Page 12 - "Xəzər"
P. 12
rürdü ki, hər şey düz gəlir. Axı Vudi təsəvvürünə də gətirə bilmirdi ki, müqəddəs
ata Rebekka xalanın döşüylə belə hoqqalar çıxara bilər! Morrisin nəzəriyyəsi
Vudinin ağlına batmışdı deyə, gözünü onlardan çəkə bilmirdi – gah keşişə, gah da
arvadının döşlərinə baxırdı. Bu adətini indi tərgitməmişdi. Atasından öyrəndiyi
erotik nəzəriyyələrin təsirindən yalnız çox fərasətli, fəhmli adamlar qurtula bilər.
Vudiyə isə çox fərasətli adam demək olmazdı. Bunu özü də bilirdi. Ona görə də,
əlindən gələni eləyirdi ki, qadınlar özlərini kənarda qalmış kimi hiss etməsin. Axı
bu, həm də, təbiətin qanunudur. O da, atası kimi sadə, uzağı görməyən adamdır,
ancaq ən qaba, yonulmamış insanlar belə məlum həssaslıqdan məhrum deyil.

Ona müqəddəs ata da ağıl verirdi, Rebekka da, varlı missis Skuqland uzaq
Evanstondan öyüd-nəsihətini əsirgəmirdi, anası da başına ağıl qoymağa çalışırdı. Öz
növbəsində atası da moizə oxumağa meyilli idi. Bir sözlə, ona öyüd vermək
istəməyən qalmamışdı.

Divijen-strit boyu, az qala, hər fənərin altında bir natiq dayanıb, boğazını
yırtırdı: anarxistlər, sosialistlər, stalinistlər, vahid torpaq vergisi tərəfdarları,
tolstoyçular, vegetarianlar, fundamentalist keşişlər – burada kim yox idi? Hərənin
öz şikayətləri, öz arzu-istəyi. Hərə xilas yolunu və yeni həyatı bir cür görür, öz
bildiyi kimi etiraz edirdi. Kimin ağlına gələrdi ki, bütün zamanların bir araya
gətirilmiş tələbləri və iddiaları Amerika zəminində belə boy verəcək?

Müqəddəs atanı İsveçli gözəl immiqrant Ose (evdə onu belə çağırırdılar)
maliyyələşdiridi. Skuqlandların evində aşbaz işləyən Ose onların böyük oğluna ərə
getmiş, dul qalandan sonra mömin xeyriyyəçi kimi müqəddəs ataya kömək etməyə
başlamışdı. Missis Skuqland cavanlığında, yəqin ki, operettada oxuyan qadınlara
bənzəyirmiş. Hörüklərini xüsusi zövqlə burub, qəribə saç düzümü yaradırdı.
Qadınlar bu saç düzümünün sirrini çoxdan unudublar. Ose Vudini öz himayəsinə
almışdı, onun seminariyada təhsil haqqını da özü ödəyirdi. Atası da deyirdi ki…
Zəng səsləri kəsildi, bu gözəl bazar günündə, məxməri payız mövsümündə şaxta
hələ ipək kimi yumşaq, yaşıl otları dalamamışdı, təmiz hava Vudinin ciyərlərini
göynədirdi, elə bil, vücudundakı dəmir oksigenə susamışdı, sinəsi dolu nəfəs aldıqca
yüngülləşirdi. Atası isə torpağın iki metr dərinliyində uyuyurdu, artıq bir daha bu
   7   8   9   10   11   12   13   14   15   16   17