Cavid Zeynallının hekayəsi Avstriya portalında

Cavid Zeynallının hekayəsi Avstriya portalında

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc və istedadlı yazıçı Cavid Zeynallının alman dilinə tərcümə edilmiş “Coğrafiya müəlliminin pencəyi” hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – alman dili mütəxəssisi Sahibə İbrahimova və Avstriyanın tanınmış filoloqu Andreas Kriberdir.

Qeyd edək ki, 2006-ci ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrinin gənc yazarlarının yaradıcılığını işıqlandırır.

 

 

Cavid Zeynallı

– 1986-cı ildə Cəlilabad şəhərində anadan olub;

– Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr və magistr təhsili alıb;

– 2010-cu ildə “Günəşi gözləyənlər” adlı ilk romanı işıq üzü görüb;

– 2010-cu ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatına layiq görülüb.

 

https://www.gedichtesammlung.net/Kurzgeschichten/

 

 

Coğrafiya müəlliminin pencəyi 

 
Ağacı hündür-gövdəli, kol-kosu həyat sevdalı çaydır, axıb gedir, burulub uzanır payız dumanında itib-görünən obalara. Çay yatağına sığınan kənddir, balaca ee, bapbalaca. Kəndin aşağı başında evdir, damı salxaq, boyu alçaq, gözü qorxaq. Evdə dördcə adam: bir kişi, bir qadın; iki uşaq - biri oğlan, biri qız. Mən o kişidən, o qadından, o it küçükləri kimi şirin-sığallı uşaqlardan danışmaq istəyirəm.
 
İbrahim müəllim evə fikirli gəlib. Qayğılıdır. Elə bil, hay-küylə içəri girib Muradı cırnadan, Məryəmin hörüklərini dartıb-dartışdıran o həmişəki adam qalıb çayın o tayında. Payız palçığına batan ayaqqabıları da bizim kənd müəlliminin kədərinə şərik: zəndlə baxsan, görərsən ki, bir cüt əzik tufli pilləkənin ayağında baş-başa verib qəmlənir.
 
Bizim coğrafiya müəllimi keçir lap başdakı otağa. Keçib pencəyini atır stulun başına, qalstukunu boşaldıb boynu üçkünc yun jiletini dartır başından aşağı. Nərgiz bacı balaları yanında, dayanıb qapı ağzında. Lal-dinməz. Bir az ürkək, bir az qorxaq. "Bu kişiyə nolub, niyə dillənmir?”, Nərgiz bacı əməllicə yorulur, köks ötürür, sinəsindən qopan fısıltı balalarının üz-gözünü yalayıb keçir, qızın hörüyünün bir ilməsi açılır, oğlan udqunub altdan-yuxarı baxır anasının üzünə, baxıb qısılır anasının dizinə. İbrahim müəllim əlini salır pencəyin ciblərinə, eşib-eşələyir, qurdalayır və ümidsiz barmaqları bu dəfə şalvarın ciblərində oynaşır, gəzib-dolaşır.
 
Kənd içində Alış dayı,
Adlı-sanlı əkinçiydi,
 
Bunu oğlan deyir;
 
Əməyinə düşən payı,
Ürəyinin sevinciydi.
 
Bunu da qız.
 
Bayırdan hinduşka hökkültüsü gəlir, xoruz banlayır, ördək vaqqıldayır. Uşaqların səsi olur sərin su, səpilir Nərgiz bacının ürəyinə. Pıqqıldayır qıqqa-pıqq. Hinduşka, ördək, xoruz Nərgiz bacıya qoşulur, bu dəfə səsləri lap bərkdən çıxır.
 
- Kişi, ay kişi...
 
- Pulu itirmişəm...
 
- ...
 
- Xədicə müəllimənin qaytardığı pulu deyirəm də. Borc almışdı ha, o pulu. Aldım, qoydum cibimə, getdim məktəbə. Dərsimi dedim, evə çatanda əlimi cibimə atdım ki, uşaqlara bir şey alım, gördüm... yoxdu, pul düşüb...
 
Nərgiz bacı içini çəkdi, sonra mal-məlul ərinin sifətinə baxıb bilmədi, nə desin: desin, canın sağ olsun? Olsun e, olsun, İbrahim müəllimin canı lap belə sapsağ olsun, intəhası, ilin günün bu kasıb vaxtında pul itirmək ayrı şeydir, can sağlığı ayrı. İbrahim müəllim balalarını da yanına salıb düşdü həyətə, darvazadan bayıra çıxanda Nərgiz bacı da özünü yetirdi. Dağılıb-dağılışdılar palçıqlı kənd yoluna.
 
İbrahim müəllim qabaqda gedir. Arvadı-uşağı ondan arxada yeri-göyü çəkir gözünün ən iti yerinə, ən dərin yerinə. Nərgiz bacının gözünün işığı yolun hər dəlmə-deşiyinə düşür, otu-ələfi, daşı-kəsəyi yalayıb keçir, ağaclar xollu-budaqlı Muradın, Məryəmin çıqqılı bəbəklərinə yerləşir. Deyərsən, o xollu-budaqlı ağaclar özünü günahkar bilib elə indicə başlarını əyəcəklər aşağı, utanacaqlar, torpaqdan qopub düzələcəklər bizim coğrafiya müəlliminin arxasına; sonra kəndin bütün ağaclarını, daş-kəsəyini ayağa qaldıracaqlar, göydə quşlara, yerdə ilana-qurbağaya xəbər yollayacaqlar ki, o pulun min dərdi vardı, o pul düz iki ayın qəndini, çayını, yağını, ətini, düyüsünü, kartof-soğanını ödəyərdi, hələ Murada bir cüt ayaqqabı, Məryəmə əlcək, papaq almaq olardı, hələ bir az da bərk dayansaydılar, Nərgiz bacı rayondan özünə yun şal gətirdib yarı pulunu borca yazdırardı. 
 
Bizim coğrafiya müəllimi arzulayırdı ki, bircə bu peşmançılıqdan Xədicə müəllimə xəbər tutmasın. İstəmirdi, onu utandırsın, istəmirdi, arvad yaşının bu çağında ürəyinə min fikir gətirsin. Hər gün üz-üzə gəlirdilər, ortalıqda xətir-hörmət vardı, üstəlik, Xədicə Muradla Məryəmin müəlliməsi idi. Pulu İbrahim müəllimdən aldığı xeyli vaxtdı, intəhası, qaytarmırdı ki, qaytarmırdı. İbrahim müəllim də utanırdı söz salmağa, üzü gəlmirdi desin ki, o pulu bəlkə filan-filan...
 
Bir ara özünə möhkəm söz verdi: ki, çəkinmək lazım döyül, ilin-günün bu vaxtında altı ay heç kim heç kimə borclu qalmır, görən kimi özünü toparlayıb istəyəcək. Kimə deyirsən, Xədicə müəlliməni görən kimi əl-qolu düşürdü yanına, dili ağzında quruyurdu. Bir dəfə Xədicə müəllimə nə isə tamam başqa şeydən danışırdı: tutalım, Muradla Məryəmin dərslərindən. İbrahim müəllim onu eşitmirdi, xəyal qururdu, fikri-zikri borcun yanında idi, hey istəyirdi, o zəhrimar cümləni dilinə gətirsin, yenə desin, bəs filan-filan... qış gəlib, uşaqların da... əyin-başı... yo-yo-x-du. Demədi, demək istəmədi. Hərçənd, özündən bixəbər, özündən ixtiyarsız dilindən nəsə çıxdı, (Ya bəlkə İbrahim müəllimə elə gəlirdi?) bəlkə, pu-pu-l dedi, bəlkə bo-borc, kəsdirəmmədi. Bircə onu dəqiq bilirdi ki, bədəninə istilik gəldi, pörtdü-pörtdələndi, yerə girdi, çıxmadı. Və özünə söz verdi: cəhənnəm olsun hər şey, iki dünya bir ola, o zəhrimara qalan borcu istəməyəcək. Məryəmin balaca əlləri haqqı, arvadı yaşının bu çağında utandırmaq kişilikdən deyil.
 
Elə bu fikirlə külfəti göndərdi evə, bərk-bərk tapşırdı ki, bir daş altda, bir daş üstə: pulun itməyindən qohum-qonşu xəbər tutmasın. Ta məktəbəcən qabağına kim çıxdısa, hərəyə bir bəhanə dedi, hərəni bir yolla başınnan elədi.  
 
* * *
 
Məktəb qarovulçusu onu görər-görməz sevincək oldu, uzaqdan-uzağa əl elədi ki, gəl e, gəl, materik əzəmətli adam, yaman darıxırdım, Allah səni hardan göndərdi? Qarovulçu kor Həsənağadır, arıq, sısqa adamın biri. İntəhası, dilli-dilavərdi, bizim coğrafiya müəllimi həmişə deyər ki, kor Həsənağa kimi gəvəzəlik edəni heç Hindistanda da tapa bilməzsən. Beş-on il əvvəl odun parçası gözünə girib, özü demiş, bəbəyi olub deşik-deşik. Kor deyəndə də incimir, təki suallarına İbrahim müəllimdən cavab alsın:
 
- Ay məllim, küləy nətər əsir e, yağış nətər yağır, gecə nətər düşür?!
 
İbrahim müəllim həmişə deyər ki, Həsənağa küt şagird kimidir, bir şeyi çürüyü çıxana qədər izah elə, başa düşsə, Fəratın suları mənə qənim olsun!
 
Müəllimi kefsiz görəndə əl-ayağa düşdü Həsənağa. Düzünə qalanda, bizim kor pis adam deyil: ürəyi təmizdir, adamın çətin günündə əlini diri-diri odda yandırar.
 
- Bir yerin ağrıyır?
 
- Əşşi, yox...
 
- Nərgiz bacı ilə dalaşmısan?
 
- Yox e, yox... 
 
- Hə, bə nolub? Yenə atmosferin çirklənməyinin dərdini çəkirsən?
 
Həsənağa gülür, nə gülür. Bu cümləni də İbrahim müəllimin dilindən əzbərləyib. Oturub bala-bala gillədirsən, arağın lap şirin yerində bizim müəllim fikirli-fikirli qayıdır ki, ay Həsənağa, atmosferin çirklənməyi bəşəriyyətin böyük probleminə çevrilib. Həsənağaya ha, bizim kora deyir bunu. Kor da üz-gözünü turşudur: əşşi, belə lap Muradın şeyinə ki, qoy arağımızı içək dəə!
 
- Xədicə müəllimə məndən borc almışdı, bu gün qaytardı. Aldım, qoydum cibimə, gəldim məktəbə. Dərsimi dedim, evə qayıdanda əlimi cibimə atdım ki, uşaqlara bir şey alım, gördüm... yoxdu, pul düşüb...
 
Həsənağa tutuldu, yaman tutuldu. Peşman oldu zarafatından. Gördü, İbrahim müəllim bir az həyəcandan, bir az da payız sazağından tir-tir əsir. Girdi qoluna, gətirdi qarovul daxmasına, qabağına isti çay qoydu, dedi, bunu iç, özünə gəl, bir yerdə axtaraq.
 
İbrahim müəllim çayı içməyinə içdi, lap belə gözünə təpdi, intəhası, özünə gəlmədi ki. Qoşalaşıb düşdülər məktəbin canına: əvvəl həyət-bacanı axtardılar, sonra məktəbin dörd tərəfində nə ki dəlmə-deşik vardı, it kimi iylədilər, siniflərə baxdılar; İbrahim müəllim partaların altına-üstünə əlini elə gəzdirirdi, elə bil, sığal çəkir, əzizləyir, yaltaqlanır ki, pulu qaytarsınlar, pulu versinlər.
 
Yorulub oturdular məktəbin pilləkənlərində. Bir-birinin üzünə baxıb hey susdular. Payızın sazağı boyun-boğazlarını üşüdəndə Həsənağa dik atıldı yerindən, özünü verdi anbara. Qoltuğunun altında bükülü, dayandı İbrahim müəllimin qabağında:
 
- Sən Allah, fikir eləmə. Taparıq, burda düşübsə, vallah, taparıq.
 
Coğrafiya müəllimi dinmədi, eləcə fağır-fağır baxdı korun üzünə, baxdı Həsənağanın gözlərinin içinə, bilmədi nə desin.
 
- O gün girdim sinfə, gördüm rəhmətlik Səməndərin oğlu nədi, o yekəbaş gədə...
 
- Hə...
 
- Bir qızı öpür. Məni görən kimi öldü, dirilmədi. Qızı yola salannan sora gəldi yanıma ki, Həsənağa dayı, bağışla də, nolar, məni bağışla, qələt eləmişəm. Dedim, a gədə, qələt niyə eləyirsən? İntəhası mənə de görüm, o qızı alacaqsan? Dedi, hə, dədəmin goru.
 
- Qız kim idi?
 
- Əşşi, ay məllim, hər şeyi soruşma da. Soruş ki, sora noldu?
 
- ...
 
- Sora... gədə sabahısı gəldi ki, Həsənağa dayı, sənə araq gətirmişəm, bəs qardaşım Tümennən göndərib əmimə, mən də birini əkişdirdim.
 
İbrahim müəllimin eyni açıldı, yaman açıldı. İstədi, çırtıq çalıb oynasın, istədi qol götürüb ortalıqda tozanaq qoparsın. Zəvzək olanda nolar, dedim axı, Həsənağa yaxşı adamdı, xoş adamdı; sevindi Həsənağa, İbrahim müəllimin eyninin açılmağına elə sevindi ki. Tezcənə cumdu daxmasına. Süfrəyə, naz-nemətə bax: iki taraş stəkan, para təndir çörəyi, pendir, ağ turp, qırmızı turp, acı bibər, şirin bibər, cücənin tən yarısı, alça turşusu, gavalı turşusu, badımcan turşusu...
 
- Sənin sağlığına, məllim. Muradın sağlığına, Məryəmin sağlığına, Nərgiz bacının sağlığına.
 
Toqquşdurdular. İbrahim müəllim burnunun altında nəsə mızıldandı, razılıq elədi. Sonra gözlərini yumub başını stəkana sarı əydi, taraşı çəkdi başına. Elə bil, İbrahim müəllimin içində çiçək sulayırdılar. İbrahim müəllimin içi çiçəkləyirdi. İbrahim müəllim yepyekə, adam şəklində, paltarlı, əlli-ayaqlı ürək kimi döyünməyə başladı. Gülümsədi. Elə sevinirdi, deyərdin, Muradın mövlud günüdür, deyərdin, köhnə dəyirmana su gəlib, deyərdin... nə bilim, vallah, deyərdin də, deyərdin!
 
İbrahim müəllim Tümen arağını gillətdikcə Bakını xatırlayırdı. Alatavada, Xutorda, Sovetskidə kirayə qaldığı o doğmadan doğma, o əzizdən əziz evlərdə qurduqları kasıb tələbə məclislərini xatırlayırdı. İndi o gözəl günlər qalmışdı dağların o üzündə. Uzaq-uzaq obalara səmt alan çayın suları yuyub aparmışdı o ballıca günləri. Onda dərdin-qayğının üzü bu qədər əclaf deyildi, göydə günəşi, yerdə adamları sinəyə çəkmək olurdu, ürəyə vurmaq olurdu; göydə günəşdən, yerdə adamlardan xoşbəxt olmaq olurdu. Onda arıq, şüvərək tələbə İbrahim Muradın ayaqqabısına, Məryəmin əlcəyinə, papağına, Nərgiz bacının yun şalına, iki ayın qəndinə, çayına, yağına, ətinə, düyüsünə, kartof-soğanına yetən pulun dərdini-azarını çəkmirdi, çəkmirdi...
 
- Məllim, ay məllim, sənə noldu?
 
-...
 
- Məllim, eşidirsən, məllim? Sən...
 
-...
 
- Sən ağlayırsan?
 
-...
 
Həsənağa coğrafiya müəlliminin çiyinlərindən yapışıb bərk-bərk özünə çəkdi, qucaqladı İbrahim müəllimi, sonra siqaret yandırıb uzatdı ona, baş-başa verib tüstülədəndə kor gördü yox, İbrahim müəllim kirimir, lap uşaqlıq eləyir, lap özünü uşaq kimi aparır. İstədi ortalığa yüngüllük gətirsin, dedi, ay məllim, küləy nətər əsir e, yağış nətər yağır, gecə nətər düşür?!
 
İbrahim müəllim birdəncə qalxdı ayağa, yapışdı korun yaxasından. Çəkdi özünə, baxdı deşik-deşik olan bəbəyinin düz ortasına. Baxdı, baxdı, lap axırda elə bağırdı, elə  bağırdı:
 
- Məni ələ salıbsan, oğraaaş? 
 
İbrahim müəllimin bağırtısından daxmanın pəncərəsində oynaşan payız çiskini diksindi, araq şüşəsinə çat düşdü. 
 
- Məllim, burax yaxamı. Məllim... 
 
- Dedim, məni dolayıbsan, oğraş?
 
- Bu nə sözdü, məllim?
 
- Sən götürüb gizlədibsən, hə? 
 
Həsənağa day heç nə demədi.
 
* * *
 
Səhərin gözü açılan kimi İbrahim müəllim əvvəl Nərgiz bacıdan utandı. Sonra Muradla Məryəmin gözünün içinə baxa bilmədi. Tərslikdən, Nərgiz bacı da danışmırdı, evdə ruh kimi gəzirdi, evdə qaraltısı dolaşırdı. Uşaqlar divarlara, döşəməyə-tavana hopan xəcalət sükutunu pozub nəsə soruşanda yenə səs-səmir gəlmirdi ki, gəlmirdi. İbrahim müəllimdə heç belə olmazdı: halalca, bu qul-qaravaş kimi dilsiz arvadından bir kəlmə söz soruşa bilmirdi, ortalığa çökən ağırlığa zarafata salıb yüngüllük gətirə bilmirdi ha.
 
Özünü toparlayıb Həsənağa ilə dalaşmağını xatırladı. Evə gələn kimi səsinin gur yerinə salıb Nərgiz bacının üstünə bar-bar bağırmağını yadına saldı. Arvadının könlünü birtəhər alardı, uşaqlarını acılamağı keçib gedəcəkdi, bəs Həsənağanın üzünə necə baxacaqdı?
 
Elə suallara cavab axtarırdı ki, telefonu zəng çaldı. Ürəyi atlandı İbrahim müəllimin. Görəsən kim idi?
 
-Alo...
 
Telefonla danışa-danışa İbrahim müəllimin üzü işıqlanırdı, üzü gülürdü, axşamkı qanıqaralıq tamam yadından çıxmışdı. İşıqlanan təkcə üzü deyildi. İbrahim müəllim səsinin lap bərk yerinə salıb evi sağ-sol ölçəndə addımları çiçəkləyirdi, gül açırdı ayağı dəyən yerlər. Sonra evə sığmadı, yerləşmədi, pilləkənləri düşüb həyətin o başına yeridi, bu başına gəldi, güldü, özündən getdi İbrahim müəllim.
 
Nərgiz bacının gözlərindən oxunan sualları görəndə bir az da üstünə qoydu, lap uşaq kimi sevindi, dedi, Bakıya gedəcəyik, şəhərə aparacağam sizi:
 
- Azər bizi oğlunun sünnətinə çağırır. Toya gedəcəyik. 
 
İbrahim müəllim gördü arvadı yenə həmən-həmənkidir, qırışığı açılmır, başladı gözgörəti yaltaqlanmağa, başladı dil-dil ötməyə. Dedi, tələbəliyimin ən gözəl dostudur Azər. Dedi, elə oğlandır, ona görə əlimi qaynar qazana salaram, uf demərəm. Hələ Murad doğulanda Azərin arvadını da götürüb kəndə gəlməyini, Məryəm doğulanda bir cüt sırğa, pal-paltar göndərməyini demirəm.
 
İbrahim müəllim dünyadan xəbərsiz hüdüləyib tökəndə Nərgiz bacı özü boyda sual işarəsinə dönüb soruşurdu: nəynən gedəcəksən? Nəynən e, nəynən? İbrahim müəllim arvadının sual işarəsinə döndüyünü görüb udqunanda bayırdan hinduşka hökkültüsü gəldi, xoruz banladı, ördək vaqqıldadı. Hinduşkalar dedi: bizi sat. Ördəklər dedi: bizi də. Xoruz dedi: məni də, məni də. Anbarda buğda kisələri yerində dingildədi: yaddan çıxmayaq. Nərgiz bacının sırğası qulağında oynaqladı: bə mən?
 
Qoşuldular ər-arvad bir-birinə, uğundular. Axıb-axışan gülüş evin divarlarını aşdı, toyuq-cücə cumdu həyətə dağılan gülüşə, doldurdu çinədanına, sonra o gülüş yayıldı çay yatağına, uzandı payız dumanında itib-görünən obalara.
 
Hinduşka hinduşka ilə, ördək ördəklə qoşalaşdı, ayaqlarını gətirdilər Nərgiz bacının əlinə ki, bağla, at maşına, üzü bazara sarı ya Allah. Nərgiz bacının bircə xoruza heyfi gəldi, toyuq-cücəni başsız qoymaq istəmədi. Həmin gün buğda kisələri oldu yüpyüngül, atılıb çıxdılar İbrahim müəllimin qolları arasına. Ki, sənə görə min yol...
 
Yolboyu İbrahim müəllim buğda kisələrini, hinduşkaları, ördəkləri, toyuq-cücəni neçə dəfə satdı, pulunu bölüb-bölüşdürdü, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqdan yorulanda yuxu tutdu İbrahim müəllimi. Bir də bazarda ayıldı. Satdı nə gətirmişdisə. Hər şeyin pulu düzəldi, bircə pencəkdən savayı. İstəmirdi dostlarının qabağına bu nimdaş, mil-mil pencəkdə çıxsın. Yaman köhnəlmişdi pencək. Belə olmayan kimi. Bizim coğrafiya müəllimi neçə aydan bəri nə illah edirdi pencəyi dəyişə bilmirdi. Cındırı çıxmış mil-mil üzünə salıb dörd əllə sarılmışdı İbrahim müəllimə.
 
- Sırğanı sataq, özünə pencək al.
 
Razı olmadı İbrahim müəllim.
 
- Ayıbdı, vallah, ayıbdı.
 
Nərgiz bacı özü dedi, özü eşitdi.
 
Toy günü səhər o başdan yola çıxdılar. İbrahim müəllim Murada, Məryəmə baxıb sevinirdi. Ürəyi atılırdı. Ürəyi çırpınırdı. Pal-paltarlarını özü seçmişdi, qızın saçını hörmüşdü, oğlanın əyin-başını sahmana salmışdı.
 
Hələ Nərgiz bacı. Elə bəzənmişdi, deyərdin, gün uzunu həyət bacada eşələnən çoban Əsgərin qızı deyil, indicə şəhərin göbəyindən gəlib düşüb boyu alçaq, gözü qorxaq evə.
 
Ta dəniz görünənə qədər İbrahim müəllim yolboyu fikir elədi. Xədicə müəlliməni də bir tərəfdən huşundan çıxara bilmirdi. Xədicə müəllimə yadına düşəndə pul da lap uzaqlardan ona əl edirdi: burdayam haa-aa... məni itirmisən, dərdimi çək, yaddan çıxarma. İbrahim müəllimin day dərd çəkməyə halı yox idi. Elə ki dəniz göründü, elə ki uzaqda atılıb-düşən dalğalar göründü, içini qəribə hisslər bürüdü. Ürəyindən keçdi ki, o dalğalar bizə görə atılıb düşür. Sevinir dalğalar. Köhnə dost kimi məni salamlayır. Muradın əllərini, Məryəmin hörüklərini salamlayır.
 
Avtobusdan düşəndə şəhər bütün əzəməti ilə İbrahim müəllimin üstünə yeridi. İbrahim müəllim istədi qolları uzansın, sinəsi genişlənsin, bu səs-küylü doğma şəhəri daşı-divarı ilə, harasa tələsən adamları ilə özünə sıxsın, əzizləsin, oxşasın və daşa-divara, adamlara, uzaqda atılıb düşən dalğalara lap yavaşdan, lap acizanə desin ki, qoymayın məni kəndə gedim, qoymayın, qurban olum, sıxılıram orda, darıxıram orda. Demədi. Qorxdu, gözləri dolar.
 
* * *
 
Gör nə vaxtdan görüşmürdülər. Gör nə vaxtdan. Uzaq tələbəliyin nə qədər doğma adamları var, hamısı gəlmişdi. Bir-birinə qol-qol açılırdılar, bir-birinə qucaq-qucaq sığınırdılar. İkicə, üçcə saat keçdimi, qonaq-qara yığışıb getdi, ortalıq qaldı Azərin başının dəstəsinə. Arağın şirin, xatirələrin dadlı yerinə çatmışdılar. İbrahim müəllim kəndi də, evi də, məktəbi də unutmuşdu. Danışmaqdan doymurdu. Sağlıq deyirdi, xatirə danışırdı, tələbəliyin isti, ipisti günlərinin həsrətini məclisə yığışanların hamısına yaşadırdı. Sonra İbrahim müəllim mahnı sifariş verdi, hamını ortalığa çağırdı. Hamı ayrı oynayırdı, İbrahim müəllim bir ayrı. Qolları özünün deyildi, ayaqları özünün deyildi: toy zalının divarları, tavanı, stollar, stullar bizim coğrafiya müəllimin tamaşasına dayanmışdı.
 
İbrahim müəllim əvvəl yaylığını çıxarıb üz-gözünün tərini sildi, sonra pencəyini çıxarıb stola tərəf tolazlayanda Nərgiz bacı ərinin qulağına pıçıldadı, onu dümsüklədi. Qorxurdu əri bu dəfə ayaqqabılarını çıxarar, hinduşkanın, ördəyin, buğdanın pulunu aparıb tökər çalğıçıların qabağına ki, "Ay Nərgiz, can Nərgiz...”. Kəndəki toylarda iki kərəm belə olmuşdu. Nərgiz bacının qorxduğu başına gəldi. Yox, gəlmədi. Nərgiz bacı görəndə ki İbrahim müəllimin əli cibinə, ayaqları çalğıçılara sarı gedir, özünü yetirdi, tutdu ərinin qolundan, başladı ona lap pəsdən yalvarmağa. İbrahim birdəncə özünə gəldi, ayıldı. Elə bildi arvadının ağzından buğda tökülür, arvadı hinduşka kimi hökküldəyir, ördək kimi qaqqıldayır. Özünü verdi stola, limonu sıxdı qədəhə, qədəhi çəkdi başına. Və onu qucaqlayıb əzizləyən adamları uzanan qollarına, genişlənən sinəsinə sıxdı. Sıxıb lap bərkdən, lap ucadan demək istədi ki, qoymayın məni kəndə gedim, qoymayın, qurban olum, sıxılıram orda, darıxıram orda.
 
Demədi. Qorxdu, gözləri dolar.
 
* * *
 
Pəncərədən payız günəşi boylananda kefi duruldu İbrahim müəllimin. Hələ kənddən çıxmamış, hələ evinin kandarını adlamamış balalarına söz vermişdi. Söz vermişdi ki, sizi gəzməyə aparacam. Şəhəri göstərəcəm sizə, Qız qalasına gedəcəyik, zooparka gedəcəyik, karuseldə yellənəcəyik.
Nərgiz bacı bitdi böyründə:
 
- Uşaqları gəzdirək, evə gedəndə Sədərək bazarından sənə pencək alarıq.
 
- Deyirsən, pulumuz qalar?
 
- Qalar, qalar. Çox bədxərclik eləmə. Bir saat, para saat gəzək, çıxıb gedərik.
 
İbrahim müəllim bir arvadına, bir də pencəyinə baxdı. İstədi desin, baş üstə, arvad. Demədi. Qorxdu yalançı çıxar.
 
"İçərişəhər” metrosundan çıxıb düşdülər üzüaşağı. Bir dəstə uşaq çıxdı qabaqlarına. İbrahim müəllim şagirdlərini xatırladı. Darıxdı şagirdləri üçün. Elə bil, bu şəhəri arzulayan, kənddə ürəyi sıxılan adam deyildi. Yəqin şagirdləri də onun üçün darıxırdılar. Hə, bilirdi, darıxırdılar, mütləq darıxırdılar. Kəndə qayıdan kimi, sinfə girən kimi yenə soruşacaqdı: kim deyər, Romanın paytaxtı haradır? Uşaqlar da bir ağızdan, lap qışqıra-qışqıra, lap sevincək deyəcəkdilər ki, müəllim, ay müəllim, Roma özü paytaxtdır də, İtaliyanın paytaxtıdır Roma.  
 
Gəzib-gəzib lap əldən düşmüşdülər. İçərişəhərdən üzü dənizə çıxanda İbrahim müəllimin burnuna dönər iyi gəldi. Səhər başına çəkdiyi bir butulka su içini-içalatını tamam yuyub aparmışdı. İbrahim müəllim elə bil burnundan qarmağa keçmişdi, qarmağın başından onu beşcə addım o tərəfdəki restorana sarı çəkirdilər. Lap ağzı sulandı. Başını qaldırıb dönər iyi gələn yerə, dönər iyi qalxan yerə baxdı. "İsgender döneri” yazılmışdı orda.
 
- Nə qəşəng iy gəlir...
 
Bunu Məryəm dedi. Murad da ona qoşuldu. Sonra boylandı restorana sarı.
 
- Gəlin, sizə dönər alım...
 
Bunu da İbrahim dedi. Nərgiz bacı onun qoluna yüngülcə toxunub pıçıldadı:
 
- Bahalı yerə oxşayır...
 
- ...
 
- Girmə...
 
-...
 
- Eşidirsən?
 
- Hə...
 
- Gedək...
 
- Uşaqlar acdı... 
 
- Vağzalda peraşki satırlar. Şirniyyat da alarıq, su da alarıq.
 
- Gəl, görüm...
 
- İbrahim...
 
- Dedim, gəl...
 
- Vallah, pencəyin pulu gedəcək...
 
- Cəhənnəm olsun pencək. Uşaqların gözü qalar...
 
İbrahim müəllim restoranın qapısını açıb şəstlə içəri girdi. Bir gözəl xanım, bir yaraşıqlı oğlan onları gülər üzlə qarşıladı. Yer tutub əyləşdilər, menyunu bir-birinə ötürdülər, guya nəsə seçdilər, nəyisə bəyənmədilər.
 
- İsgəndər?
 
- Həə...
 
Üstündə də adama bir yekə parç ayran dedilər.
 
Əvvəl ayran gəldi. Sonra ofisiant yekə boşqablarda dönəri stolun üstünə düzdü. Sonra getdi, gəlmədi. İbrahim müəllimin gözləməyə səbri çatmadı. Ofisiantı çağırıb lap astadan dedi:
 
- Bizə çörək verirsən?
 
- Çörək?
 
- Hə də, çörək...
 
- Çörək ətin altındadır...
 
İbrahim müəllim ətrafa baxdı. Görsün ki, eşidən olmayıb? Sonra öz-özünə dedi: eşitsinlər də, nolacaq?  O da ofisianta baxıb gülümsədi.
 
Balalarının iştahla yeməyi İbrahim müəllimi sevindirirdi. Murad ayranı başına çəkəndə ağzı-burnu köpüklənirdi. Bizim coğrafiya müəllimi istəyirdi Muradın ağız-burnunu yesin, yalasın.
 
Və Nərgiz bacı düz deyirdi: pencəyin pulu getdi.
 
Bulvara təzəcə çıxmışdılar, İbrahim müəllimə zəng gəldi. Kim olsa yaxşıdır? Həsənağa. Ohooo. İbrahim müəllim əməllicə təəccübləndi. Həm də sevindi İbrahim müəllim, sevindi ki, Həsənağa küsməyib, Həsənağa kin saxlayan adam deyil. Pencək də yaddan çıxdı, pencəyin pulu da. Nərgiz bacının yol çəkən gözlərini unutdu, toba.
 
- Can Həsənağa...
 
- Məllim...
 
- Can məllim, Həsənağa...
 
- Yaxşısan?
 
- Əla e, əla. Nə yaxşı zəng vurdun, - İstədi desin, məni xəcalətdən qurtardın, demədi. 
 
- Məllim, ay məllim, sən mənim suallarıma cavab verməlisən...
 
- De gəlsin, Həsənağa...
 
- Küləy nətər əsir e, yağış nətər yağır, gecə nətər düşür?!
 
Bu tərəfdə İbrahim müəllim güldü, o tərəfdə Həsənağa. İbrahim müəllim küləydən də danışdı, yağışdan da, gecədən də. Həsənağa yenə soruşdu ki, bəs qar necə yağır, dolu necə düşür? Necə olur, dənizlər daşmır, dağlar yerimir? Torpağı axıra qədər qazsan hara çıxar? İbrahim müəllim danışıb güldükcə, Nərgiz bacı balalarına deyirdi ki, atanız dəli olub. Deyirdi, sonra o da qoşulurdu ərinə, gülürdü.
 
- Bu gün Xədicə müəlliməni görmüşəm...
 
- Kimi?
 
- Xədicə müəlliməni də.
 
İbrahim müəllimin içində nəsə qırıldı. Səsi getdi, gəlmədi. Ağlına ancaq bu gəldi: görəsən, Həsənağa ilə dalaşandan sonra Xədicə müəlliməgilə getməyib ki? Yox, yox, getməzdi.
 
- Nə-ə de...yirdi?
 
- Səni soruşdu...
 
- ...
 
- Dedi, İbrahim müəllimə borcum var, görsəydim, qaytarardım...
 
-...
 
- Deyir, sonra xərclənib gedir, saxlaya bilmirəm...
 
- Hə-sə-nağa...
 
- Vallah, məllim...
 
İbrahim müəllim day heç nə demədi. Söndürdü telefonu. Yəni Xədicə müəllimə doğrudan o pulu qaytarmamışdı? Qaytarmışdı axı... Qaytarmamışdı? 
 
Qaytarmamışdı.
 
Qaytarmamışdı?
 
Qaytarmışdı.
 
Qaytar-mamışdı?
 
Elə bil, birdəncə dəniz daşdı, dağlar yerindən oynadı, elə bil, ağaclar, adamlar İbrahim müəllimin bağırtısına diksindilər, quşlar göydə qanad saldı, ağaclar köklü-köməcli haya gəldi. Və İbrahim müəllim gülə-gülə, sevinə-sevinə pencəyini çıxarıb gücü çatan qədər, gücü yetən qədər göyə atdı. Pencək haya gələn ağaclardan birinin ən yuxarı budağına ilişib yellənə-yellənə daşan dənizə, yeriyən dağlara, diksinən adamlara İbrahim müəllimin, Nərgiz bacının, Muradın, Məryəmin yerini nişan verdi... 
 

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.