Page 31 - "Xəzər"
P. 31
– Sənə nə demişdim? Gördün?

– Nahaq belə danışırsan, ata.

– Nahaq? Onların dabbaqda gönünə bələdəm, qoy cəhənnəm olsunlar. Al, bu
da nimçə, götür apar, apar o riyakarların qarşısında özünü təmizə çıxart.

– Missis Skuqlunda qarşı gərək belə eləməyəydik: onun bizə çox yaxşılığı
keçib.

– Yaxşılığı?

– Yaxşılığı.

– Elə-belə heç kəs heç kəsə yaxşılıq eləməz.

Atasına söz qandırmaq mümkün deyildi. Onsuz da, düz qırx il idi ki, öz
aralarında bu hadisədən danışırdılar. Bu müddət ərzində bir-birinə daha çox
bağlanmışdılar, ancaq müxtəlif vaxtlarda, ən müxtəlif baxış bucağından müzakirə
etdikləri bu məsələdə ortaq fikrə gələ bilməmişdilər.

– Niyə belə elədin, ata, nimçəni niyə götürdün? Pul üçün? O pulları nəyə
xərclədin ki? – O hadisənin üstündən onilliklər keçəndən sonra Vudi ondan soruşdu.

– Bukmekerə borcumu ödədim, qalanını da kimyəvi təmizləmə məntəqəsinə
sərmayə qoydum.

– Sən at yarışlarına da pul qoyurdun.

– Nə olsun? Vudi, mən bir gülləylə iki dovşan vurdum. Özümə də gün
ağladım, sənə də xeyrim dəydi.

– Yəni bunları mənə görə eləyirdin?

– Əlbəttə! O nə həyat idi, yaşayırdın? Yadına sal. Yox, Vudi, sən belə yaşaya
bilməzdin. Arvadların içində. Kovner də kişi deyil axı, belə kişi olar? Səni keşiş
eləsələr, neyləyəcəkdin? Keşişə bax! Əvvəla, buna özün də dözməyəcəkdin, ikincisi
də, əvvəl-axır səni oradan qovacaqdılar.

– Ola bilər.
   26   27   28   29   30   31   32   33   34   35   36