Erməni plagiatlığının əndazəsizliyi və ya

Erməni plagiatlığının əndazəsizliyi və ya

Utanmasan, oynamağa nə var ki...

Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Bunu qədim Mezolit dövrünə aid olan Qobustan qayaüstü rəsmlərində əksini tapan rəqs səhnələri sübut edir.  Hələ eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Azərbaycanda ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs insanların çəpik çalması ilə əldə edilən ritmik zərblərin müşayiəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər.

Azərbaycan xalq rəqsləri mövzu baxımından bir neçə növə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, oyun rəqsləri. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə mərasim rəqsləri bunlardan  ən əhəmiyyətlisi hesab olunur.

Ritminə görə isə rəqslərimiz  3 qrupa bölünür: 1-ci qrup ağır, aram rəqslər -  "Mirzəyi", "Turacı", "Uzundərə". Bu rəqsləri əsasən yaşlı insanlar ifa edir. 2-ci qrup yüngül, şən rəqslərdən təşkil olunub.  "Tərəkəmə", "Ceyranı" kimi rəqslər  daha çox gənc qadın, ya kişilər tərəfindən oynanılır. Sonuncu qrupa aid olanlar isə  cəld rəqslər adlanır.  "Qaytağı", "Qazağı", "Xançobanı" kimi rəqsləri ifa etmək insandan xüsusi cəldlik tələb edir.

Azərbaycan xalq oyun havaları bir qayda olaraq ritmik ardıcıllığa və müəyyən ölçünün daimi surətdə təkrarlanmasına əsaslanır.

Milli rəqslərimizin ritmik çevrəsi bir çox hallarda daxilən iki qisimli zərblə üç qisimli zərbin ardıcıl surətdə növbələşməsi əsasında təşkil olunur.

Ritmindən, növündən, melodik quruluşundan asılı olmayaraq, Azərbaycanın istənilən oyun havası xalqın qədim mifik dünyagörüşünü, genetik yaddaşını ustalıqla özündə qoruyub saxlayır. Rəqslərimiz əsrlərdir ki, milli yaddaş sisteminin xüsusi şifrələrini əl, qol və bədən hərəkətləri ilə bizlərə çatdırır. İstənilən milli rəqsimizdəki hər  xırda əl hərəkəti belə, xalqın əxlaq kateqoriyasının, düşüncə parametrinin göstəricisidir. Rəqs zamanı xanımlar su üzərində üzən sonanın məğrur duruşunu, göydə süzən quşun obrazını canlandırır. Kişilər isə rəqs zamanı daha çox babaların döyüş meydanında göstərdikləri xarakteri əl-qol, xüsusən də ayaqlar vasitəsilə tamaşaçıya nümayiş etdirirlər.

Milli rəqslərimiz və erməni plagiatlığı 

Təəssüflər olsun ki, tariximizin, mədəniyyətimizin bir parçası olan rəqslərimiz də zaman-zaman düşmən hədəfinə tuş gəlib.

Ermənilər Azərbaycan   torpaqlarını zəbt etməklə  yanaşı, hər zaman onun zəngin mədəniyyətinə də  göz dikiblər.  Mənfur qonşular müxtəlif vaxtlarda Azərbaycana məxsus olan musiqi əsərlərini, folklor və digər qeyri-maddi mədəni irs nümunələrini öz adlarına çıxarmağa çalışıblar.  Buna misal olaraq,  "Sarı gəlin", "Süsən sünbül" və onlarca xalq mahnılarını, "Yallı", "Vağzalı", "Köçəri", "Uzundərə", "Mirzəyi" rəqslərini, həmçinin tar, balaban, zurna kimi milli musiqi alətlərimizi göstərmək olar. Hətta məşhur Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməkdən belə  çəkinməyiblər.

"Köçəri"

Ermənilər milli rəqsimiz olan "Köçəri"ni bir neçə dəfə özəlləşdirməyə cəhd ediblər. "Eurovision-2011" musiqi yarışmasında ifa etdikləri mahnıya bu rəqsi əlavə etmələri isə plagiatlığın ən pik nöqtəsi idi. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müdaxiləsindən sonra həqiqət öz yerini tapdı. Agentlik rəqsin tarixi, onun Azərbaycan xalqına məxsusluğu, hətta "köçəri" sözünün etimologiyası barəsində geniş araşdırma hazırlayaraq, onu Ümumdünya Əqli Mülkiyyət Təşkilatına yolladı. 

"Köçəri" rəqsi bir yerdə qərar tutmayan, tez-tez köç edib yerlərini dəyişən insan zümrəsinin - köçərilərin həyat tərzini əks etdirir. Bir-birinin kəmərindən tutan rəqqaslar dairəvi yallı gedirlər, yəni yerlərini dəyişirlər.

Çox təəssüflər ki, Azərbaycan bəstəkarlarından kimsənin yararlanmadığı  rəqs 1940-cı ildə də erməni plagiatlığının qurbanı olur. Aram Xaçaturyan adlı  erməni bəstəkarı özünün "Qayane" adlı baletində "Köçəri" rəqsinin motivlərindən istifadə edir. Bununla bərabər, başqa iki milli rəqsimizə aid müəyyən parçaları da ora daxil edir. Lakin Xaçaturyanın bu addımı onu tez bir zamanda ifşa edir. SSRİ-nin məşhur musiqişünasları baletin tərkibindəki folklor nümunələrinin ermənilərə deyil, azərbaycanlılara məxsus olduğunu üzə çıxarırlar. Xaçaturyan bundan sonra özünü sığortalamaq üçün  belə bir fikir söyləyir ki, guya uşaq vaxtı nənəsi ona həm Azərbaycan, həm də erməni nəğmələri oxuyarmış. Guya onu aldadan da həmin uşaq yaddaşı olub. Amma bu sığortalama cəhdi özünüifşadan başqa bir şey deyildi.

"Şalaxo"

İgidlik, cəsurluq, qətiyyətlilik kimi müsbət xarakterləri şifrə şəklində özündə əks etdirən "Şalaxo" adlı milli rəqsimiz də erməni plagiatlığının qurbanı olub. 1959-cu ildə SSRİ-də hazırlanan "Musiqili ensiklopedik lüğətdə" "Şalaxo",  "erməni solo kişi rəqsi" kimi təqdim olunub. Bu məsələdə, təbii ki, Mərkəzi Komitədə  çoxluq təşkil edən ermənilərin əli olub. Aram Xaçaturyan "Qayane" baletində "Şalaxo"dan geninə-boluna istifadə edib.

 "Şalaxo"nun sırf Azərbaycana məxsus olması o zaman kiməsə sirr deyildi. Xüsusən, Gürcüstan azərbaycanlıları da  "Şalaxo"nun Azərbaycan rəqsi olmasını çox gözəl bilirdilər. Çünki bu rəqsin fəlsəfəsində qədim türkçülüyə aid rəmzlərlə  Qafqaz dağlarında yaşayan toplumun xarakteri sintez olunub.  Bəzən "Şələküm" kimi də təqdim edilən rəqs solo və duet şəklində ifa olunur. Rəqsdə ifaçı özünün bütün gücünü ortaya qoymalı, bütün bacarığını göstərməlidir.

"Uzundərə"

Dahi bəstəkar Üzeyir Hacıbəylinin   "O olmasın, bu olsun" operettasında istifadə etdiyi "Uzundərə" milli rəqsi də, çox təəssüf ki, erməni plagiatlığına məruz qalıb.

Erməni musiqişünaslar - R.Boyaçyan və A.Seriyeks tərəfindən çapa hazırlanan "Erməni xalq nəğmələri" kitabının Paris nəşrində  "Uzundərə" və "Ceyranı" kimi  folklor nümunələrimiz erməni rəqsi kimi göstərilib. Hələ bu azmış kimi, Xaçaturyan özünün "Qayane" baletində "Köçəri" və "Şalaxo" ilə yanaşı, bu rəqsdən də yararlanıb. Lakin "Uzundərə"nin aqibəti digər iki oyun havasına nisbətən yaxşı olub. Çünki plagiatçılıq faktına qədər Üzeyir Hacıbəyli  artıq özünün "O olmasın, bu olsun" adlı operettasında əsas obraz olan Məşədi İbadı bu rəqsin ritmləri altında "rəqs etdirmişdi". Oxucular, yəqin ki, "mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana" misrası ilə başlayan məşhur musiqi parçasını  unutmayıb. İndi isə "Uzundərə"nin yaranma tarixini xatırlayaq:

Qarabağda Ağdamla Göytəpə arasında bir dərə var ki,  adına "Uzundərə" deyilir. Deyilənə görə,  rəqs məhz həmin dərəyə həsr olunub. Uzundərə adlanan yer  tərəkəmələrin  düşərgəsi olub, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrdilər. Həmçinin gəlin aparılarkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik musiqi ilə müşayiət edər,  oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir-dua verərmiş. Beləliklə, "Uzundərə" oyun havası yaranıb.

O zamandan başlayaraq şənliklərdə  həmin havaya oynamaq istədikdə "gəlini o uzun dərənin içindən aparan musiqini çalın" deyilir.

"Vağzalı"

Az qala toyların himni sayılan bu həzin rəqs də ermənilərin "diqqət və hörmət"indən kənarda qalmayıb. Rəqsin qədim adı "Atlandırma"dır. Qədim və Orta Çağ türklərinin toy mərasimlərində bu oyun havasından istifadə edilib. Hələ XVl əsrdə Azərbaycanda məskunlaşan Qaraqoyunlu qəbiləsinə məxsus olan  rəqs "Qarabağın ağırı" adlandırılıb. Oyun havası XlX əsrin sonu XX əsrin əvvəllərindən etibarən  "Vağzalı" adlanmağa başlanıb. O zaman iri şəhər və qəsəbələr arasında yeganə əlverişli nəqliyyat vasitəsi qatarlar olduğundan, gəlini digər şəhərə vağzaldan "Qarabağ ağırı"nın sədaları altında yola salardılar. Rəqs də bu səbəbdən xalq arasında "Vağzalı" kimi məşhurlaşır. Rəqsə qulaq asarkən orada sevinc və kədər duyğularının sintezini hiss etmək olar.

"Vağzalı" rəqsinin əcdadı  "Kitabi-Dədə Qorqud"da  adı keçən "Yelətmə" havası sayılır.  "Yelətmə" - "yelləndirmə", "həvəsləndirmə", "coşdurma" mənalarını əks etdirir. Bu oyun havasının qədim Oğuz elində gəlin köçürən zaman ifa olunduğu güman edilir: "Qanturalıyla qızı götürüb gərdəyə qoydular. Ozan gəldi, yelətmə çaldı". (Kitabi-Dədə Qorqud)

Keçmişdə bu rəqs məşəl və atəş sədaları altında toy evinə gəlin gələnə qədər müşayiət olunardı. İndinin özündə də bu rəqs Azərbaycan toylarının rəmzi sayılır.

Elmin NURİ

 

 

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.