İkicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası Moskvanın ədəbi ictimaiyyətinə təqdim olundu

İkicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası  Moskvanın ədəbi ictimaiyyətinə təqdim olundu

Dekabrın 23-də Moskvanın "Xarici ölkələr ədəbiyyatı" kitabxanasının Böyük zalında ikicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Moskva Yazıçılar Birliyi, "Poetik Moskva" jurnalı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri ilə yanaşı, tanınmış rus şair və yazıçıları, elm və sənət adamları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva açaraq, nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyətindən, ölkələr və xalqlararası anlaşmada oynadığı mühüm rolundan danışıb və kitabın tərtibçisi - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra söz Mərkəzin direktoru Afaq Məsuda verilib:

"Nəzərinizə təqdim olunan bu ikicildlik, bizim milli ədəbiyyatımız tarixində ilk hadisədir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur. Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb. Təəssüflə bildirməliyəm ki, bəlkə də bunun nəticəsidir ki, bu gün dünya ədəbi müstəvisində Azərbaycan ədəbiyyatı haqqında real təsəvvür yoxdur, dünya kitabxanalarında bu ədəbiyyatı təmsil edən kitablara demək olar ki, rast gəlinmir. Dünyanın, belə bir qədim tarixi, zəngin ənənələri olan ədəbiyyatdan xəbərsizliyi, yalnız ürək ağrıdır.  Artıq bir neçə dilə tərcümə olunan bu kitabın yaranma məqsədi də məhz budur: Azərbaycanın zəngin ədəbiyyatını, layiq olduğu səviyyədə dünyaya tanıtmaq. Üzümüzə gələn il antologiyanın, ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir".

Sonra Moskva Yazıçılar Birliyinin sədr müavini, yazıçı Valeri İvanov Taqanski cıxış edərək, ikicildliyin tarixi və ədəbi əhəmiyyətindən, Azərbaycan ədəbiyyatının rus oxucusuna bu vaxta qədər məlum olmayan gizli imkanlarından danışıb: "Sizə səmimiyyətlə bildirməliyəm ki, bu kitab mənim üçün, sözün əsl mənasında kəşf oldu. Azərbaycanın belə bir ədəbiyyata malik olduğunu bilməzdim. Bu, böyük ədəbiyyatdır və belə bir ədəbiyyatı olan xalq, şübhəsiz ki, böyük xalqdır".

Daha sonra nəşrin ictimai əhəmiyyəti və ədəbi dəyəri barədə filologiya elmləri doktoru Anastasiya Qaçeva, "Poetik Moskva" jurnalının baş redaktoru Natalya Rodionova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icracı direktoru İlqar Hacıyev, Konqresin müşaviri Manaf Manafov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, ikicildlikdə yer alan əsərlər barədə fikirlərini bölüşüblər. Tədbirin bədii hissəsində Moskva "Bolşoy teatrı"nın solisti Fyodor Tarasov,  Moskvanın "Katyuşa" Estetika Mərkəzinin uşaq xoru, Rusiyanın əməkdar artisti Qalina Ulyotova və Dmitri Malçevin ifasında, antologiyada yer almış Azərbaycan şairlərinin şeirləri oxunub, mahnılar və musiqi parçaları səsləndirilib.    

Tədbirin sonunda Afaq Məsuda, bu il may ayının 13-də həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının Diplomu və mantiyası təqdim olunub.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.