BÖYÜK MÜƏLLİM

BÖYÜK MÜƏLLİM

Çox təsirli, ağrılı bir gündür. Hava da buludlu, doluxsunmuş kimidir. Sanki Azərbaycanın göyləri də böyük oğlunu – nəcib, müqəddəs İnsan, fədakar alim, unudulmaz Şirməmməd müəllimi son mənzilə yola salır.

    Əziz Şirməmməd müəllim,

  Siz mənim sevimli müəllimim, atam Məsud Əlioğlunun yaxın dostusunuz. Sözlərimi ona görə indiki zamanda bildirirəm ki, bu dostluğun, müəllimliyin əbədiyaşar olduğuna əminəm.

     70-ci illərdə Xarici jurnalistika fənnindən söylədiyiniz mühazirələr, mövzular ətrafında gəzişmələriniz - insan, cəmiyyət, milli bəşəri dəyərlər barədə söylədikləriniz mənim yəqin ki, bütün tələbələrinizin həyatında köklü dəyişikliklər, oyanışlar yaradıb, bir şəxsiyyət, qələm adamı, vətəndaş kimi formalaşmağımızda əsaslı rol oynayıb. Bunu dəfələrlə özünüzə demişəm: «Siz, tək mənim yox, bütün Azərbaycanın müəllimisiniz» əlinizi öpmüşəm. Bu sözü bu gün deyirəm əlinizi öpürəm. Bu gün vidalaşdığım insanın, yalnız unudulmaz, böyük müəllimim, atamın yaxın dostu olmadığını, bu itkinin hədsiz böyük, bütövlükdə Azərbaycan, onun insanlıq vətəndaşlıq tarixi üçün əvəzsiz, yeri heç vaxt doldurulmayacaq itki olduğunu bütün varlığımla dərk edirəm. İstəyirəm biləsiniz ki, Siz hər zaman olduğu kimi, bu gün həyatımda əhəmiyyəti yer tutursunuz, yenə ən çətin məqamlarımda üz tuta, məsləhət ala bildiyim doğma adamım olaraq qalırsınız - mən Sizi itirməmişəm. 45 il əvvəl dediyiniz fikirlər - azərbaycançılıq, vətəndaşlıq heysiyyəti, milli dirçəlişlə bağlı dərin təəssüb ağrıyla söylədiyiniz sözlər tutum həqiqət etibarilə o qədər nəhəng dəqiq, göstərdiyiniz yol, səmt o qədər aydın işıqlıdır ki, yaşandıqca, irəlilədikcə bitmir.   

     Son telefon danışığımız bir neçə ay əvvəl - Novruz bayramı ərəfəsində baş tutdu. Bayram təbrikindən sonra mən yenə həmişəki kimi, bizlərə verdiyiniz həyat insanlıq dərslərinizi xatırladım, onları unutmadığımı, jurnalistikanın nüvəsinin qorxmazlıq cəsarət, hadisələrə obyektiv, ədalətli yanaşma olduğunu, mövzu məsələlərin bütövlükdə ölkə, milli mənafe, ümumbəşəri dəyərlər baxımından qiymətləndirilməsinin vacibliyini əsla yaddan çıxarmadığımı, bizlərəjurnalistika fakültəsinin tələbələrinə aşıladığınız işıqlı ideyalarınızın, qaranlıqları aydınladan sönməz məşəl tək, hər zaman yolumu işıqlandırdığını bildirdim.

      Siz telefonun o başında, həmişəki müdrik həlimliklə susdunuz, sonra nədənsə atamdan danışdınız. Onu unutmadığınızdan, sanki bu günlərdə itirdiyiniz kimi, ağrılar dolu sevgiylə xatırlamağınızdan təsirləndimSiz heç nəyi heç kimi unutmursunuz, əziz müəllimim. Bu dünyada görüb tanıdıqlarınızı, onların işıqlı əməllərini, ömürlərini cümhuriyyət mücadilələrində, milli dirçəliş, maarifçilik uğrunda yandıranları, yazılanları, tarixin yaddaşına köçsə , nəzər-diqqətdən kənarda qalıb unudulanları Siz unutmadınız.

   Siz unudulmazsınız, Şirməmməd müəllim. Mənalı, məzmunlu ömür yolunuzla, həyatınızı, var qüvvənizi son nəfəsinizədək xalqınıza, insanların maariflənməsinə, ziyalanmasına həsr etdiyiniz təsirli həyat hekayənizlə hər zaman qəlblərdə, yaddaşlarda yaşayacaqsınız.

      Deyildiyi kimi, peyğəmbərlərin alimlərin ruhu ölməzdir. Ruhun şad olsun, əziz müəllimim!

 Afaq Məsud

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...