Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olundu

Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olundu

     Azərbaycanda elan olunmuş “Nizami İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin  “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olunub. Zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən kitabı ukrain dilinə görkəmli Ukrayna şairi və mütərcimi Leonid Pervomayski tərcümə edib. Kitabın redaktoru Qriqori Quseynov,  Ön sözün müəllifi Aqafangel Krımskidir.

 

 

 

 


    Ön söz

         Nizami Gəncəvi irsinin öyrənilməsi


    Tam adı şeyx Nizaməddin Əbu Məhəmməd İlyas ibn Yusuf ibn Zəki ibn Müəyyəd Gəncəvi olan Nizami Gəncəvi  (1141–1209) Azərbaycanın ən böyük romantik (daha dəqiq desək, romantik-sufi) şairi, özündən sonra gələn fars romantik şairləri üçün tükənməz təqlid qaynağı, həmçinin türkdilli ədəbiyyat nümayəndələrinin bəhrələndiyi, yaradıcılığına daim müraciət etdiyi dünya miqyaslı dahi sənətkardır. Onun həyatı və tərcümeyi-halının  təfərrüatları müasirləri olmuş, habelə yaşadığı dövrə yaxın çağlarda yaşayıb-yaratmış tarixçilər və ədəbiyyatşünaslar tərəfindən, demək olar, az işıqlandırılıb.

      Nizaminin tərcümeyi-halı ilə bağlı əlimizdə olan və az-çox dəqiq, məntiqli təsir bağışlayan ilk məqalə, şairin ölümündən az qala üç yüz il sonra yazılıb. Orta Asiyadan (Səmərqənddən) olan Dövlətşah (XV əsr) şairlərin tərcümeyi-halına aid “Təzkirətəş-şüəra” (“Şairlər haqqında xatirə qeydləri”, 1487-ci il) adlı antoloji, kompilyativ məcmuəsində Nizamiyə üç səhifəlik bölmə ayırıb. Dövlətşahın həmin məqaləsi mükəmməllikdən uzaq olsa da, yazıda dəyərli məqamlar da yox deyil. Məsələn, burada müəllif Nizaminin zəhmətkeş sufi qardaşlığına yaxın olduğunu qeyd edir. Önəmli məqamlardan biri də odur ki, Dövlətşah Nizaminin və onun doğma qardaşı, şair Kivaminin ümumi, eyni (ola bilsin, nəsildəngəlmə) Mütərrizi təxəllüsü daşıdıqlarını göstərib və buradan da bu ailənin mənşəyi ilə bağlı maraqlı geneoloji nəticələrə gəlmək  olar.

     Nizaminin müasiri olmuş ədəbiyyat tarixçisi, antologist Aufi şairin tərcümeyi-halı barədə söz açmadan onun yaradıcılığını özünün tarixi-ədəbi antologiyasına daxil edib. “Lübab əl-əlbab” (“İstedadların ən seçilmişləri”) adlı əsərini Aufi, artıq bu böyük azərbaycanlının ölümündən sonra bitirib. Amma yazıları, şübhəsiz, şairin sağlığında, toplayıb. Aufi məcmuəsində Nizaminin üç lirik şeirinə yer ayırıb. Qısa elegiya (mərsiyə) janrında olan üçüncü şeir şairin oğlunun gənc yaşlarında vaxtsız ölümü münasibətilə yazılıb. Bu mərsiyədə övladın Cənnətin bəxtiyar, nurlu sakinləri arasında layiqli yerini tutmağından, atanın ayrılığa dözməyib qanlı göz yaşları axıtmağından bəhs edilir.

      XV əsrin sonlarında yaşamış şair və tarixçi Cami Nizaminin tərcümeyi-halına dair, ümumiyyətlə, heç bir məlumat verməməklə Aufini təkrarlayır. Özünün “Bahar bağı” (Baharıstan, 1487-ci il) əsərinin “7-ci  bağçası”nda, yəni 7-ci fəslində Cami şairin həyatı barədə faktik olaraq heç bir məlumat vermədən, bu susqunluğuna görə üzrlü bəhanə gətirir. Şəxsən biz Caminin bu sözlərini, ən azından, özünə bəraət qazandırması kimi qəbul edirik: “Nizaminin parlaq istedadının, ləyaqət və kamilliyinin izaha ehtiyacı yoxdur. Axı  heç kəs onun qədər xoş duyğular bəxş etmək, ülvi hisslər aşılamaq iqtidarında deyil. Bu vergi bəşər övladının imkanları xaricindədir”.

     XIX əsrin üçüncü rübünə qədər Avropa şərqşünaslıq elmində, qismən də fars mənbələri ilə əlaqədar olaraq, Nizaminin şəxsiyyəti və həyatı haqqında yetərincə dolğun və dürüst təsəvvürlər yox idi. Avropalılar ilk dəfə şeyx Nizami haqqında az-çox diqqətəlayiq məlumatı Yozef fon Hammerin əsərindən əldə etdilər. Həmin əsərin XII əsr yazarlarına həsr edilmiş bölməsində Nizami yaradıcılığına geniş yer ayrılmışdı. Hammerin kitabında Nizami yaradıcılığından ayrı-ayrı nümunələr alman dilinə çevrilərək həm nəsrlə, həm də nəzmlə, xülasə şəklində verilmişdi. Hammerin tərcümələri nə qədər zəif (çox halda hətta yanlış və qeyri-dəqiq) təsir bağışlasa da, hər halda müəllif Nizami irsini avropalılara müəyyən mənada yaxşı tərəfdən tanıda bilmişdi. Hammerin tərcümələri Nizaminin parlaq dühasının özəlliklərini əks etdirmək iqtidarında olmasa da, alman poeziyasının dahi nümayəndəsi Höte bir il sonra özünün “Qərb-Şərq divanı” adlı kitabında Hammerin “Fars ədəbiyyatı tarixi” əsərində yöndəmsiz biçimdə verilmiş nümunələrə əsaslanaraq Nizamiyə çok yüksək qiymət vermiş, onu “incə ruhlu, yüksək istedada malik şair” adlandırmışdı.

     Nizami irsinin daha dolğun öyrənilməsinə yalnız 1871-ci ildən – gənc alim Vilhelm Baherin həcmcə çox da böyük olmayan “Nizaminin həyatı və əsərləri” mövzusunda namizədlik dissertasiyasının  yazılması ilə başlanıldığını əminliklə söyləmək olar. Nizaminin “Xəmsə”sindəki epik poemalarda şairin lirik haşiyələrini tədqiq edən zaman bu əsərlərdəki avtobioqrafik materialın ona böyük köməyi olmuşdu. Nizaminin əsərlərindən topladığı mühüm məlumatları vahid bir kompozisiyada birləşdirməyə,  onları tarixi zamana uyğunlaşdırmağa çalışan Baher elmi-metodoloji baxımdan bu günə qədər əsas mənbə kimi dəyərləndirilən bir əsər yaratmağa nail oldu. 

     Nizaminin “Yeddi gözəl”  poemasını rus oxucusuyla tanış etməyə ilk cəhd göstərənlərdən biri Y.E.Bertels idi. Söhbət mavi qəsrdəki dördüncü gözəlin hekayətinin nəsrlə tərcüməsindən gedir. Məlum olduğu kimi sonralar Y.E.Bertels Nizami irsinə dəfələrlə müraciət etmişdi. Başqa bir əsərində müəllif Nizami haqqında çox yığcam, lakin dəqiq və elmi cəhətdən qüsursuz olan səhifə yarımlıq məlumat vermişdi: “Nizami ifadələrində həssas psixologizmə söykənən böyük bilik sahibi olmasıyla seçilir,  təqlidçiləri isə onun bu keyfiyyətlərini nəzərə almaq əvəzinə, poemalarının yalnız qulağa xoş gəlməsinə və üslubunun qəlizliyinə əhəmiyyət verirlər…”

     Nizaminin anadan olmasının səkkiz yüz illiyi ərəfəsində geniş elmi dairələrdə şairə olan maraq daha da artmışdı. Bu əlamətdar hadisə ilə bağlı üç-dörd sanballı kitab var. Bunlardan biri – V.A.Luqovskoy və Səməd Vurğunun redaktəsi ilə nəşr olunmuş “Azərbaycan poeziyası antologiyası” toplusudur. Kitabda Nizamiyə xüsusi bölmə həsr edilib, əsərlərindən seçmələrə yazılmış müqəddimədə dahi şair haqqında fikirlər yer alır. Nizami haqqında məqalədə yer alan təkzibolunmaz fikirlərdən biri də odur ki,  əsərlərini fars dilində yazmasına baxmayaraq Nizami bütünlüklə  doğma Azərbaycanının şairi olaraq qalır. Belə ki, Azərbaycan ədəbiyyatının inkişaf tarixi bu millətin türkcə yazdığı vaxtdan deyil, başqa yerli müəlliflərin (fars dilində yazmaqlarına baxmayaraq) daha erkən dövrlərdən bizə gəlib çatmış nümunələrindən, həmçinin daha qədim, albandilli müəlliflərin əsərlərindən başlayır.

      Dəyərli tədqiqat işlərindən biri kimi Y.E.Bertelsin “Dahi Azərbaycan şairi Nizami” əsərini göstərmək lazımdır. Müəllif  kitabının davamı olaraq daha üç məqalə yazıb: “Nizami irsinin öyrənilməsində   bəzi məqamlar”, “Leyli və Məcnun”dakı mənbələr” və “Nizami və Firdovsi”.

    Daha bir neçə söz deməyi özümə borc bilirəm. Şairin Vətəni olan Azərbaycanın Gəncə şəhərinə XII əsrin əvvəllərində köçmüş Mütərrizi nəslinin türk, ola bilsin, Türküstan mənşəli olduğunu müfəssəl və həqiqətəuyğun şəkildə nümayiş etdirən sənədli faktlara dair mülahizələrim bioqrafik tapıntı, yenilik kimi maraq kəsb edə bilər.

     Həyatının ayrı-ayrı məqamlarını və ədəbi fəaliyyətini şairin gənc yaşlarından qoşulduğu sufi qardaşlığının sosial xüsusiyyətləri və baxışları ilə sıx surətdə əlaqələndirməyə səy göstərdim. Əvvəlki fəsillərdə isə avropalı alimlərin Nizami ilə bağlı tədqiqatlarıyla tanış olduqdan sonra bütün diqqətimi səlcuq-atabəylər dövründə İranın və onunla bağlı olan Azərbaycanın siyasi və mənəvi həyatının ümumi mənzərəsinin tədqiqinə yönəltdim. Həmin dövrdə – XII əsrdə Azərbaycan ümumiran, yaxud daha geniş mənada Yaxın Şərq fars-ərəb mədəniyyətinin zəngin nemətlərindən bəhrələnir və özü də bu xəzinəyə əhəmiyyətli töhfələr verirdi. Nizami kimi dünya miqyaslı dahi məhz belə bir  mühitdə yetişmişdi. Əbəs yerə deyil ki, Nizami həm Vətəni olan Azərbaycan, həm də onun yaradıcılığını özünə doğma bilən İran üçün eyni dərəcədə qürur mənbəyidir.      

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.