Page 199 - "Xəzər"
P. 199
Amma çətin ki, on səkkiz yaşından eyni yerdə yaşayasınız. Ona görə yaşayış
yeri qeydiyyatını təqdim etmək vacibdi.

Mən artan qəzəbimi boğa bilmədim və hiss elədim ki, bu qəzəbdən Mariyaya, ən
qəribəsi də odur ki, Mimiyə də pay düşür.

– Necə varsa, eləcə də yollayın və rədd olun başımdan! – geri çevrilərək
qışqırdım.

Poçtdan çox pis əhvalda çıxdım, hətta qayıdıb məktub səbətini yandırmaq da
ağlımdan keçdi. Ancaq necə? Kibrit atım? O elə göydə sönər. Benzindən
alovlanardı, ancaq bunun nəticəsi pis də ola bilərdi. Hər halda, çıxışda işin sonuna
qədər gözləyib, bu qarımış qızı təhqir eləmək istədim.

XXXI

Bir saat gözləyəndən sonra getmək qərarına gəldim. Əslinə baxanda, bu səfehi
təhqir eləməkdən nə qazanacaqdım? Bundan başqa, özümü sakitləşdirmək üçün bir
saatda xeyli dəlil-sübut axtarıb tapdım: gözəl məktub yazmışam və yaxşı ki, o,
Mariyaya çatacaq (belə şeylər başıma tez-tez gəlmişdi: əvvəlcə guya məqsədimə
aparan yolda qarşımdakı hansısa maneə ilə axmaq kimi vuruşmuşam, sonra
qeyzlənib məğlubiyyətimi etiraf eləmişəm və nəhayət, hər şeyin yaxşı olduğunu
düşünüb, baş verənlərlə barışmışam). Əslində, məktubu düşünmədən yazmışdım,
üstəlik də təhqirlərin belə vacib olduğuna əmin deyildim. Ancaq indi məktubdan
əvvəlki hadisələrə qayıdanda, halımın özümdə olmadığı gecələrin birində
gördüyüm yuxu qəfil yadıma düşdü: xəlvəti bir yerdə gizlənib kimisə güdürdüm və
heç nə, hətta mebeli də olmayan yarıqaranlıq otağın ortasında stulda oturan özümü
görürdüm, arxamda isə iki nəfər dayanıb rişxəndlə mənə tamaşa eləyirdi – biri
Xanter, o biri Mariya idi.

Məni kədər bürüdü. Poçtun qapısından aralanıb, ağır-ağır küçəylə addımladım.

199
   194   195   196   197   198   199   200   201   202   203   204