Page 137 - "Xəzər"
P. 137
– Oynamaq istərdim… Amma heç bilmirəm necə edim? Məndə xırda yoxdur.

Və əskinası cibimdən çıxarıb onlara göstərdim.

Boynundan tabaq asılmış oğlan kartların yerini dəyişə-dəyişə tutuquşu kimi
təkrarlamağındaydı:

– Xoşbəxtlik burdadır!.. Bəxtini sınamaq istəyən varmı?

Onun ortağı isə əlüstü mənə yaxınlaşdı və pulqabını çıxarıb dedi:

– Lənət şeytana! Bəxtini sınamaq istəyən cavan adama niyə də kömək əli uzatmayasan?
Buyurun, verin pulunuzu.

Saxta pulu oğlana uzatdım, o da doqquz dənə minlik, on dənə yüzlük əskinas sayıb mənə
verdi.

Qabaqcadan düşündüyüm kimi yüz lirəni oyuna qoydum.

Tabaqlı oğlan çığırdı:

– Sinyor yüz lirə qoyur… Buyurun, sinyor!

Bunu deyib kartı açdı və gördüm ki, udmuşam. Mən bu fəndi çox yaxşı bilirdim, hətta
fırıldağı necə elədiklərindən də xəbərdaram, ancaq, ola bilsin, bərk yorulduğumdan ümid edirdim
ki, gündəlik xərcimin əvəzini qaytara bilərəm. Çox da baş sındırmayıb, daha doqquz yüz lirəni
karta qoydum. Bu dəfə, gözlənildiyi kimi, uduzdum və oradan rədd olub getdim. Fikirləşdim ki,
düz iki min lirə pul sərf etmişəm və indi payıma min lirədən çox düşməyəcək. Amma heç demə
əsl həngamə məni hələ irəlidə – Riçorcimento meydanınıın bağında, Stayano ilə görüşdə
gözləyirmiş.

Biz bağın xəlvət guşəsinə çəkildik və gətirdiyim əskinasları sayıb verərkən, Stayano
demək olar ki, pullara baxmadan təkrarlamağa başladı, axıra kimi də öz dediyini dedi:

– Saxtadır, saxtadır, bu da saxtadır, bu da, bu da...

O, əskinasları hirslə cibinə soxa-soxa düz mənim üzümə baxıb eyni sözləri təkrarlayırdı:

– Sənin bütün bu kağızların saxtadır… Özü də bu bizim işimiz deyil... Biz təmiz iş
görürük… Daha bunlardan da saxtası olmur. Bundan betəri bəlkə üzərində “Məhəbbət bankı”,
yaxud “Min-min öpüş” yazılan kağızlar olar. Nə deyəsən axı, bərəkallah sənə!

Ağzı açıla qalıb yerimdə qurumuçdum. Stayano isə sözünə davam edirdi:

– Mənim sənə verdiyim onminlik əskinas gerçək puldan qəti seçilmirdi, sənsə mənə
doqquz dənə eləsindən gətirmisən ki, bunları heç gözdən zəlilə də sırımaq olmaz.

Onda mən dedim:

– Heç olmasa xərclərimin əvəzini mənə qaytar.

– Sən hansı xərclərdən danışırsan?

Üç min qazanacağıma arxayın olub, ora-bura düz iki min lirədən çox xərcləmişdim.

– Səninçün lap pis… Elə bilirsən bu əskinas havayı başa gəlib? O mənə düz üç yüz lirəyə
oturmuşdu… Mən yox, sən mənə itkinin əvəzini ödəməlisən.
   132   133   134   135   136   137   138   139   140   141   142