Page 118 - "Xəzər"
P. 118
– Mütləq, – cavab verdim, – öyrənən kimi gəlib sizə deyəcəyəm.
– Onun arvadı… indi təkdirmi? Darıxmır ki?
– Ona baş çəkərsinizmi, Timofey Semyonıç?
– Baş çəkərəm. Çoxdan vardı fikrimdə, lap yerinə düşdü… Niyə axı, timsaha baxmaq
onun nəyinə lazımdı? Amma, burası da var ki, elə mən özüm də baxmaq istərdim.
– O bədbəxti də yoluxardınız, Timofey Semyonıç.
– Yoluxaram. Əlbəttə, bu addımı atmaqla onu ümidləndirmək istəmirəm. Mən oraya fərdi
qaydada gedəcəyəm… Yaxşı, hələlik, mən yenə Nikifor Nikiforıçın yanına gedirəm,
gedirsinizmi mənimlə?
– Yox, mən dustağın yanına gedəcəyəm.
– Hə, indi də dustaq yanına!.. Eh, ağılsızlıq!
Qocayla sağollaşdıq. Başımda cürbəcür fikirlər dolaşırdı. Timofey Semyonıç son dərəcə
vicdanlı, xeyirxah adam idi, ancaq onun yanından çıxandan sonra nədənsə sevindim ki, o artıq
əlli yaşını adlayıb və indilərdə Timofey Semyonıç kimilərinə az-az rast gəlinir. Sözsüz, bədbəxt
İvan Matveiçə xəbər çatdırmaq üçün mən o saat Pasaja doğru götürüldüm. Sözün açığı, özümü
də maraq götürmüşdü: o, timsahın qarnında neyləyir, orada necə yaşamaq olar? Yəni
doğrudanmı timsahın qarnında yaşamaq olar? Doğrusu, hərdən mənə elə gəlirdi ki, bütün bunlar
qorxunc yuxudur, söhbət də elə qorxunc yırtıcıdan gedirdi…

III

Lakin bu, yuxu deyildi, heç bir şübhə doğurmayan əsl gerçəklik idi. Yoxsa bütün bunları
danışardımmı? Elə isə davam edirəm…

Pasaja saat doqquz radələrində, gec gəlib çıxdım. Timsah olan otağa arxa qapıdan girməli
oldum, çünki alman mağazanı həmişəkindən tez bağlamışdı. O, yağa bulaşmış köhnə sürtükdə,
evdəymiş kimi gərdiş eləyir, səhər olduğundan da xoşhal görünürdü. Belə məlum olurdu ki, o
artıq heç nədən qorxub-çəkinmir və “camaat çox gəlmək”. Mutter bir azdan çölə çıxdı, çox
güman ki, mənə göz qoymaq istəyirdi. Almanla mutter tez-tez pıçıldaşırdılar. Mağazanın bağlı
olmasına baxmayaraq, o, girişə görə məndən iyirmi beş qəpik aldı. Bu qədər səliqəli, diqqətli
olmaq nəyə lazımdır!

– Siz hər dəfə ödəniş etmək; camaat bir rubl ödəmək, sizsə iyirmi beş qəpik, çünki siz
gözəl dostunuzun gözəl dostu olmaq, mən dosta hörmət bəsləmək…

– Mənim oxumuş, mədəni dostum sağ-salamatdırmı? – timsaha tərəf gedə-gedə ucadan
səsləndim, ümid edirdim İvan Matveiç səsimi hələ uzaqdan eşidəcək və bu, onun izzəti-nəfsini
oxşayacaq.

– Sağ-salamatam, – dostumun səsi sanki çox uzaqdan, ya da, elə bil, çarpayının altından
gəlirdi, baxmayaraq ki, düz onun yanında dayanmışdım, – sağ-salamatam, ancaq bu barədə sonra
danışarıq. İşlər necədir?

Özümü eşitməzliyə vurub, şəfqətlə, dil-boğaza qoymadan özüm onu sorğu-suala tutdum:
necədir, nə təhərdir, timsahın qarnında özünü necə hiss edir, ümumiyyətlə, timsahın qarnında
olmaq nə deməkdir? Dostluğumuz və adi nəzakət qaydaları bunu tələb edirdi. Ancaq o, hirslə,
səbirsizcəsinə sözümü kəsdi.

– İşlər necədir? – o, adəti üzrə mənə komanda verirmiş kimi, özünün bu dəfə lap qulaq
cırmaqlayan cır səsilə qışqırdı.

Mən Timofey Semyonıçla söhbətimizi bütün təfərrüatıyla ona danışdım. Danışarkən
səsimə bir qədər incik intonasiya qatmışdım.

118
   113   114   115   116   117   118   119   120   121   122   123