MÜSTƏQİLLİYİMİZƏ GEDƏN YOL

MÜSTƏQİLLİYİMİZƏ GEDƏN YOL

 

          Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi...

          18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Həmin gün respublika parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.

          Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydən­düşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci il­lər bu ide­yanın gerçəkləşdiyi qısa, amma ta­rixi əhəmiyyətli zaman kəsiyi idi.

          71 illik sovet rejimi də Azərbay­can xalqının müstəqillik arzularını tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil döv­lətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.

          Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin növbəti ildönümünü qeyd edər­kən bu tarixi hadisəni zəruriləşdirən tarixi xronikaya nəzər salmaq lazımdır.

          Azərbaycanın dövlət müstəqil­liyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlle­dici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Qanlı Yanvar hadisə­lərindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzula­rının gerçəkləşməsində iştirak et­mək istəyən Heydər Əliyev Mosk­vadan Azərbaycana qayıtdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçildi.

          Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçı­van Ali Məclisinin iclasında Mux­tar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyəti­nin üçrəngli, aypara və səkkizgu­şəli ulduz nişanlı bayrağının döv­lət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbü­sü qaydasında məsələ qaldırılma­sı haqqında tarixi qərarlar qəbul edildi.

          Naxçıvanda həyata keçirilən de­mokratik tədbirlər bütün Azərbay­cana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Res­publikası" adlandırıldı, Azərbay­can Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

          Heydər Əliyev imperiyanın qo­runub saxlanmasına çalışan qüv­vələrə, ilk növbədə Kommunist Partiyasına və sovet dövlətinə eti­razını bildirdi. 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edən Heydər Əliyev o vaxtkı Azərbay­can rəhbərliyini xalqın haqlı tə­ləblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı.

          Lakin respublika rəhbərli­yi nəinki bu çağırışları eşitmədi, üstəlik 1991-ci ilin 19-21 avqust hadisələrində tamamilə səbatsız mövqe tutdu, irticaçı "QKÇP" qi­yamını dəstəklədi. "QKÇP"nin iflasından sonra əksər müttəfiq respublikalar dövlət müstəqilliyi­ni rəsmən bəyan edərək müvafiq konstitusion aktlar qəbul etdilər. Dünya birliyi SSRİ-nin yerində meydana gələn yeni müstəqil döv­lətləri öz sıralarına qatmağa başlamış­dı. Azərbaycanın o vaxtkı rəhbərli­yi siyasi astagəlliyinə sadiq idi. Əvəzində Azərbaycan xalqı im­periyanın bərpası cəhdlərinə qəti etirazını nümayiş etdirdi. Azərbay­canın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mitinqlər baş­landı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanın­ması üçün dünya dövlətlərinə ça­ğırış da yer almışdı.

          Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqın­da" Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin res­publika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublika­ları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstə­qilliyi haqqında Konstitusiya aktı və ya qanun qəbul etdilər.

          Ali Sovetin sessiyasında Azər­baycanın Milli Ordusunun yaradıl­ması məsələsi gündəmə gəlsə də, respublika rəhbərliyi buna qarşı çıxdı və Ali Sovet "Azərbaycan Res­publikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqın­da" qərarla kifayətləndi. Qərarın icrası isə kağız üzərində qaldı. Er­mənistanın Azərbaycana qarşı tə­cavüzü və Dağlıq Qarabağdakı se­paratçılıq hərəkatı isə genişlənirdi.

Yalnız sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kom­munist Partiyası 33-cü fövqəladə qurultayını çağıraraq özünün bu­raxıldığını bəyan etdi. Ali Sovetin oktyabrın 8-də işə baş­layan növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haq­qında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük mü­zakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak et­mişdi. Adbaad səsvermədə "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" yekdilliklə qəbul olundu.

          Konstitusiya Aktının preambulasında 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin süqu­tundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi, 70 il ərzində sovet rejimi tərəfindən Azərbaycan Respublikasına qarşı müstəmləkəçi­lik siyasətinin yeridildiyi vurğulanır­dı. Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsaslandığı qeyd edilirdi. 6 fəsil, 32 maddədən ibarət Kons­titusiya Aktı ümumilikdə sanballı sənəd olsa da, bir sıra nöqsanlardan xali deyildi. Xüsusilə 1-3-cü maddə­lərdə hüquqi-siyasi nöqteyi-nəzər­dən o qədər də mükəmməl olma­yan, sonralar beynəlxalq müstəvidə ermənilərin çeşidli spekulyasiyalarına rəvac verən təsnifat yer almışdı. Həmin maddələrə əsasən, Azər­baycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cüm­huriyyətinin varisi hesab olunurdu. Azərbaycan SSR haqqında isə heç nə deyilmir, Azərbaycanın 71 illik tarixi hüquqi müstəvidə təsbit olunmurdu. Qeyd edək ki, ermənilər Dağlıq Qarabağın Azərbaycana rnənsub- luğunu şübhə altına qoymaq üçün məhz bu məqamdan özlərinə uy­ğun şəkildə bəhrələnərək davamlı olaraq möhtəkirlik edirlər. Çün­ki Dağlıq Qarabağı Azərbaycanın muxtar inzibati ərazisi kimi bir­mənalı təsbit edən və beynəlxalq hüquq baxımından mühüm fakt olan qərar 1923-cü ildə, yəni Azər­baycan SSR vaxtında qəbul edilib. Müstəsna önəmli olan isə Azərbay­canın dövlət müstəqilliyini bərpa etməsi idi.

          Azərbaycanın dövlət müstəqilli­yini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. 1991-ci il no­yabrın 9-da Türkiyənin Baş naziri Məsud Yılmaz Bakıya telefon aça­raq Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırdı. Dekabrın 3-də Ali Sovet Azər­baycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyətinə xitam veriləndən sonra beynəlxalq təş­kilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi, Azər­baycanın da müstəqilliyini tanı­mağa başladılar.

          Dekabrın 11-də müstəqilliyimi­zi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Dekabrın 13-də Pakistan analoji bəyanat verdi. Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsi­nə çıxarıldı və 95 faiz seçicinin işti­rak etdiyi referendum müstəqillik faktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu.

          Daim vətənimizin, xalqımızın gələcəyini düşünən Ümummilli li­derin əvəzsiz xidmətlərindən biri də onun zamanı qabaqlayan par­laq siyasi zəkası və böyük uzaq­görənliyi sayəsində Azərbaycanı uğurla idarə edən lider yetişdirməsi oldu. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 15 il ərzin­də ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalq və dövlət üçün ta­leyüklü layihələr həyata keçiril­ib. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənib və əha­linin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan iqtisadi inkişaf sürəti­nə görə son illər dünyanın lider dövlətləri sırasındadır.

         

 

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.