Page 2 - "Xəzər"
P. 2
MÜŞ DÖVRÜN ŞAİRLƏRİ

Marina Svetayeva Mayakovskinin ölümünə həsr etdiyi şeirlərdən birində “İlahi, öz düşməninin
ruhuna rahatlıq ver” deyirdi.

Amma Mayakovski Allahdan daha çox özünün düşməni idi. Yəqin ki, dünya poeziyası öz böyük
istedadını bu cür həvəslə məhv etmiş ikinci dahi şair tanımır. Hətta on doqquz yaşında şeir yazmaqdan
imtina edib, bundan sonra şeirsiz-filansız on doqquz il də ömür sürən böyük fransız şairi Artur Rembo belə
öz istedadına qarşı Mayakovskidən daha insaflı və vicdanlı olub. Ən azı, istedadına layiq olmayan bircə
misra da yazmayıb.

Əslinə qalsa, 37 yaşında intihar edən Mayakovskinin yaradıcılığının dahiyanə dövrü
Rembonunkundan o qədər də çox çəkməyib. Çünki Mayakovski də özünün ən dahiyanə şeir və poemalarını
yaradıcılığının ilk dövründə, 21-23 yaşlarında yazıb. Onun “futurizm” cərəyanının bayraqdarı olduğu, içi
Puşkin qarışıq, o vaxta qədərki rus şairlərinin və yazıçılarının hamsını “müasirlik gəmisindən atmağa” iddia
etdiyi inqilaba qədərki o dövr həm də Birinci Dünya Müharibəsi illəri idi. Və bu müharibə havası da onun
həmin dövrdə yazdığı bir çox şeir və poemalarda duyulur.

Mayakovskinin inqilabdan sonra yazdıqları (bir neçə şeirini və “Bu barədə” adlı dahiyanə
poemasını çıxmaqla), əslində, onun bir şair kimi yaşadığı böhran və tənəzzülün məhsuluydu. Özü də, bu
böhran və tənəzzül qaynar, gurultulu şeir gecələrinin, kəskin ədəbi savaşların hay-küyü altında baş verirdi.
Bu illərin Mayakovskisi şairdən daha çox döyüşçüydü. İçiylə yox, çölüylə yaşayırdı. Bütün düşmən
saydıqlarına, sağçılara, əks-inqilabçılara və sairəyə atəş açmaqla məşğul idi. Və bu “gülləbaran” günlərin
bir günü onun öz ürəyinə sıxdığı gülləylə sona yetdi. Yenə Svetayevanın şeirində deyildiyi kimi:

“O həmişə sağa güllə atardı,

Qəfil birdən sola çaxdı gülləni”.

RAMİZ RÖVŞƏN

MAYAKOVSKİ

2
   1   2   3   4   5   6   7