Page 185 - "Xəzər"
P. 185
Migel Delibes (1920-2010) vətəndaş müharibəsindən sonrakı ispan
ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, “Sərv ağacının uzun kölgəsi”
(1947), “Yol” (1950), “Qırmızı yarpaq” (1959), “Siçovullar” (1962), “Beş saat
Mario ilə birlikdə” (1966), “Atalarımızın müharibəsi” (1975), “Senyor Kayo kimə
səs verəcək” (1978) və bir çox başqa əsərlərin müəllifidir. “Servantes” mükafatına
(1993) layiq görülən yazıçı “Kafir” romanına görə isə 1998-ci ildə Nobel mükafatına
namizəd göstərilib. “Sərsəm” romanı 1953-cü ildə çap olunub.

SƏRSƏM
roman

I

Əziz Davisito!
Mənim biçarə Davisitom! Bax yenə sənə məktub yazıram. Təkcə sən tərs
deyilsən, bu, ikimizə də anamızdan keçib; hər halda, qardaşlar arasında belə şey
yaxşı deyil, əgər sən mənim yanıma gəlməsən, mən sənin yanına gələcəyəm, axırda
yenə eyni şey alınacaq. Hər şeyi Sançesə danışanda, o dedi: “Nədi, başın xarab olub?
Ona üz vermək lazım deyil”. Mənsə cavab verdim: “Biz axı qardaşıq”. – “Fərqi
yoxdu”, –Sançes dedi. Davisito, nə gizlədim, bir az fikirləşdim, yalnız Aurita
deyəndə ki: “ Doğma qardaşına bir-iki kəlmə yazmaq nə böyük işdi?”, onda
düşündüm: “Axı o, doğru deyir”.
Davisito, son vaxtlar heç özümdə deyiləm. Hələ də baş aça bilmirəm həqiqət
hardadı, yalan harda. Birçə onu bilirəm ki, dəhşətli dolaşıqlıq olub, onun ucbatından
hər şey dəyişib.
   180   181   182   183   184   185   186   187   188   189   190