Döyüş ruhlu Azərbaycan

Döyüş ruhlu Azərbaycan

Vətən, torpaq həsrətli yuxular görənlərdən deyiləm. Amma bu gecə yuxumda böyük bir heyətlə işğal olunmuş rayonlardan birinə getmişdik. Bütün heyət üzvləri mülki, cəmi bir nəfər hərbi geyimdə idi. Mən də həmin hərbi geyimli adama güvəndiyimə görə orda idim və yanından heç ayrılmırdım. Bir hündür binanın həyətindəydik. Sonra həmin hündür mərtəbəli binaya pilləkənlərlə qalxmağa başladıq. İçimdə qorxu, sevinc, heyrət, həyəcan qarışmışdı bir-birinə. Pilləkənləri qalxa-qalxa ''burdan salamat qayıda biləcəyikmi?'' deyə, düşünürdüm. Orta mərtəbələrdən birindəyik və bir qapı açılır. Otaqlar bomboşdur. Birdən içəri bir nəfər girir, əlində də iki stul...

P.S.: Hər şey o qədər aydın görünürdü ki, nə vaxt o yerlərə getsəm, o həyəti də tanıyaram, o binanı da. Amma oralarda hündürmərtəbəli bina nə gəzir? Bu il sülh müqaviləsi bitir. Allah xeyirə yozsun bu yuxunu!

(11 aprel 2014)

Bu sözləri sosial şəbəkələrdən birində iki il öncə məhz aprel ayında yazmışdım. Haradasa, kiminləsə danışmaq istəyirəm. Amma o yeri və o adamı müəyyənləşdirməyə çətinlik çəkirəm. Necə deyim axı, elə bir məkan olsun ki, hər yer yovşan qoxusun, xaraba qalmış evlərin sahibləri güllə yağışının altında qaçanda qopub qalmış ayaqların, qolların, minadan, mərmidən toxum kimi  torpağa səpilən canların yerində ara-sıra qırmızı, al lalələr başını yelləsin ağır-ağır. Bilməyək, onlar çiçəkdimi, yoxsa canları parça-parça olub toxum kimi səpilən şəhidlərdi əl sallayırlar bizə, "gəlin", deyirlər, "biz burdayıq" deyirlər.

Oturasan lalələrin yanında, yer də Cəbrayıl ola, Qubadlı ola, Xocalı ola, yer də Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Füzuli, Ağdam  ola - əvvəl biri ola, sonra hər gün biri - oturasan lalələrin yanında fikirləşəsən ki, bütün olanlardan sonra görəsən, hanısımız başlamalıyıq danışmağa, nədən başlamalıyıq?

Bir lalənin yanında oturub onun kimi susasan, düşünəsən - tələsik cavab hazırlamaq lazım olacaq qəfil veriləcək suallara.

Birdən soruşsa ki, bəs illərdi biz hər yaz boy atıb qızara-qızara sizi gözlədik, sizsə... böyükləriniz qocaldı unutdu, gəncləriniz yaşlandı unutdu, uşaqlarınız böyüdü unutdu. Yaddaşınızmı sizi unutqan elədi, zamanmı? Biz də deyək, insan belədir də, yaş ötdükcə unutqanlıq başlayır.

***

Cəbrayılın Şuşası sayılan Sirikdən danışır atam ömrü boyu. Heç görmədim oranı, heç anlamadım dediklərini. Elə hey "Tey dağı", "Qanlı Qoz" məhəlləsi deyib durdu. Elə hey, Sirik camaatının Sovet qoşununu darmadağın edib Azərbaycan tarixinə Sirik-Sovet tarixini yazmasından danışdı. Sonra Bəylər atasından söz açdı. Deyir, kişi bəy olub, sonra Sovet hökuməti döyüşən adamlardan öldürdüyünü öldürüb, qalanını Sibirə sürgün edib.

Atası Bəylər kişinin mal-qarası müsadirə olunub, mülkünü kənd məktəbi ediblər. Bəylər kişi dünyadan köçəndə atam kiçik olub deyə, onunla bağlı xatirələri çox deyildi, bunları da elə kənd camaatından eşitmişdi. Sonra ayağı yer tutanda oxumaq, işləmək üçün kənddən çıxıb. Sonra... atamın şəhər həyatı başlayıb...

Qaçqınlıq-köçkünlük görmədik biz. Hələ müharibədən xeyli əvvəldən Cəbrayıla gediş-gəlişimiz kəsilmişdi. Amma Siriklə bağlı xatirələr az qala hər gün evimizdə danışılırdı. Onda nə bilirdim Cəbrayıl nədi, nə bilirdim Sirik haradı? Nə bilirdim atam niyə can atmaq istəyir o torpağa...

***

Ana da Vətən kimidir. Yoxluğu qürbətə bənzəyir, günün nə qədər xoş keçir, keçsin ən böyük xoşbəxtlik qoynuna girməkdi. 

Anamı aprelin iyirmisində toxum kimi torpağa əkəndən sonra gözümün yaşı qurumadı. Onda bir az böyüməmiş kimiydim, onda yenə də bilmirdim Cəbrayıl haradı, Sirik necə yerdi.

Apreli görməyə gözüm yox idi. Bahar gəldimi, ağaclar çiçəklədimi, otlar göyərdimi, quşlar ağız-ağıza verib oxudumu - qanım qaralırdı. Bahar anamı toxum kimi torpağa əkmişdim, amma bəhrəsini görə bilmirdim. Gələn baharlar - oxuyan quşlar, bitən otlar, çiçək açan ağaclar, doğan günəş məni sevindirmirdi.

Cəbrayıldakı Çinardan elə yanıqlı danışırdı ki... Deyirdi nahaq o ağacın üstünü restoran eləyib onu qurutdular. Deyirdi, nəhəng ağac idi, altından kəhriz axırdı. Anam bir gün uşaqlarla oynaya-oynaya Cəbrayılın hansısa dağına gedib çıxır. Hər yer duman imiş. Birdən duman çəkilib, görüblər yanlarında nəhəng qaya var. Qaya bir atlını xatırladırmış. Deyiblər ki, o, hansısa müqəddəslərdən birinin əksidi. Bu, anamın uşaqlıq xatırəsi idi. Deyirdi Cəbrayılda düzlər lalədən don geyinir. Atasını tez-tez yuxuda laləzarda görürdü, hər dəfə eyni yuxunu danışırdı mənə. Anasızlıq vətənsizlik kimi yandırır...

...Sonra heç özüm də bilmədim necə böyüdüm. Şəhid ailələri ilə görüşdüm, evlərində əziz qonaq oldum, çörək kəsdim. Hər ailənin hər üzvü mənə bir dərs oldu, həyatı daha içəridən, ağrı-acısıyla dərk etdim.

***

Sonra atam özünü qəribə aparmağa başladı.

Tez-tez evdən çıxıb harasa gedirdi, qayıda bilmirdi. Zəng edib deyirdi ki, bala, evə gedirdim, yolu azmışam. Yerini öyrənib gətirirdik. Sonra bu hallar tez-tez təkrarlanmağa başladı. Bir gün isə səsi Bakı avtovağzalından gələndə təəccübləndik. Nə baş verdiyini anlamırdıq. Hara getdiyini soruşanda cavabı bizi sarsıtdı: Evə.

Nə ev? Hansı ev? Kimin evi?

Həkimə də müraciət edirdik, deyirdi yaşlılarda olur belə şeylər. Bir-iki dərman yazırdı, vəssalam.

Sonra atam gecələr evə sığmaz oldu. Hava qaraldımı, sanki bambaşqa adam olurdu . Qapının ağzında qarşısını zorla kəsib, qapıdan çıxmağına mane olurduq.

- Ay ata,  hara gedirsən?

- Evə gedirəm.

- Evdəsən axı.

- Yox, bura mənim evim deyil! Gecdir! Gecə düşür, evə getməliyəm! Məni ləngitməyin!

- Hansı evə, hansı evə?

Sonra atam susurdu, fikirləşirdi, fikirləşirdi... Cavab tapa bilmirdi.

Bir gün həkimlərin məsləhəti ilə beyninin kompüter müayinəsi aparıldı. Diaqnoz belə oldu: alzqeymer.

Bir gün dəhlizdən keçəndə atamın pıçıltı ilə öz-özünə "anam məni hamıdan çox istəyirdi" deməsini eşitdim. Başa düşdüm ki, "evimə gedirəm" deyəndə, Cəbrayıla, Siriyə atasının ocağına getməyi nəzərdə tutur. Necə olub ki, bu, bizim ağlımıza gəlməyib. Həsrət, dərd dolu bu ağır yükü çəkə bilməmişdi və ... unutmağa başlamışdı.

Buna artıq dözə bilməzdim. Atamın Cəbrayıl xatirlələriylə bağlı nələrisə tapmalı idim. Onun içindəki sualları, ağrıları özümlə aparıb ovutmalı idim. Bir gün Cəbrayıldan köçkün düşmüş, atamın uşaqlıqdan bəri görmədiyi qohumlarını tapıb, ünvanlarını öyrəndim. Taksiyə oturub düz Beyləqana yollandım.

Kim olduğumu onlara Bakıya qayıdandan sonra zəng edib dedim - bəlkə gedişimə şad olmayacaqdılar. Şad oldular, demə, onlar da uzun illər həsrətlə yaşayıblar. Evimizə gəlib atamla görüşdülər. Ata  o qədər sevinmişdi ki, anidən hər şeyi, hamını xatırladı. Amma səhər açılanda... daha heç nə, heç kim yadında deyildi. 

***

...Yolu necə gəldiyimdən çox az məqam xatirimdədi. Füzulidə təndir çörəyi satan analar üzü Lələtəpəyə sarı getdiyimizi biləndə az qaldılar qucaqlayıb boynumuza sarılsınlar. Olmamışdım Füzulidə. Təsəvvür edin, kəndin bir tərəfində sən, digər tərəfində düşmən. Horadizdə su arxı yanından keçəndə atamı düşündüm. Mənim onun yurduna gəldiyimdən xəbərsiz idi. Tez də özümü ələ aldım. Duyğulanmaq vaxtı deyildi. Möhkəm olmaq, insanları ruhlandırmaq, örnək olmaq lazım idi. Bir-birinə oxşayan düzlər, yollar, cığırlar, ötür-ötür oyunu oynayırdı elə bil. Birdən maşındakı dostların şən-əhvali ruhiyyəsi məni xəyaldan ayırdı. Kimsə bərkdən dedi: "Bu da Cəbrayıl!"

İlahi! Bu da Cəbrayıl!

Heç vaxt görmədiyim Cəbrayılın göyünü bütün göylərdən göymü, çəmənini hamısından yaşılmı gözləyirdim, nədi? İzah edə bilmədim bunu. Özümü toxtaq tutacaqdım, elə də görünürdüm.  Hərbi hissənin əsgər-zabit heyətinin bir az çaşqın, bir az sual, bir az ümid dolu baxışlarından tutuldum. Elə bil bir az da utandım. Bilmədim o baxışlar bizə "nə yaxşı gəlmisiniz" deyir, bilmədim "biz nə hayda, siz nə hayda" deyir, yoxsa, "ay bacı, ay qardaş, bura gəlmək olmaz"... bilmədim... Çoxlu suallarım var idi, bilmədim hansı sualı verim, hansını saxlayım. Seçim edə bilmədim deyə susdum. Bilmədim, qarşımdan keçən əsgərdən sumu istəyim, yoxsa "su gətirim" deyim.

Bilmədim ac olduğunu soruşum, yuxusuz olduğunu soruşum. İstədim buraların nə dərəcədə təhlükəsiz olduğunu öyrənim birindən. Sonra beynimdən keçən fikirdən utandım, dedim, nədi, Feyziyyə, qorxursan minaya düşərsən, əlini, qolunu burda qoyub gedərsən? Nə olacaq ki, yerində qırmızı lalələr bitəcək, Şuşadan, Xocalıdan gələn uşaqlar yanlarında oturub bu günləri pis yuxu kimi lalələrə danışacaqlar. Soruşmadım. Düşüb xəndəklərinə baxmaq istədim, görüm  onlara burda rahatdırmı?! Düşmədim ki, nəyisə düz eləmərəm, təhlükəsizlik qaydalarını pozaram, narahat olarlar. "Düşmən gülləsinə sipər etdiyiniz canlarınıza qurban olum" deyib kirimişcə baxdım, sadəcə.

Balaca arxın hər iki kənarında oturub bizdən daha xoşbəxt görünən iki pişiyi qucağıma alıb sığallamaq, ovutmaq istədim. Nə qədər olmasa qorxmuşdular yəqin. Sonra hallarından məmnun olduğunu görüb, onlara da yaxınlaşmadım. Qarınları tox, kefləri kök idi. Müharibədən qorxana da oxşamırdılar, mərdlərin yanında qorxaqlıq öyrənməyəcəkdilər ki. Kameranı qoşub çəkməyə başladım ətrafı. Videosüjet hazırlamaq istəyirdim. Danışacaqdım, bərkdən deyəcəkdim, "Bura Çocuq Mərcanlıdı. Biz gəlmişik Vətənə. Bu torpaqlar bizimdi. Bu dağılmış evlərin sahibləri gəlib tapacaq, tanıyacaq onları. Yenə də tikəcəklər uçuq yerlərini, evlərinə divar kağızları seçəcəklər, Cəbrayılın çəmənləri rəngində, tavanlarını Cəbrayılın səması kimi masmavi eləyəcəklər.

Lalələr kimi qıpqırmızı darvazaları da kilid, qıfıl tanımayacaq - bütün azərbaycanlıların, bütün qarabağlıların, bütün cəbrayıllıların qapıları kimi həmişə açıq olacaq". İlk saniyələr... alınmadı, səsim çıxmadı. Cümlələr beynimdə sap kimi düyün düşdü. Özümə vaxt aldım. Elə bil bu boyda yolu tək gəlmişdim. Sağa-sola keçən insanları yuxudaymış kimi, xəyalıma gəlirmiş kimi görürdüm. Hərdən hərbi hissənin məsullarından biri cığıraşağı, cığıryuxarı addımlaya-addımlaya nəsə deyirdi. Hiss olunurdu ki, narahatdırlar. Görmək, qovuşmaq eşqimi, qorxmazlığımı, cəsarətimi, inadımı, o zabitin narahatlığına bağışladım, durduğum yerdən iki-üç addımdan artıq uzaqlaşmadım.

Arada qorxulu yuxulardan hıçqırıb ağlayanda öz səsimizə ayıldığımız çox olub axı, mən də öz səsimə ayıldım. Gördüm ağlayıram, özü də necə, hıçqıra-hıçqıra. Özümü ələ almağa çalışdım. Nə illah elədimsə, ovuna bilmədim. Bir az sakit də ağlamaq olar... alınacaq... yox, olmur, alınmır. Kənara da çəkilməyə yer yox, zabit narahat, təhlükəsizlik qaydalarını pozmaq olmaz... Amma  heç olmasa, ayılmışdım artıq, ağlayıb yuxudan ayılmışdım sanki.

Hamı yerdən Vətən torpağı yığırdı. Mənə də o torpaqdan verəcəkdilər. Amma yox, anamın məzarına səpmək üçün özüm ovuclamalıydım. Həm də torpağa toxunmaq istəyirdim. İlahi, torpaq elə bil ovuclarımın içini yalayırdı. Boynumdan nişan xonçamdan götürdüyüm yaylığı açıb içinə torpaq, daş yığdım. Yovşanımız da var idi.

Bircə açılmış balaca lalələri dərə bilmədim. Torpağa bir də əl atanda ovcuma bir güllə dəydi. Paslanmışdı. Tez yaylığımın arasındakı torpağın üstünə qoyub yaylığı bükdüm. Amma evdə gülləni tapmadım. Vətən, ağrısını özümlə aparmağa izn verməmişdi...

Lalə təpəsinə qalxa bilmədik. Sadəcə, yenidən azadlığa çıxmış Lalə təpəsinin daha yaxşı görünən hissəsində xatirə şəkli çəkdirdik.

Bayraqları qaldırdıq, çıynımızdən asdıq. Daha qayıtmaq vaxtı idi. Hərbçilərimiz narahat idilər. Hamı bir-bir gəldiyi maşınlarda öz yerlərini tutmağa başladı.

***

Bəzi səbəblər üzündən düşməndən yenicə xilas olmuş Lələtəpəyə qalxa bilmədiyimizə çox məyus oldum. Çox israr eləmədim, xarici ölkə-zad deyil ki, Vətəndi, nə vaxt istəsəm gələrəm. Maşınlar yerindən tərpənəndə dostlardan eşitdim ki, Çocuq Mərcanlıda cəmi bir ailə yaşayır. Onlara baş çəkməmiş gedə bilməzdik.

Açıq darvazanın yanında maşından düşdük. Evin ağsaqqalını soruşduq, dedilər Oqtay dayı əsgərlərə pay aparıb. Evdə bizi can-başla qarşıladılar. Çaya dəvət elədilər, amma gedəcəyimiz yerlər var idi - cəbrayıllıların kompakt yaşadığı Biləsuvardakı qəsəbədə son döyüşlərdə şəhid olmuş Ruhinin ailəsinə baş çəkəcəkdik.

Qapının ağzında dayanmış Traktorun üzərində iri hərflərlə "CƏBRAYIL" yazısını görüb burada yaşayan ailənin nə qədər mərd, nə qədər qorxmaz, Vətənini sevən insanlar olduğundan qürur duyduq. Lalə təpəsi həyətdən daha yaxın, daha aydın görünürdü. Lələtəpə yüksəkliyinin düşmən əlində olduğu illər ərzində bu ailənin hər an ölümlə necə üz-üzə, göz-gözə yaşadığı kino lenti kimi insanın gözü önünə gəlirdi. İnanın Allaha, adam az qalırdı qapıda gəzən toyuq-cücəni, qoyun-quzunu da bağrına basa. Həyətdə iki qardaş öz ailələri ilə yaşayır. Çox keçmədi ki, qohum da çıxdıq. Soruşdum ki, ay bibi, niyə buranı tərk etmədiniz, bu güllənin altında necə qalırsınız? Dedi, bala, kişi getmədi, dedi mən buranı qoyub gedə bilmərəm. Soruşdum, ay bibi, bəs atışma olanda neynirdiniz? Əlini Lələtəpəyə sarı uzatdı: "Atışma bax, o tərəfdə gedirdi. Biz də orda-burda gizlənirdik. Ay qızım, ev-eşiyi qoyub hara gedək?". Hərisliklə düzlərə, uzaqdan görünən dağlara, lalələr yurdu olan laləli təpəyə baxdım. Çay içməyə vaxt olmadığından hərəmiz bir stəkan su içdik, dostlar dəstəmaz alıb namaz qıldılar. Nə gözəl görünürdü, Vətən torpağına diz çökmək... Qibləmiz, səcdəgahımız Vətən... Söz verdim ki, tezliklə yaxınlıqlarında bir ev tikib onlara qonşu olacam.

***

Biləsuvara ilk dəfə ayaq basırdım. Şəhid Ruhin maşınlarımızın ön şüşələrindəki şəkillərindən fəxrlə boylanırdı. Yolboyu gözümü bu gənc şəhidimizin baxışlarından çəkə bilmirdim - bu qədər gənc olasan və bu qədər mərd duruşun ola! Qəsəbədə Ruhinin evlərinin yerini öyrənməyə ehtiyac yox idi, döngələrə bayraq sancmışdılar. Darvazaları açıq idi. Qapılarına, qapıdakı ağacın budaqlarına o qədər qırmızı bağlamışdılar, elə bil toy evinə gəlmişdik. Bilmirəm bir şəhid anasının toxdaqlığındanmı danışım sizə, bir şəhid atasının sınmazlığındanmı! İlahi, insan nə qədər qürur duyarmış, illərlə böyüdüb boya-başa çatdırdığı balasının şəhid olmasından. İlahi, bir şəhid atası necə deyə bilər ki, döyüşdə yaralanıb, hal-hazırda hərbi hospitalda müalicə alan oğlum da, mən də Vətənə qurban olaq, təki bu Vətən bölünməsin. Nə yaxşı daha əfsanəvi xalq qəhrəmanlarını övladlarımıza nümunə göstərməyəcəyik. Bir şəhid anası necə də qürurla dayanıb ağlamayaq deyə, bizə təsəlli verirdi? Qalxmaq istəyəndə anası Ruhinin xatirinə ehsan yeməyimizə and verəndə sözündən keçə bilmədik. Yeyə bilməzdim. Yeməməli idim. Əlim süfrəyə uzanmırdı. Gözüm şəkildəki gənc şəhidin gözünün içinə baxa-baxa boğazımdan loxma keçməzdi. Sonra gördüm, bir az aralıda eynən onun gözlərinə bənzər bir cüt göz mənə zillənib: "Qızım, sən Allah ye". Anası idi.

Çıxanda gözlədim ki, axıra qalım. Əllərindən  öpəcəkdim ananın. Boynunu qucaqladım, bağrıma basdım. Əlləri əsə-əsə gözümün yaşını sildi: "Qızım, Ruhinin dəfnində də bir qız, bax belə ağladı, bilmədim kimdir. Yəqin ölənəcən də bilməyəcəm.

***

Ilahi, sən bu millətin haqqını özünə qaytar. Yerlə göyün arasında qalan şəhid ruhlarının, öldüsü-qaldısı bilinməyən itginlərin, meşələrdə məsum nəşi qurda-quşa yem olan körpələrin, qocaların, əsirlikdən xilas edə bilmədiyimiz xanım qızların ahını, naləsini yerdə qoyma. Sən gecə gözünə yuxu getməyən, hər an həsrət qaldığımız Vətən torpaqlarından şad xəbər eşitmək ümidi ilə yaşayan millətimin dualarını qəbul elə. 

***

Səhər evdən çıxanda atamın səsini eşidib otağa keçdim. Məni görən kimi sevindi, amma qızı olduğumu bildimi? Qəhərləndim. Qırıq-qırıq kəlmələrlə dedi:

- Har-day-dın?

- Ata, bilirsən hara getmişdim?

- Hara?

- Cəbrayıla...

Bomboş baxışlarını üzümə zilləyəndə anladım ki, dediyimi başa düşmədi. Elə mənim də başa düşmədiyim şeylər var idi. Hələ də anlamamışdım ki, atam üçün cəmi Qarabağ Sirik, bütün yüksəkliklər Tey dağıdır axı. Bir azca ucadan və aramla:

- Ata... deyib dayandım.

Duruxduğunu görüb uşaqla danışırammış kimi davam elədim:

- Erməniləri Sirikdən qovmuşuq. - Yəqin ki, yenə söhbətin nədən getidiyini anlamayacaqdı. Amma birdən o arıq çöhrəsinə peyğəmbər nuru gəldi sanki. Elə bil gəncləşdi, gümrahlaşdı, qəhərləndi. Son vaxtlar sözləri unutduğundan rabitəsiz danışırdı deyə, dayanıb fikirləşəndə hansı hissləri keçirdiyini anladım. Özünü çox yormasın deyə, alnından öpmək istəyəndə qəfil nə desə yaxşıdı:

***

Aprel təkcə anamı yox, məni də torpağa apardı - Vətənə getdim. Daha apreli sevirəm, daha baharı sevirəm. Quşların nəğməsinə də sevinirəm. Ağaclar bir gör nə gözəl çiçəkləyib. Amma ən çox laləni sevirəm.

 

 FEYZİYYƏ

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.