriyyəmi
irəli sürəcək və bununla fəxr edəcəyəm. İndiyə kimi işdən və bayağı əyləncələrdən başım
açılmadığına görə bunları edə bilmirdim. Hər şeyi yalana çıxaracaq, yeni Furye olacağam.14
Yeri gəlmişkən, yeddi manatı Timofey Semyonıça verdinmi?
– Cibimdən verdim, – onun borcunu öz pulumdan ödədiyimi səsimlə ifadə eləməyə
çalışdım.
– Hesablaşarıq, – o, təşəxxüslə cavab verdi. – Maaşım mütləq artırılmalıdır. Mənim
maaşımı da artırmayıb, kiminkini artıracaqlar? Məndən çox xeyir götürə bilərlər. Yaxşı, iş
barədə danışaq. Arvad necədir?
–Yəqin ki, Yelena İvanovnanı soruşursan?
– Arvad?! – o bu dəfə lap ciyiltili səslə çığırdı.
Əlacım kəsildi! Təmkinlə, amma yenə də dişim bağırsağımı kəsə-kəsə Yelena İvanovnanı
harada qoyduğumu ona dedim. O heç sözümü sonacan dinləmədi.
– Onunla bağlı xüsusi planlarım var, – səbirsizliklə dedi, – əgər mən burda
məşhurlaşacağamsa, onun da orda məşhurlaşmasını istəyirəm. Alimlər, şairlər, filosoflar, gəlmə
mineraloqlar, dövlət adamları səhərlər mənimlə söhbət etdikdən sonra onun salonuna baş
çəkəcəklər. Gələn həftədən başlayaraq, o, hər axşam salon təşkil etməlidir. Maaşımın ikiqat
artırılması qonaqları qəbul etməyə imkan yaradacaq, qəbul zamanı yalnız çay veriləcək və
muzdlu lakeylər qulluq elyəcəklər, beləcə, hər şey yoluna düşəcək. Burda da, orda da məndən
danışacaqlar. Hamının məndən danışacağı günü çoxdan gözləyirdim, ancaq məhdud imkanlar və
rütbəmin aşağı olması əl-qol açmağa qoymurdu. İndi bunların hamısı timsahın ən adi udma
hərəkətilə əldə edilib. Artıq mənim dediklərimə qulaq kəsiləcəklər, hər sözüm götür-qoy
edilərək, çap olunacaq, adamlar bir-birinə ötürəcəklər. Mən sözümü deyəcəyəm! İnsanlar
yırtıcının qarnında necə bir istedadı itirdiklərini, nəhayət, başa düşəcəklər. Bəziləri “Bu adam
xaricdə nazir işləyə, krallıq idarə eləyə bilərmiş”, bəziləri də: “Nə təhər olub ki, bu adam xaricdə

119
   114   115   116   117   118   119   120   121   122   123   124