Cəmilə Kınacı: “Bu kitab türk dünyası ədəbiyyatının inkişafına təkan verəcək”

Cəmilə Kınacı: “Bu kitab türk dünyası ədəbiyyatının inkişafına təkan verəcək”

Avrasiya Yazarlar Birliyinin “Kardeş kalemler” dərgisinin 120-ci sayında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Türkiyədə nəşr olunmuş ikicildlik Müasir Azərbaycan şeir və hekayə antologiyaları barədə yazı dərc edilib. 

Türkiyə Qazi Universitetində çalışan ədəbiyyatşünas-alim Cəmilə Kınacının müəllifi olduğu məqaləni təqdim edirik.

 

Müasir Azərbaycan ədəbiyyatı antologiyasına baxış

 


Cemile KINACI

Cəmilə Kınacı

Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələrini təcəssüm etdirən “iki dövlət, bir millət” şüarını eyni dərəcədə Türkiyə-Azərbaycan ədəbi əlaqələrinə də şamil etməkdə bir qədər çətinlik çəkirəm. Bu iki türk xalqının dil və ədəbiyyatı bir-birinə çox yaxın olsa da, Türkiyədə Azərbaycan ədəbiyyatının təbliği bir neçə azərbaycanlı şair və nasirin yaradıcılığı ilə məhdudlaşır. Nasirlərdən Anar və Elçin, şairlərdən isə Bəxtiyar Vahabzadə burada daha çox tanınır. Beləliklə, deyə bilərik ki, Türkiyə ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında əlaqələrin genişlənməsi, hər iki ölkənin ədəbiyyat adamlarının əsərlərinin daha geniş kütlələrə çatdırılması hal-hazırda ən mühüm məsələlərdən biri kimi qarşımızda dayanır. 

Ədəbiyyatın, xüsusilə də müqayisəli ədəbiyyatın inkişafı üçün tərcümənin rolu danılmazdır. Müxtəlif ölkələrin ədəbi nümunələrinin tərcümə olunması müqayisəli ədəbiyyat elminin inkişafına böyük təsir edir. Bu mənada, Azərbaycan Tərcümə Mərkəzinin gördüyü işlər, xüsusilə də türk dünyası ədəbiyyatına verdiyi töhfələr hörmətə və diqqətə layiqdir. 

Azərbaycan Tərcümə Mərkəzinin “Bengü” nəşriyyatında nəşr edərək, birgə türk oxucusuna təqdim etdiyi ikicildlik Müasir Azərbaycan ədəbiyyatı antologiyası böyük əhəmiyyətə malik mənbədir. 

Burada on altı Azərbaycan yazıçısının Azərbaycan xalqının taleyini və yolunu aydınladan bir-birindən gözəl hekayələri yer alır. Azərbaycan nəsrinin Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud kimi tanınmış söz ustadlarının və bir çox digər nümayəndələrinin həyatı haqqında verilən qısa məlumat türk oxucusunun onları yaxından tanımasına imkan yaradır.

Antologiya xüsusən Türkiyədəki müqayisəli ədəbiyyat sahəsinə dair araşdırmalar üçün əsas mənbə ola biləcək səviyyədə tərtib edilib. Burada yer alan azərbaycanlı yazıçıların əsərləri türkiyəli yazıçıların əsərləri ilə müqayisəli araşdırılaraq, şübhəsiz ki, gələcəkdə daha keyfiyyətli elmi işlərin ortaya çıxmasına və türk dünyası ədəbiyyatının inkişafına təkan verəcək. 

Kitaba daxil edilmiş yazıçıların keçmişinə nəzər yetirdikdə ən yaşlısının 1919-cu ildə anadan olduğunu görürük. Antologiyada adı keçən yazıçılar arasında bizim müasirlərimiz də var. Həm sovet, həm də müstəqillik dövrünün ictimai və sosial həyatı bu hekayələrdə öz əksini tapıb. Hekayələrdə Azərbaycan xalqının dünyagörüşü, milli xüsusiyyətləri,  həssas nöqtələr ustalıqla təsvir olunur. 

Müasir Azərbaycan ədəbiyyatının şeir bölümündə 35 şairin əsərləri yer alır. Kitab Azərbaycan poeziyasının ən tanınmış nümayəndələrinin seçilmiş şeirlərini bizlərə tanıdır və Azərbaycan dilinin xoş ahəngini bizlərə çatdırır. Beləliklə bir tərəfdən Azərbaycan şeir sənəti haqqında məlumat əldə edir, digər tərəfdən bu şeirlərin sehrli ab-havasına düşürük. 

Mən bu ikicildliyi Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin inkişafı, Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması  baxımından çox əhəmiyyətli mədəni hadisə hesab edirəm. Hər iki nəşr türk oxucusu, xüsusilə buradakı universitetlərin Müasir Türk dili və ədəbiyyatı fakültələri üçün çox vacib və dəyərli ədəbi vəsait kimi qiymətləndirilə bilər. 

Türk dünyası ədəbiyyatına belə bir töhfə verdikləri üçün Azərbaycan Tərcümə Mərkəzinin və “Bengü” Nəşriyyatının rəhbərliyinə təşəkkürümü bildirir, belə bir uğurlu işə imza atdıqları üçün onları təbrik edirəm.  

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.