Page 191 - "Xəzər"
P. 191
İndiki romanlarla aram yoxdu! İstəyirlər, qoy yazsınlar… Ancaq onları
oxumaq nəyə lazım?

Araya yenə sükut çökdü; öz sözlərindən yaranan xoşagəlməz təəssüratı Xanter
heç də aradan qaldırmaq istəmirdi. Fikirləşdim ki, nəyə görəsə Mariyaya acığı
tutub. Dənizə gedənə qədər xüsusi bir şey baş vermədiyi üçün, deməli, Xanter biz
orada danışdığımız vaxt incimişdi; aydın idi ki, bunun səbəbi bizim uzun
söhbətimiz olmuşdu, daha doğrusu, uzun müddət olmamağımız idi. Nəticə: Xanter
qısqancdı, bu da təsdiq edir ki, onun Mariya ilə münasibəti, sadəcə, dost, ya qohum
münasibəti deyil. Əlbəttə, Mariyanın onu sevməsi vacib deyil, əksinə, Mariyanın
başqalarına maraq göstərməsini hiss etməsi Xanteri daha artıq əsəbiləşdirir.
İstənilən halda, əgər onun əsəbiliyi qısqanclıqdan doğmuşdusa, mənə qarşı düşmən
münasibətdə olmalıydı, çünki mənə hirslənmək üçün başqa səbəb yox idi. Elə də
oldu. Hətta bir xeyli şübhəli sözləri sezməsəm də, Mariya ağzını açıb uçurum
barədə danışan kimi Xanterin mənə zillənən baxışları belə demək üçün tamamilə
kifayət elədi.

Süfrədən qalxan kimi baş verənləri daha yaxşı saf-çürük eləmək üçün
yorğunluğu bəhanə gətirib otağıma getdim. Otağın qapısını açıb işığı yandırdım,
qapını bərk çırpdım, sonra astanada dayanaraq qulaq asmağa başladım. Bir az
keçmiş Xanterin səsini eşitdim – əsəbi halda nəsə deyirdi, ancaq ayırd eləyə
bilmirdim. Mariya cavab vermirdi; Xanter daha əsəbi halda daha uzun ikinci
cümləni dedi; Mariya astadan nəsə cavab verdi, onun sözləri Xanterin axırıncı
sözləriylə üst-üstə düşdü, sonra stullar tərpəndi və pilləkəndə addım səsləri
eşidildi. Tez qapını örtdüm, ancaq ordan uzaqlaşmayıb qulağımı açar deşiyinə
tutdum: kimsə ötüb keçdi – qadın ayaqlarının səsi idi. Bir xeyli yerimdə uzanıb baş
verənləri saf-çürük elədim və nəsə bir səs eşitməyə çalışdım. Ancaq bütün gecə
heç bir səs eşidilmədi.

Yata bilmirdim; əvvəllər ağlıma gəlməyən fikirlər mənə əzab verirdi. İlk
ehtimallar mənə sadəlövh görünürdü: Mariyanın Xanteri sevməyi heç də vacib
deyil ki, Xanter onu qısqansın (bu da, yeri gəlmişkən, təbii idi) və bu fikir onda

191
   186   187   188   189   190   191   192   193   194   195   196