Page 147 - "Xəzər"
P. 147
Birdən-birə həyat hekayəmi yazmaq fikrinə düşəndə, güzgülü qutudakı
qurbağanı xatırladım. Mən də uzun illər boyu belə bir güzgüdə özümə müxtəlif
tərəflərdən baxıb, özümdə nəyi bəyənib-nəyi bəyənmədiyimi ayırd etməliyəm.
Onayaqlı bir qurbağa olmaya bilərəm, ancaq əminəm ki, güzgüdə gördüklərim yağlı
mayeyə bənzər nələrisə ortaya çıxaracağıma kömək edəcək.

Bu günədək çox adam mənə avtobioqrafiyamı yazmağı məsləhət görmüşdü.
Mən isə keçmişə boylananda ancaq özümə aid əhvalatları görürdüm. Elə bu da əl-
qolumu bağlayırdı: axı yalnız mənimlə bağlı olan əhvalatlar başqaları üçün niyə
maraqlı olmalı idi?!

Bir gün, doğrudan da, öz həyatımı yazmalı olsaydım, orada kinodan kənar
heç nəyin olmayacağını düşünürdüm. Mənə elə gəlirdi ki, tərcümeyi-halımdan
kinonu çıxsaq, yerdə heç nə qalmaz.

Bir gün həyatımı yazmaqla bağlı qəti qərara gəldim. Məncə, bu qərarı
verməyimdə fransız rejissoru Jan Renuarın avtobioqrafik romanını oxumağım
həlledici rol oynadı. Onu şəxsən tanıyırdım, hətta bir dəfə birlikdə axşam yeməyi də
yemişdik. Düzü, Renuarın nə vaxtsa öz həyatını yazacağını unamazdım. Bu işə
girişdiyini və öhdəsindən gəldiyini görəndə mən də həvəsləndim.

Renuar kitabının ön sözündə qeyd etmişdi: “Dostlarım mənə xatirələrimi
yazmağı təklif edirdilər. Deyirdilər ki, bir sənətçini kamera, yaxud mikrofonun
təqdimatı ilə tanımaq olmaz”.

O, daha sonra yazmışdı: “Biz həyatda təkbaşına deyil, ətrafımızdakı
insanlarla var ola bilərik. Ona görə də məni mən edən insanları və hadisələri
xatırlamaq üçün xeyli əziyyət çəkməli oldum”.

Nə gizlədim, həyat hekayətimi yazmağa Renuarın həmin sözlərini
oxuyandan sonra cəsarətləndim. Bu kitabın meydana gəlməsində onunla
görüşümüzün də böyük rolu oldu. Renuar məni qocalığımı onun kimi yaşamağa
həvəsləndirdi.

Qocaldıqca oxşamaq istədiyim başqa bir nəfər də var: amerikalı rejissor Con
Ford. Onun öz avtobioqrafiyasını yazmaması ancaq təəssüf doğurur.
   142   143   144   145   146   147   148   149   150   151   152