Page 186 - "Xəzər"
P. 186
Otur, Davisito, siqaret çəkmək istəyirsən, çək (şəxsən mən məsləhət
görmürəm, burda çoxdan hesab edirlər ki, siqaret xərçəng yaradır) və diqqətlə oxu,
bacardığım kimi hər şeyi sənə izah eləyərəm.

II

Hər şey 13 oktyabr axşamı kontordan dilxor halda çıxanda başladı, lap
uşaqlıqdan payızda özümü nədənsə gücsüz hiss eləyirəm. Şəhərin mərkəzi həmin
vaxt əhvalımı yaxşılaşdırmadı, nəsə adamı sıxır, kədərləndirirdi, ona görə, ya bəlkə
Allah belə istədi, soldakı ilk tinə buruldum. Mənə elə gəlir, rahatlığım üçün bu cür
hərəkət elədim, ancaq sonra fikirləşdim ki, buna insanlarla hadisələr arasında hərdən
yaranan gizli cazibə qüvvəsi günahkardı. Bir xeyli hara gəldi getdim və gəlib
kimsəsiz bir dalana dirəndim. Bu yerdə közərən lampanın altındakı “Çaxır
zirzəmisi” yazılmış lövhəyə gözüm sataşdı, fikirləşdim: “Bəlkə bir stəkan içim?” İşə
bax, Davisito, nə qədər təsadüf olar: axı mən çaxır xoşlamıram, heç vaxt dərdimi
qədəhlə ovutmamışam, lazım olmayan yerdə içənlərisə qınayıram; indi demə ki,
qardaşın içki düşkünüdü. İntəhası, zirzəmiyə girib uzun stolun arxasında oturaraq ağ
çaxır sifariş verdim.

Saçları hamar daranmış barmenlə kiminsə piştaxtanın arxasında içə-içə
söhbət elədiyini dərhal sezmədim. Bu adam pəzəvəngin biriydi. Qara paltosu,
sardelkanın üstünə çəkilmiş nazik pərdə kimi, əyninə kip oturmuşdu. Paltonun
altından dizləri torbalanmış şalvarı görünürdü. Əllərini ağır-ağır yellədərək danışsa
da, hərəkətlərində fil təmkini və ləngərliyi var idi. Ancaq, Davisito, hər şeydən çox
onun üzü məni heyrətə saldı; gözünün biri çəp idi, bəbəkləri bir yerdə dayanmırdı.
Elə bu bozumtul, az qala, ağ, sulanmış gözlər məni diksindirirdi. Üzünün
solğunluğundan dodaqları çox parıltılı görünürdü, susanda isə alt dodağı artıq ət
kimi sallanırdı.

III
   181   182   183   184   185   186   187   188   189   190   191