Page 66 - "Xəzər"
P. 66
Və pilləkənlə yuxarı qalxdı. Yuxarı dəhlizdə hündür ağ qapının dəstəyindən
yapışdı, amma birdən fikrini dəyişdi, bir addım geri atıb çöndü və elə gəldiyi yolla
da tələsmədən qayıtdı. Və tək olmasına baxmayaraq, ucadan dilləndi:

–Yox. Getməsəm yaxşıdır!

O öz “kontoruna” endi, yazı masasının arxasına keçib, qəzeti açdı. Amma
nəzər salmadan bir kənara qoydu, pəncərədən çölə baxmağa başladı. Bu məqamda
qulluqçu elan etdi ki, nahar artıq verilib. O yuxarıya, bacılarının onu gözlədiyi
yemək otağına indi qalxdı və üstündə üç dənə qalın not dəftəri olan stulunda oturdu.

Boşqablara şorba çəkən Henriyetta dedi:

– İohannes, bilirsən bizə kim gəlmişdi?

– Kim? – deyə soruşdu.

– Yeni müdiriyyət.

– Belə de! Çox gözəl!..

– Hə, – deyə Fifi dilləndi və ağzının kənarlarında yenə tüpürcək yığıldı, –
şəxsən mənə onların hər ikisi xoş təsir bağışladı!

– Hər halda, cavab ziyarətini, – Friderika dedi, – çox ləngitmək saymazlıq
olardı. Mən təklif edirəm ki, sabah yox, o biri gün, bazar günü onlara baş çəkək...

– Hə, bazar günü, – Henriyetta ilə Fifi dedilər.

– İohannes, təbii ki, sən də gedəcəksən, eləmi? – Friderika soruşdu.

– Əlbəttə, başqa cür ola da bilməz – Fifi bədənini əsdirib bəlli həyəcanla
dilləndi.

Cənab Frideman, deyəsən, Friderikanın sualını eşitməmişdi. Elə bil heç
burda deyildi, sakitcə şorbasını yeyirdi. Adama elə gəlirdi ki, o indi bu söhbətləri
yox, hansısa başqa səslər, mübhəm xışıltılar eşidir.
   61   62   63   64   65   66   67   68   69   70   71