Page 213 - "Xəzər"
P. 213
XXI

Davisito, sonra məlum oldu ki, fransızları biz heç cür başa düşmürük; mən
artıq qatarda vur-tut “Je ne comprend pas, monsieur”1(Mən başa düşmürəm,
müsyö.), ya “Je ne comprend pas, madame”2(Mən başa düşmürəm, madam.) deyə
bilirdim,

sərhəddən keçəndə isə fikirləşdim: “Bu, iynəni ot tayasında axtarmağa
oxşayır”. Ancaq Auritanın gözləri sevinclə parıldayırdı, qəfil onda turist vərdişləri
əmələ gəlmişdi və hərdən soruşurdu: “Biz axı turistik, elədi?” Mən “Əlbəttə!” deyə
cavab verirdim və onu kədərləndirməmək üçün susurdum.

Elə kupe yoldaşlarıyla danışanda, Davisito, başa düşdüm ki, dil – sanki
musiqi və mahnıdakı söz kimidi, sənə bütün sözlər tanış olsa da, əgər musiqini
bilmirsənsə, onlar heç nəyə lazım deyil. Və əksinə: məndən az bilən Aurita yaxşı
danışırdı, çünki səsə, ritmə uyğunlaşır, bir sözün harda qurtardığını, o birisinin harda
başladığını təxmin edir. Məsələn, mənə deyirdilərsə: “Mais on ny peut
rien...”1(Ancaq burda heç nə eləmək olmaz...), anlamırdım söhbət evdən gedir, itdən
gedir, yoxsa nədən.

Qatardan IV Henrixin qollu-budaqlı ağacların əhatəsində qədim qəsrini
görən kimi, xatirələrimdəki dələ gözümün qabağına gəldi və qəfil itirilmiş uşaqlıq
illərinin qüssəsi içimə yayıldı. Onda əmin oldum ki, Po təsəvvür elədiyim kimi boz
dumana bürünmüş, sanki bütün sakinlərin tərk etdiyi sakit, boz bir şəhərdi.

Məndə pansionun ünvanı varıydı, çünki qabaqcadan Kandid xalama
yazmışdım, o da əvvəllər yaşadığımız evin ünvanını mənə yollamışdı. Ona görə
Piren bulvarıyla gəzişəndə hər şey qabaqcadan həll olunubmuş kimi özümü rahat
hiss eləyirdim. Biz yavaş-yavaş gəzişirdik, mansardalara tamaşa eləməkdən ləzzət
alırdıq və haqqımızda nə düşünəcəklərindən qorxmurduq. Yolayrıclarında ayaq
saxlayır, lövhələrdəki küçə adlarını ayırd eləməyə çalışırdıq və Kordelye küçəsinin
tinində qoca bir kişidən Düpla küçəsinə necə gedəcəyimizi soruşduq, o isə dedi:
   208   209   210   211   212   213   214   215   216   217   218