Azərbaycan ədəbiyyatı Sofiyada təqdim olundu

Azərbaycan ədəbiyyatı Sofiyada təqdim olundu

ARNK yanında Tərcümə Mərkəzinin layihələrindən olan “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Sofiyada bolqar dilində təqdim olundu. Bolqarıstan Yazıçılar Birliyinin “Български писател” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Sofiya Milli Mədəniyyət Sarayında keçirildi. Tədbirdə tanınmış bolqar yazıçı və şairləri, tənqidçiləri, o cümlədən Nobel mükafatına namizəd, yazıçı Anton Donçev, Müqəddəs Kliment Oxridksi adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, Azərbaycan Respublikasının Bolqarıstandakı konsulu Kənan Məmmədov və digərləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə görkəmli bolqar şairi, Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelov açıb: “Başlıca olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan ədəbiyyatı bolqar oxucularına ilk dəfə bu kitabda geniş şəkildə təqdim olunur. Kitaba daxil olan əsərlər yüksək bədii keyfiyyətə malikdir. Müasir Azərbaycanın ədəbi incilərindən ibarət belə bir gözəl toplunu oxuyan hər bir bolqar oxucusunda Azərbaycan xalqının zəngin mənəvi dünyası haqda aydın təsəvvür yaranacaq. Ölkəmizdə Azərbaycan ədəbiyyatına böyük marağın  oyanmasına səbəb olacaq bu layihə ədəbiyyat tarixində misilsiz hadisədir. Biz ARNK yanında Tərcümə Mərkəzi ilə bu işıqlı yolda əməkdaşlığımızı sonsuza qədər davam etdirməkdə qərarlıyıq. Bolqarıstan və Azərbaycan arasında bu cür ədəbi-mədəni körpünün yaranmasına təşəbbüs göstərən Mərkəzin direktoru Afaq Məsuda BYB adından dərin təşəkkürümü bildirirəm”.

Sonra söz ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda verilib. A.Məsud Azərbaycan ədəbiyyatının tarixi, müasir mənzərəsi və Mərkəzin son illərdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıqlar nəticəsində geniş müstəvidə dünyaya təqdim olunması haqda ətraflı məlumat verib.

Daha sonra Sofiya Milli Teatrının aktrisası Yonka İliyevanın ifasında Əli Kərim, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Musa Yaqub, Ramiz Rövşən, Zakir Fəxri, Rüstəm Behrudi, Aqşin Yenisey, Leyla Əliyeva və Qismətin kitaba daxil olan şeirləri təqdim olunub.

Ardınca toplunu tərcümə edən şair və yazıçılar – İva Nikolova, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov kitabın nəşri və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, tərcümə etdikləri əsərlərdən bir neçəsini qiraət ediblər.

Tədbirin yekun çıxışında BYB-nin sədri B.Angelov kitabın Sofiyada daha beş təqdimat mərasiminin keçiriləcəyi və nüsxələrin ABŞ, Avropanın kitabxanalarına və elektron portallarına yerləşdiriləcəyi barədə məlumat verib.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.