Page 139 - "Xəzər"
P. 139
Belə bir qanmazla məcburən getdiyim yolda ilk dəfə İtaliya adlı qıza rast gələrkən, təbii
ki, ürəkdən sevinmişdim. O vaxt biz Roma-Neapol marşrutu üzrə hərəkət edirdik, daşıdığımız da
müxtəlif cür yüklər olurdu: kərpic, lom, qəzet kağızı rulonları, taxta, meyvə. Hərdən bir yaylaqdan
digərinə kiçik qoyun sürülərini də aparırdıq. İtaliya bizi Terraçinanın yaxınlığında saxladı, xahiş
etdi ki, onu Romaya qədər götürək. Bizə göstəriş vardı ki, yolda heç kəsi maşına götürməyək,
amma İtaliyaya nəzər salanda, belə qərara gəldik ki, bu dəfə əmrdən yan keçmək olar. İcazə verdik
ki, keçib otursun, qız da çevikcəsinə maşına atılıb qışqırdı:

– Yaşasın qayğıkeş sürücülər!

Qızın göz deşən açıq-saçıq görkəmi vardı: incə bel, uzun boğaz və baldırlarınacan
əndamına kip oturmuş nazik sviteri yırtıb-çıxan dik sinə. Qara saçlı balaca başı, iri, yaşıl gözləri
vardı. Amma ayaqları qısa və əyri idi, lap elə bil dizlərini qatlayıb gəzirdi. Bir sözlə, gözəl qız
deyildi, – intəhası, gözəldən daha yaxşı idi. İtaliya bunu mənə elə ilk səfərimizdəcə sübut etdi:
Çistern yoxuşunu qalxanda sükan arxasına Palombi keçmişdi, qız da əlimi əlinə alıb yaxşıca-
yaxşıca sıxırdı. Mənim Palombini əvəz elədiyim Velletriyə çatana qədər İtaliya beləcə əlimi
ovcunun içində saxlayıb buraxmadı. Yay fəsli, saat dörd radələri, günün ən isti vaxtıydı – bizim
əllərimiz tərdən islanıb sürüşkən olmuşdu, amma qız hərdənbir öz yaşıl qaraçı gözlərini gözümə
zilləyirdi və onda bütün varlığımla hiss edirdim ki, xeyli müddətdi mənimçün yalnız asfalt
zolağından ibarət olmuş həyat təzədən üzümə gülümsəməyə başlayır. İndi mən axtardığımı –
haqqında düşünmək mümkün olan qadını tapmışdım. Çisternlə Velletri arasındakı yolda Palombi
maşını saxlayıb şinləri yoxlamaq üçün yerə düşəndə, mən bundan istifadə edib İtaliyanı öpdüm
də. Velletriyə çatanda isə ortağımı məmnuniyyətlə əvəzlədim: əl sıxmaq və öpüş bugünlük
tamamilə bəsim idi.

Həmin vaxtdan etibarən İtaliya müntəzəm olaraq həftədə bir, bəzən də iki dəfə onu
Romadan Terraçinaya və geri aparmağımızı bizdən xahiş edirdi. Adətən səhər tezdən əlindəki
hansısa bağlama, yaxud çamadanla şəhər divarlarının yanında dayanıb yolumuzu gözləyir, maşına
əyləşir və sükan arxasında Palombi olurdusa, düz Terraçinaya qədər əlimi əlinə alıb sıxırdı.
Neapoldan qayıdanda isə bizi Terraçinada gözləyirdi; kabinəyə dırmaşıb böyrümdə əyləşir, sonra
da əlsıxma təzədən başlayırdı. Palombinin bizi görməsi mümkün olmayanda xəlvəti öpüşlər də baş
verirdi, baxmayaraq ki, İtaliya bundan yayınırdı. Bir sözlə, mən əməlli-başlı aşiq olmuşdum. Ola
bilsin, bu həm də ona görəydi ki, çoxdandı heç bir qadını sevməmişdim, bunsuz ötüşməyə isə hələ
vərdişkar deyildim. Artıq o həddə çatmışdım ki, İtaliya üzümə nə cürsə xüsusi baxışla baxanda
bundan uşaq kimi təsirlənir, gözüm yaşla dolurdu. Az qala əriyib gedirdim, amma mənə elə gəlirdi
ki, bu, kişiyə yaraşmayan zəiflik əlamətidir; di gəl, göz yaşlarımı boğmağa çalışsam da, heç cür
bacarmırdım. Sükan arxasında özüm oturanda, biz Palombinin yuxulamasından istifadə edib
astadan danışırdıq. Nə barədə danışmağımız qəti yadımda deyil: bu da ona dəlalət edir ki, söhbət
boş şeylərdən, zarafatlardan, sevgililər arasındakı adi naqqallıqdan ibarət idi. Amma yadımdadır
ki, vaxt yaman tez keçirdi: hətta Terraçinanın bitib-tükənməz şosesi də, möcüzə kimi, bir andaca
arxada qalırdı. Mən sürəti yavaşıdıb saatda otuz, hətta iyirmi kilometrə salırdım, belə ki, az qala
arabalar da bizi ötüb keçirdi, amma yol yenə də çox tez başa çatır və İtaliya düşüb gedirdi. Gecələr
lap yaxşı keçirdi: şosedə demək olar ki, maşın gözə dəymirdi, mən də bir əlimlə sükandan yapışıb,
o biri əlimlə İtaliyanı qucaqlayırdım. Qaranlıqda qarşıdan gələn maşınların faraları yanıb-sönəndə
ürəyimdən keçirdi ki, onların siqnallarına cavab verən mənim maşınımın işıqları necə xoşbəxt
olduğumu söyləyən hansısa sözlərə çevrilsinlər. Məsələn: mən İtaliyanı sevirəm, İtaliya da məni
sevir.

Palombi ya heç nə sezmirdi, ya da bunu görməzliyə vurur, özünü belə göstərirdi ki, guya
heç nədən xəbəri yoxdur. İtaliyanın tez-tez bizimlə getməsinə o bircə dəfə də etiraz etməmişdi.
   134   135   136   137   138   139   140   141   142   143   144