Ümummilli lider Heydər Əliyevin TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbul edərkən çıxışı
Ümummilli lider Heydər Əliyevin TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbul edərkən çıxışı
Milləti yaşatmaq və millətin indiyə qədər olduğu kimi, əzilməsinin qarşısını gələcəkdə almaq üçün dilimizi qorumalıyıq. Türkdilli xalqların dillərində bir qədər fərq var, amma bu dillərin kökü birdir. Mən belə düşünmürəm ki, biz gərək dilimizi tatar dilinə oxşadaq. Yaxud da qırğızlar dillərini bizim dilə oxşatsınlar. Yox. Əsrlər boyu dillərimiz belə yaranıb. Amma eyni zamanda dilin işlənməsi mümkün olmadığına görə, bizim dillərimiz lazımı qədər inkişaf edə bilməyib. Ona görə də mən Azərbaycan dili haqqında fərman verdim. Azərbaycanda latın əlifbasına keçmək barədə fərman verdim və onun yerinə yetirilməsini təmin etdim. Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda onu heç nə dəyişdirə bilməz. Allaha şükürlər olsun ki, bizim Azərbaycan dili çox mükəmməlləşib, çox genişlənibdir. Dilimizin çox böyük lüğət ehtiyatı var. Bizim Azərbaycan dili şeir dilidir. Yadımdadır, mən bir-iki dəfə burada, ya da Türkiyədə toplantılarda nitq söyləyəndən sonra dostum Süleyman Dəmirəl mənə deyirdi ki, sən şeir oxudun. Deyirdim ki, yox, mən nitq söyləyirdim. O deyirdi, amma Azərbaycan dili o qədər şeir dilidir ki, bəzən fərqinə varmaq olmur, nitq söyləyirsən, yaxud şeir deyirsən. Eləcə də Anadolu türkcəsi. Anadolu türkcəsi də vaxtilə çox əzablar çəkib. Osmanlı imperatorluğunda sarayda fars dili, ərəb dili işlənirdi. Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün adı ilə bağlıdır. Bugünkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir. Mən Azərbaycanda Atatürk Mərkəzi yaratmışam. Çünki Atatürk təkcə Anadolu türklərinin deyil, bizim hamımızındır. Mən Anadolu türkcəsinin o vaxtlar nə qədər ağır vəziyyətdə olduğunu bilirəm. Əgər Atatürk dil haqqında qərarlar qəbul etməsəydi, bu gün belə gözəl Anadolu türkcəsi olmazdı. Ona görə də dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən bunu demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bu dili bilməsən, sən tam azərbaycanlı olmursan. Elədir, yoxsa yox? Mən bunu sizə ona görə deyirəm ki, dili inkişaf etdirmək TÜRKSOY-un əsas vəzifələrindən biridir. Dilimizi bir-birinə bağlamaq, yaxud da ki, bənzətmək lazım deyil. Məsələn, türkmənlərin danışığının bir qismini mən başa düşürəm, amma bir qismini başa düşmürəm. Eləcə də siz. Elədirmi? Türkmən və Azərbaycan dilləri bir-birinə daha yaxındır. Türk dili və Azərbaycan dili eynidir.
Bakı şəhəri 6 fevral 2003-cü il
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.