Page 212 - "Xəzər"
P. 212
lanılan köhnə-köşkülünə əməlli-başlı baxmaq üçün səbrim çatmırdı. Mənim
həmişə vaxtım az olub, o zaman isə on beş ildə ilk dəfəydi xəstələnmişdim, belə
çıxırdı ki, əvvəllər bu əşyaları necə lazımsa sahmana salmamışdım. Etiraf eləyim ki,
atamın eskiz və tablolarına, anamın mühasibat kitablarına və qeydlərinə ardıcıllıqla
baxanda əllərim əsirdi.

Bir şəkli çevirib baxanda, Davisito, döşəməyə yıxılmamaq üçün köhnə
səbətin üstündə oturdum. Şəkildə Robinet təsvir olunmuşdu! Özüydü ki var,
Davisito, – öz mənasız gözləriylə, sallaq alt dodağıyla və şəlpə qulaqlarıyla. Şübhə
ola bilməzdi! Elə həyəcanlandım ki, azından beş dəqiqə oturub yarpaq kimi əsən
əllərimə baxdım. Sonra yenə sübut tapmaq üçün əsəbi halda bütün şəkilləri qatıb
qatışdırdım, ancaq vur-tut daha çox həyəcanlandım, toz qaldırıb özümü tamam
çaşdırdım. Sonra portreti yenə götürüb, dəsmalla ehmalca tozunu sildim. Şəkildə Po
şəhərində yaşadığımız vaxtın tarixi və atamın imzası var idi. Mən gülümsəyə-
gülümsəyə baxırdım, sanki axır ki, Robineti tuta bilmişdim. O da öz mənasız
gözləriylə sırtıqcasına mənə baxırdı və yenə fikirləşdim ki, Robinetin duyğuları və
onun haqqında bilgilər mənə atamdan keçib, çünki Podan yaddaşımda vur-tut
baxımsız bağlar, bir də iri ağacların təpəsində atılıb-düşən dələ qalmışdı.

Portreti qoltuğuma vurdum, evə düşüb Auritaya dedim:

–Yuxarıdan Robinetin portretini tapdım.

Bunun ona toxunduğunu, adını bilmədiyi hansısa qorxunun onu
əsəbiləşdirdiyini sezdim.

–Bax, – portreti göstərib dedim, – qəribədi, hə?

Elə bil bu, onu ilk dəfə maraqlandırdı, bir neçə dəfə yaxınlaşıb baxdı: “Onu
ömrümdə görməmişəm. Bu adamı həyatda heç vaxt görməmişəm”. İki dəqiqənin
içində özlüyümdə hər şeyi həll edib dedim: “Bir həftəliyə Fransaya gedirik. Həkim
mənə şəraitimi dəyişməyi tapşırıb”. “Nə? “ – Aurita canlanaraq soruşdu. Yağlıbaş
barmenin sözünü xatırlayıb dedim: “Robinet indi ordadı”. Aurita get-gedə lap
ruhlanıb təklif etdi: “Sənədlər hazırlanana qədər fransız dilini öyrənməyimiz
lazımdı”. Mənsə cavab verdim: “Belə də keçinərik”.
   207   208   209   210   211   212   213   214   215   216   217