Ümummilli lider Heydər Əliyevin Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə çıxışı

Ümummilli lider Heydər Əliyevin Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə çıxışı

10 may –Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür

Ümummilli lider Heydər Əliyevin Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə çıxışı

Azərbaycan xalqının zəngin ədəbi irsi var. Ona görə də ədəbi irsimizin bütün gənclərə – bu gənclər hansı istiqamətdə işləyəcək, çalışacaqlarsa, ondan asılı olmayaraq – çatdırılması, tədris olunması çox mühüm bir işdir. Buna ciddi fikir vermək lazımdır.

Bunlarla yanaşı, məktəblərdə Azərbaycan dilinin tədrisinə mühüm diqqət yetirilməlidir. Bildiyiniz kimi, 10-20 il bundan qabaq biz çalışırdıq ki, Azərbaycan dili bütün məktəblərimizdə tədris olunsun və gənc nəsil məktəblərdə ilk təhsil addımlarını atarkən öz dilini – ədəbi dilini, milli dilini yaxşı bilsin. Bu barədə çox işlər görülüb. Mən bu gün fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycanın dilçiləri, dilçilik sahəsində fəaliyyət göstərən alimləri çox böyük işlər görübdür. Azərbaycan dilinin bu gün bu qədər zəngin, səlis və cazibədar olması bizim mədəniyyət, elm xadimlərimizin, ədəbiyyatşünaslarımızın, şairlərimizin, yazıçılarımızın və xüsusən dilçiliklə məşğul olan alimlərimizin, mütəxəssislərimizin xidmətinin nəticəsidir. Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.

Azərbaycan dili söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini – ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin.

Mən nə üçün bu məsələnin üzərində dururam? Çünki əldə etdiyimiz nailiyyətlərlə yanaşı, təəssüf ki, bu sahədə qüsurlarımız, nöqsanlarımız da çoxdur. Hələ çox adamlar var ki, öz ana dilində mədəni, ədəbi dilin ifadələrindən istifadə edərək yaxşı danışmaq imkanına malik deyillər.

Əgər keçmişdə bu, müəyyən qədər bağışlanırdısa – çünki onda nədənsə bəzi adamlar ancaq bir dili bilməyi özləri üçün böyük nailiyyət hesab edirdilər – ancaq indi bu, yolverilməz haldır. Şübhəsiz ki, hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı öz ana dilindən savayı, bir çox dilləri bilməlidir. İndi bu, xüsusən lazımdır. Hələ keçmişdə bizim respublikamız Sovet İttifaqının tərkibində idisə, onun çərçivəsində yaşayırdıqsa, dünyadan müəyyən qədər və ya həddindən çox təcrid idiksə, onda bütün Sovetlər İttifaqında əsas hakim dil rus dili idi və respublikamızda Azərbaycan və rus dilləri də işlənirdisə, indi biz bütün dünya ilə əlaqədəyik, müstəqil dövlətik. Bütün sahələrdə, o cümlədən təhsil sahəsində həm Qərb ölkələri ilə, həm Şərq ölkələri ilə, bütün dünya ölkələri ilə əlaqə saxlayırıq. Ona görə orta məktəblərimizdə başqa dillərin öyrənilməsinə də çox ciddi fikir verilməlidir.

Keçmişdə mən bəzən ayrı-ayrı ölkələrin orta təhsilli gəncləri ilə rastlaşarkən müşahidə edəndə ki o, 3-4 dil bilir, һeyran olurdum. Eyni zamanda fikirləşirdim ki, nə üçün bizim orta məktəblərimiz bu cür təhsil vermir? Ancaq bunun müəyyən səbəbləri də var idi. O vaxtlar başqa bir sistem idi.

İndi isə müstəqilik. Ona görə də bütün dillərin tədris olunması çox gərəklidir. Xüsusən dünyada çox, geniş işlənən dillərin orta məktəblərimizdə öyrənilməsi vacibdir. Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici dil bilsinlər. Ancaq bununla yanaşı, öz ana dilini bilmək hər bir azərbaycanlı üçün lazımdır. Bir də deyirəm: biz öz dilimizlə fəxr edə bilərik. Çünki dilimiz zəngin dildir, ədəbiyyatımız zəngindir, mədəniyyətimiz zəngindir və bunların hamısı da ana dilimizlə, Azərbaycan dili ilə bağlıdır. Lazımdır ki, orta məktəblərimizdə bu məsələlərə çox ciddi fikir verilsin.

 

                                                                                              Bakı şəhəri, 31 avqust 1994-cü il

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...