Tərcümə Mərkəzinin stendi V Bakı Beynəlxalq Sərgi-Yarmarkasında

Tərcümə Mərkəzinin stendi V Bakı Beynəlxalq Sərgi-Yarmarkasında

Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

Bakı İdman Sarayında keçirilən və 3 gün davam edəcək sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla, ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir. Sərgidə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrlərinə xüsusi stend ayrılıb, qurumun kitab və jurnalları sərgi iştirakçılarına təqdim edilib.

Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib. Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını qeyd edib.

Nazir son illər kitabxanaların yeni, latın qrafikalı nəşrlər hesabına zənginləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamına və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında verdiyi müvafiq sərəncama uyğun olaraq reallaşdırılır.

Ə. Qarayev bildirib ki, ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür: "Bu gün kitab nəşri sahəsində əsas məqsəd ən müasir texnologiyaları ölkəmizə gətirmək, kitabları təbliğ etmək və yaymaq, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir".

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev oxucuları kitab bayramı münasibətilə təbrik edib: "Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq ənənə halını alıb. Kitab bəşəri dəyərdir və belə sərginin ölkəmizdə keçirilməsi yüksək qiymətə layiqdir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir. Əminəm ki, gələcəkdə bu yöndə daha da böyük işlər görüləcək və iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər".

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar. Tərcümə Mərkəzinin nəşrləri sərgi iştirakçılarında xüsusi maraq oyadıb. Oxucular qurumun jurnal və kitablarını endirimli satışla əldə edə biliblər. Həmçinin, qonaqlara müxtəlif nəşr məhsulları hədiyyə edilib.

Tərcümə Mərkəzinin stendinə yaxınlaşaraq, qurumun kitab və jurnalları ilə maraqlanan Baş nazirin müavini E.Əfəndiyev və mədəniyyət naziri Ə.Qarayev nəşrlər haqqında öz fikirlərini bildirib.

Elçin Əfəndiyev qurumun nəşrlərini ardıcıl izlədiyini və bu nəşrlərin böyük maarifçilik işinin nəticəsi olduğunu dilə gətirib: "Doğrudan da, çox yaxşı işlər görülür və yüksək qiymətə layiqdir. "Xəzər" jurnalının özü müasir ədəbi nəsli, ümumilikdə Azərbaycan  oxucularını maarifləndirmək baxımından Rusiyanın məşhur "Иностранная литература" jurnalı ilə eyni sırada, ölkəmizdə onun əvəzi kimidir. Tərcümə edilən əsərlər də çox dürüst seçimin məhsullarıdır".

Əbülfəs Qarayev isə qurumun nəşri olan "Azərbaycan-ərəb dili danışıq kitabçası" ilə bağlı təklif irəli sürüb: "Yaxşı olardı ki, növbəti nəşrdə bu danışıq kitabçasında ərəbcə sözlərin transkripsiyası da qeyd edilsin. Bu, həmin dillə daha rahat əlaqə yaratmış olar".

Sərgidə iştirak edən millət vəkilləri, ictimai xadimlər, ədəbiyyat adamları, digər qonaqlar Tərcümə Mərkəzinin nəşrləri ilə tanış olub, sərgi və kitablar haqqında fikirlərini bildiriblər.

Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanda beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsini mötəbər hadisə kimi dəyərləndirib: "Sevindirici haldır ki, ölkəmizdə kitab sərgilərinin keçirilməsi təcrübəsi yeni olsa da, artıq əks-səda doğura və oxucuları cəlb edə bilib. Tərcümə Mərkəzinin dünya ədəbiyyatının dəyərli nümunələrini dilimizə çevirərək, azərbaycanlı oxucu üçün daha əlçatan etməsi diqqətəlayiq haldır".

Ombudsman Elmira Süleymanovanın sözlərinə görə, Azərbaycanda müxtəlif səpkili sərgilər keçirilir və onlar ölkəmizin zənginliyini, hərtərəfli inkişafını dünyaya təqdim edir: "Ancaq kitabın təbliği daha vacibdir. Çoxları deyir ki, informasiyanı internet vasitəsilə əldə edirik, ancaq yüz il də ötsə, kitabı heç nə əvəz edə bilməz. Kitab bizə həyatda bələdçilik edən, tərbiyələndirən, Vətəni sevməyi öyrədən bir işıqdır".

Millət vəkili akademik Nizami Cəfərov təəssüratlarını belə ifadə edib: "Türk xalqlarının sərgidə belə geniş təmsil edilməsi çox önəmlidir. Cəmiyyətdə kitaba marağın azaldığı barədə fikir yaranıb. Ancaq bu sərgi və sərgiyə olan diqqət, əksinə, kitaba marağın yüksək olduğunu göstərir. Bu sərginin üstün cəhəti uşaq kitablarının geniş təqdim olunmasıdır. Dünyanın çox yerində keçirilən kitab sərgilərində iştirak etmişəm və deyə bilərəm ki, bu sərgi həmin yüksək səviyyəyə tam cavab verir. Tərcümə Mərkəzinin stendi isə xüsusi seçilir. Bu stenddə nümayiş olunan kitabların əksəriyyəti ilk dəfədir Azərbaycan dilində çap olunur. Bu, çox önəmli məsələdir".

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi ölkəmizdə keçirilən beynəlxalq kitab sərgisini və burada təmsil olunan Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib: "Mərkəz tərəfindən qısa zaman çərçivəsində - cəmi üç il ərzində dünya ədəbiyyatının xeyli seçmə nümunəsi Azərbaycan dilinə tərcümə edilib. Mərkəzin nəşrlərindən olan antologiyalar, lüğətlər də xüsusi diqqətə layiqdir".

Şair-tərcüməçi Çingiz Əlioğlu isə qeyd edib ki, bu sərgi Azərbaycanda kitab nəşri işinin yeni bir mərhələyə qədəm qoymasından xəbər verir: "Beynəlxalq kitab sərgisi ənənəsinin davam etdirilməsi və daha da genişləndirilməsi çox xoşdur. Bu tədbirin baş tutması ölkəmizin mədəni həyatında mühüm hadisədir.

Tərcümə Mərkəzinin nəşrlərini daim izləyir, oxuyuram. Düşünürəm ki, qurumun yaradıcı kollektivi ölkəmiz üçün son dərəcə vacib işlər görür - həm dünya ədəbiyyatının ən yaxşı nümunələrini Azərbaycan oxucusuna təqdim edir, həm də Azərbaycan ədəbiyyatının klassik və çağdaş mənzərəsi ilə dünya oxucusunu tanış edir".  

Millət vəkili Fazil Mustafa kitab sərgisi ənənəsinin artıq Azərbaycanda da yaranmasının sevindirici hal olduğunu deyib: "Hesab edirəm ki, bu sərgini daha tez-tez keçirmək lazımdır. Bu, kitaba marağı və mütaliə vərdişini daha da artıracaq. Kitab oxumayan cəmiyyətin irəli getməsi mümkün deyil".

Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək.

Sevinc Fədai

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.