Page 159 - "Xəzər"
P. 159
mrəli üçmərtəbə evin hər qatında iki otaq vardı; çardaqda isə, daha doğrusu, çardağın ön tərəfində (arxa
tərəfə köhnə-kürüş şeylər atılırdı) bədbəxt Bonomlar yerləşmişdi.

Alt mərtəbənin soldakı otağında istefada olan poçt məmuru L'Epinar və onun ər üzü görməyən, heç
kəsə qoşulub qaçmayan, kilsəyə ayaq basmayan, heç yerdə işləməyən on bir qızı; sağdakı otağında isə işi-
peşəsi bilinməyən şişman Düran cənablarıyla həmişə pilləkəndə durub qonşuların üzünə gülümsəyən və
qanlı bəlğəm tüpürən pozğun qadın İvett məskunlaşmışdı.

İkinci qatın solundakı otaqda hardansa topladığı pişik və tutuquşuların əhatəsində gün keçirən
cənab Fruatan; sağ tərəfdəki otaqda isə üst-başından kükürd iyi gələn və alver edilməsi mümkün olan hər
şeylə, bəzən hətta mümkün olmayan şeylərlə də alver edən cənab Qaston Oliv Levi qalırdı.

Üst qatın sol mənzilində musiqi müəllimi cənab Jan-Lui Lopes yaşayırdı; sağ mənzilin sakini isə
həmişə ləçək bağlayan, həmişə ərindən dəm vuran (deməsinə görə, guya əri artilleriya mayoru idi) və
həmişə fəsillərdən, bahaçılıqdan, bir də əliəyri ev qulluqçularından gileylənən madam de Berjerak-Monsuri
idi.

Və nəhayət, az öncə qeyd etdiyimiz kimi, evin çardağını Mençu Agirresabala ilə onun şikəst əri
Joaken Bonom tutmuşdu; ər-arvad birtəhər çardağın ön tərəfinə yerləşmişdilər. Onlar yeməyi pilətədə
bişirir, pilətəni isə yonqarla qızdırırdılar, belə ki, tüstüdən həmişə gözləri yaşarırdı. Çardağın qapısı çox
alçaq – adam boyundan da aşağı idi və içəri girmək üçün bir az əyilmək lazım gəlirdi. Joaken qapıdan girib-
çıxarkən öz yeganə ayağının üzərində elə incə tərzdə aşağı əyilirdi ki, adam gülməkdən özünü güclə
saxlayırdı. Və indi, artıq bizə məlum olduğu kimi, o, içəri keçib arxasınca qapını çəkdi.

– Bir şey tapdın?
– Yox.
Hər iki ayağının salamat olduğu əyyamlarda Joaken çoxlu peşələr dəyişmişdi; indi isə, iki
ayağından birinin qaldığı və işləmək hava-su kimi zərurətə çevrildiyi bir vaxtda bekar qalmışdı, özü də hər
dəqiqə gözlənilən idi ki, arvadı və əşyalarıyla birgə küçəyə atılsın.
Joaken hər gün iş axtarışına çıxırdı, amma hamısı da əbəs yerə; bütün zəhməti hədər gedirdi. Düz
iyirmi beş gün qabaq onu nimdaş mallar dükanına hesabdar götürmüşdülər, di gəl, Joaken dükanda vur-tut
ikicə gün işləmişdi – bütün ömrünü özgələrin cır-cındası içində qurdalanmaqla keçirən, görünür, elə bu
səbəbdən də qəlbinin dərinliklərində mənəvi ehtiyaclara bir tikə həssaslığı qalmayan dükan sahibi cənab
Bertelemi, necə olmuşdusa, şeir quraşdırdığı yerdə qəfildən Joakenin üstünə gəlib çıxmış, dərhal da onu
işdən qovmuşdu.
Joaken bu gün də, əvvəlki günlərdə olduğu kimi, çardağa əliboş, üstəlik, həmişəkindən daha acıqlı
qayıtmışdı. Və artıq bizə məlum olduğu kimi, arvadı da əməlli-başlı hirslənmişdi.

Komissar dəniz ilbizitək darıxır və gileylənirdi:
– Tuluzada hadisə baş vermir!
Və heç də yalan demirdi – Tuluzada həqiqətən tam sakitlik hökm sürürdü. Bəyəm oğurlanmış pul
kisəsi və bir cüt qotur toyuq haqqında iş araşdırmaq rəsmi qulluğun otuz yeddinci sənəsində ona
yaraşardımı?
– Tfu, səni! Bir qırıq da maraq qalmayıb! Bu lənətə gəlmiş Tuluzada hadisə baş vermir ki, vermir!
Bayırda narın yağış çisələyir, ətrafın qəmginliyi adamda elə təəssürat yaradırdı ki, elə bil bütün
şəhər yuxusuzluğa mübtəla olub. Bəlli məsələdir ki, cansıxıcı yerlərdə fikirlər də kədərli və dağınıq olur –
bir də gördün basıb əzdilər.
Qara müşəmbə plaşlı jandarmlar həmişəki qayda ilə küçədə o baş-bu başa gedib-gəlir, narın yağış
damcıları yenə onların qalın bığlarının ucunda xırdaca muncuq dənələritək parəldayırdı. Gör neçə vaxtdı
komissarın xoş sədası qulaqlarını oxşamırdı:
– Aydındır, uşaqlar, aydındır!
Bu sözlərsiz isə gəmilər qədər köhnə, ev qulluqçularıtək hər şeylə maraqlanan jandarmlar
sınıxırdılar.
Elə bu zaman ikicə məhəllə yuxarıda (dünya burun dəsmalı qədər kiçikdir!), Blanşar küçəsindəki
on yeddi nömrəli üçmərtəbə evin çardağında vaxtilə xeyli peşələr dəyişmiş, hazırda isə həm ayaqsız, həm
də işsiz qalmış Joaken Banomla onun keçəl, müzür, yekəpər, şüşəgöz arvadı Mençu Agirresabala bərk
çəkişir, Fermin də onlara baxa-baxa papirosunu sümürürdü.

159
   154   155   156   157   158   159   160   161   162   163   164