Page 14 - "Xəzər"
P. 14
mozunu işə salan kimi əsib-titrəyirdi. Bu zaman konduktor tez-tez düyünlü şnuru
çəkişdirir, sürücü isə dabanıyla elektrik zəngini döyəcləyirdi.

Vudi birdən-birə özünü tramvayda hiss elədi – atası ilə birgə Vestern-
avenyüdən keçib gedirdilər. İkisi də kürkdəyidi, sifətləri, əlləri soyuqdan
göyərmişdi, tramvayın qapısı açılanda arxa tərəfdən sazaq içəri vurur, qar
döşəmədəki tamasaların novcuqlarına dolurdu. Vaqonda o qədər soyuq idi ki, qar
ərimirdi. Yerli vətənpərvərlər deyirdi ki, dünyada bundan uzun tramvay yolu
yoxdur; gör, nəylə öyünürdülər. Vestern-avenyü boyu, qırx kilometrlik yolun hər iki
tərəfində fabriklər, anbarlar, mexaniki emalatxanalar, köhnə maşın dayanacaqları,
trolleybus parkları, benzin kalonkaları, dəfn mərasimi ləvazimatı büroları, cəmisi iki
pəncərəlik ensiz, altımərtəbəli binalar, telefon kompaniyaları, elektrokompaniyalar,
zibilxanalar yerləşirdi. Bu mənzərə cənubdakı çöllüklərdən başlayaraq, şimalda
yerləşən Evanstona qədər uzanırdı. Vudro atasıyla birgə şimala, Evanstondakı
Hovard-stritə qədər gedəcəkdi. Oradan da o tərəfə, missis Skuqlundgilə xeyli yol
getməliydilər. Sonuncu dayanacaqdan sonra Skuqlundun evinə qədər beş-altı kvartal
keçməliydilər. Nəyə gedirdilər? Atası üçün pul istəməyə. Atası Vudini birtəhər dilə
tutub, yola gətirmişdi. Anası və Rebekka xala Vudinin onunla getdiyini bilsələr,
aləm bir-birinə dəyəcəkdi. Vudi onlardan qorxurdu, amma atasından da keçə
bilmirdi.

Bir dəfə Morris onun yanına gəlib dedi:

– Oğlum, işlər xarabdır. Başıma iş gəlib.

– Nolub ki, ata?

– Qalina ərinin pullarından mənə bir az verib. Buyak xəbər tutmamış pulları
qaytarmaq lazımdır. Yoxsa, öldürəcək Qalinanı.

– Neyləmək olar…

– Bukmekerlər borclularla necə davranır, bilirsən? Onların üstünə pəzəvəng
göndərirlər. Vurub, başımı partladacaqlar…

– Ata! Bilirsən axı, səni Skuqlundun yanına apara bilmərəm.
   9   10   11   12   13   14   15   16   17   18   19