Fələstin dövlətinin səfiri Tərcümə Mərkəzində

Fələstin dövlətinin səfiri Tərcümə Mərkəzində

Yanvarın 26-da Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim Tərcümə Mərkəzində olub.

Görüşə yaratdığı şəraitə görə Mərkəzin direktoru Afaq xanım Məsuda dərin minnətdarlığını bildirən səfir, Mərkəzin dil və tərcümə, beynəlxalq əməkdaşlıq və ədəbiyyatların təbliği sahəsində gördüyü işlərin əhəmiyyətindən, ərəb və Azərbaycan ədəbiyyatının qədim əlaqələrindən danışıb:

- Mərkəzin dil və tərcümə, milli ədəbiyyatın təbliği, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər daim bizim səfirliyin diqqət mərkəzindədir. Siz bu sahədə kifayət qədər böyük və mühüm işlər görürsünüz. Həmçinin, bir yazıçı olaraq, əsərlərinizlə diqqət çəkirsiniz. Xüsusən, qadın və insan azadlığı mövzusunda yazdığınız əsərləriniz, daim mübarizə şəraitində yaşayan Fələstin xalqı üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsərləri ərəb dilində oxumaq çox xoş olardı. Azərbaycan ədəbiyyatı və ədəbi fikri, şərq mədəniyyəti daşıyıcısı kimi ərəb dünyasına çox doğma və maraqlıdır. Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından və böyük həvəslə tanış olmuşam. Qeyd edim ki, Şərq mədəniyyəti və tarixi ilə sıx bağlı olduğu üçün Azərbaycan mənə, xüsusən doğmadır. Bu irsin və mədəniyyətin dünyada tanıdılması çox vacibdir. Azərbaycan bizim üçün itirilmiş qardaş kimidir. Sovetlər dönəmində hər iki mərhum - ümummilli lider Heydər Əliyev və Yasir Ərəfat arasında sıx əlaqələr var idi və bu əlaqələr Azərbaycan müstəqillik qazanandan sonra daha da möhkəmləndi və genişləndi. Bu ədəbiyyatların qarşılıqlı mübadiləsi hər iki xalq arasında uzun qərinələrlə yaşanmış qədim münasibətləri və mübadilələri yenidən gündəmə gətirə bilər. Düşünürəm, Mərkəz bu sahədə mühüm işlər görə bilər. Biz, Fələstin dövlətinin səfirliyi olaraq, bu sahədə hər zaman Mərkəzə kömək etməyə hazırıq.  

Mərkəzin direktoru Afaq Məsud öz növbəsində qonağı salamlayaraq, Azərbaycanda ərəb ədəbiyyatına və dilinə olan maraqdan, Mərkəzin bu sahədə ərsəyə gətirdiyi işlərdən söz açıb:

- Mərkəzə olan bu diqqətinizə və fəaliyyətimizlə bağlı səsləndirdiyiniz xoş sözlərinizə görə təşəkkür edirəm. Fələstin xalqının mübarizliyi və məğlubedilməzliyi, düşünürəm, bəşəriyyət və insanlıq üçün sarsılmazlıq, əqidə və amal dəfolunmazlığı nümunəsidir. Belə böyük xalqın ədəbiyyatı da, onun hiss və duyğuları da, sözsüz ki, böyük və dəfolunmazdır. Bu gün Fələstində baş verənlər insanlığın qanlı səhifəsi, barışmazlıq və azadlıq uğrunda əbədi döyüş tarixçəsidir. İstəyirəm biləsiniz ki, Fələstin azadlığı uğrunda gedən davamlı mübarizələr daim Azərbaycanın diqqət mərkəzində olub. Hələ 70-ci illərdə Azərbaycan şairləri Fələstin xalqının bu azadsevərliyinə, barışmazlığına şeirlər yazıb. Fələstində yaşananlar bu gün də Azərbaycanın diqqət mərkəzindədir. Mərkəz, hələ 90-cı illərdə məşhur fələstinli şair Mahmud Dərvişin əsərlərini Azərbaycan dilinə tərcümə edərək, "Xəzər" dünya ədəbiyyatı jurnalında nəşr edib. Fələstin ədəbiyyatı bu gün də Mərkəzin maraq dairəsindədir. Beləcə, biz Azərbaycan ədəbiyyatının Fələstində tanıdılmasında da maraqlıyıq. "Müasir Azərbaycan antologiyası" adlı beynəlxalq formatlı tərcümə və nəşr layihəmiz çərçivəsində ərəb dilinə tərcümə edilən bu kitabı Misir, Mərakeş, Livan və digər bu kimi ərəb ölkələri ilə yanaşı, Fələstində də nəşr etmək, kitaba daxil edilən ayrı-ayrı yazıçı və şairlərin əsərlərini Fələstinin ədəbi dairələrinə tanıtmaq niyyətimiz var.

Bu gün Yer üzünü bürüməkdə olan savaşlara, müharibələrə, ölkələr və millətlərarası ədavətlərə son qoyacaq ən qısa və tutarlı yol, şəksiz ki, ədəbiyyatdır. Bir millətin o biri milləti yaxından tanıması, onu anlayıb, öz doğması qəbul etməsi kimi möcüzəni, yalnız sənətin məhz bu növü - ədəbiyyat yarada bilir.

Görüşdə, həmçinin, ərəb-Azərbaycan dilinin yaxınlığı, ortaqlığı, ədəbiyyatlarda, məişətdə işlənən ərəb sözlərinin Azərbaycan dilində ümumişləklik qazanması və digər bu kimi mövzulara toxunulub.

Sonda Fələstin dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim, Mərkəzə Fələstinin, 7000 illik tarixi olan qədim İyerixon şəhəri haqqında ensiklopedik nəşri və Fələstin ədəbiyyatına dair "Yeddinci divarın süqutu", "Əsma Tubi", "Müqəddəs eyvanlar" kitablarını hədiyyə edib.

 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.