Argentina səfiri Tərcümə Mərkəzində

Argentina səfiri Tərcümə Mərkəzində

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Mərkəzin direktoru Afaq Məsud səfiri salamlayaraq, ona Mərkəzin fəaliyyəti, Azərbaycan və Argentina Respublikası arasındakı mədəni-ədəbi əlaqələrə olan maraqdan danışıb: “Tərcümə Mərkəzi dünya elmi, ədəbi irsinin dilimizə tərcüməsi, həmçinin Azərbaycanın elmi-bədii irsinin, ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrin dünyanın diqqətinə çatdırılması istiqamətində mühüm işlər görür. Mərkəz bu vaxta qədər əsasən, dünya ədəbiyyatının aparıcı nümunələrinin Azərbaycan dilinə mükəmməl ədəbi səviyyədə tərcüməsi və nəşri işini həyata keçirməklə kifayətlənməli olurdu. Yeni statusla fəaliyyətə başlayandan bəri isə, qurum dil və tərcümənin müxtəlif istiqamətləri üzrə geniş spektrli layihələri həyata keçirir. Argentina ədəbiyyatına gəlincə, biz bu illər ərzində bir çox məşhur Argentina yazıçılarının – X.Borxesin, X.Kortasarın, E.Sabatonun, A.Yunkenin, S.Poletinin, həmçinin, R.Arltın əsərlərini Azərbaycan dilinə tərcümə və nəşr etmişik. Bu il nəşr olunan kitablarımız arasında “Latın Amerikası romanı” kitabında da Argentina yazıçılarının əsərlərinə yer ayrılıb”. 

Daha sonra direktor Azərbaycan-Argentina ədəbiyyatının ruhən bir-birinə yaxınlığından, Argentina yazarlarının Azərbaycan oxucusu tərəfindən maraqla qarşılandığından danışıb.

Cənab Karlos Dante Riva öz növbəsində, dəvətə görə təşəkkürünü bildirərək, ölkələrarası əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşüb:    

“İlk növbədə deməliyəm ki, Azərbaycanda olduğum iki il müddətində ölkələrimiz arasında olan informasiya qıtlığını, Azərbaycanla Argentinanın bir-birindən hədsiz az məlumatlı olduğunu müşahidə etmişəm. Bu informasiya qıtlığı əlbəttə ki, bir çox problemlərə yol açır. Tərcümə işi isə hər iki xalqın bir-birini yaxından tanımasına ən qısa yol ola bilər. Düşünürəm ki, qarşıda duran əsas məqsəd hər iki xalqı mədəni, ədəbi sferalarda bir-birinə tanıtmaq və ədəbi əlaqələri genişləndirmək olmalıdır. Əlbəttə ki, xalqlar arasında iqtisadi, siyasi-ictimai və sair əlaqələr qurulur, lakin bu əlaqələrin heç biri iki xalqın bir-birini mədəni müstəvidə tanımasına xidmət etmir. Fikrimcə, ölkələrin, xalqların bir-birini daha yaxından tanıması üçün mədəniyyət və ədəbiyyat ən başlıca vasitədir. Bu mənada, Azərbaycan ədəbi nümunələrini ispan dilinə tərcümə edib Argentinada nəşr etmək yaxşı olardı. 

Hər il Buenos-Ayres Beynəlxalq Kitab Sərgisi keçirilir. Həmin sərgidə iştirak etməyinizi çox istərdik. Bu məsələdə sizə hər cür köməklik göstərməyə hazırıq. Mən əminəm ki, hər iki ölkənin ədəbiyyatı tərcümə edilib yayılarsa, bu, nəinki xalqlararası mədəni, həmçinin Argentina Azərbaycan arasındakı siyasi əlaqələrin də inkişafına təkan verər. 

Hazırda iki kitabın Azərbaycan dilinə tərcümə edilməsini vacib hesab edirəm. Bu kitablardan biri Azərbaycanda çox sevilən, hətta aldığım məlumatlara görə tədris edilən tanqo rəqsi və onun yaranma tarixi barədədir. Digəri isə, Adolfo Bioy Kasaresin kitabıdır. Hər iki kitabın mükəmməl tərcüməsində Mərkəzin köməyinə ehtiyacımız var”.

Tərcümə işinin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi məsələsinə gəlincə, səfir Argentinada tərcüməçilərin, seçdikləri spesifik sahələr üzrə xüsusi tərcüməçilik məktəbində təhsil alıb, müvafiq qeydiyyatdan keçəndən sonra tərcüməçilik fəaliyyəti ilə məşğul olduğunu, yalnız bundan sonra işə qəbulun mümkünlüyünü  bildirdi. 

Sonda səfir Mərkəzlə Argentinanın aidiyyatlı qurumları arasında sıx əlaqələrin yaranması, Argentina-Azərbaycan ədəbi-mədəni mübadilələrin qurulması istiqamətində sıx əməkdaşlıq edəcəklərini bildirdi. 

 

 

 

 

 

Qalereya

VƏ DİGƏR...