Səfəvilər dövlətində türklərin və farsların mövqeyi

Səfəvilər dövlətində türklərin və  farsların mövqeyi

Səfəvi dövləti Azərbaycan və İran dövlətçilik ənənələrində köklü dəyişikliyə səbəb olduğu üçün tədqiqatçılar tərəfindən tez-tez müraciət edilən bir mövzudur. Bu baxımdan hər iki xalqın tarixçilərinin Səfəvi üzərinə tənqidləri və Səfəvi dövləti sonrasında yaranan mədəniyyəti anlamağa səy etmələri çox təbiidir. İran paradoksallığı və ya dualizmi İran coğrafiyasında qurulan dövlətlərin əksəriyyətində öz əksini tapdığı kimi, artıq qurumsallaşmağa (institutlaşmağa) başlayan Şiə-Səfəvi dövlətində də türk-fars ünsürlərinin təşkilatlanmadakı mövqeləri ilə (daha doğru desək səlahiyyətlərin və vəzifələrin bölünməsi ilə) özünü büruzə verib.

Səfəvilər tarixi ilə əlaqədar etnik mübahisələrin başında onun banisinin - Şah İsmayılın etnik mənsubiyyəti əsas yer tutur. Şah İsmayılın və onun ulu babalarının milli kimliyi ilə əlaqədar tədqiqatçılar tərəfindən xeyli araşdırmalar aparılıb və nəşr edilib. Bu mövzuda biz sadəcə Şeyx Səfiyyəddin ilə bağlı tarixi qaynaqlarda istifadə edilən "türk piri" ifadəsini xatırlatmaqla kifayətlənmək istəyirik. Çünki bu mövzu kifayət qədər geniş olmaqla birlikdə çox tədqiq olunub və hər bir araşdırmaçının spesifik yanaşmasının kölgəsindədir.

Səfəvi dövləti bizim tarixçiliyimizdə əsasən iki istiqamətdə ələ alınıb incələnmişdir: a) I Şah İsmayıl və I Şah Abbas dövrü - Türk Səfəvilər; b) Şah Abbas dövrü və sonrası - Fars Səfəvilər. Təbii ki, Səfəvilərdəki inkişaf və zəifləmə meyillərini anlamaq adına bu cür bölmələr zəruridir. Şah Abbas dövründən etibarən Səfəvi dövləti, həm ideoloji zəmində, həm coğrafiya baxımından və ən əsası Sünni Osmanlı və Şeybanilərə qarşı hərbi mücadilələrlə artıq Şah İsmayıl öncəsi Səfəvilərindən xeyli fərqlənirdi. Yəni ilkin olaraq türk boylarının əmirləri tərəfindən Qızılbaşlıq məfkurəsi təməlində formalaşdırılan dövlət, Sünni qarşıdı (əleyhdarı) Şiə prinsipləri əsasında dəyişikliklərə məruz qalmışdı. Hər bir dövlətin ilk quruluş dövründəki dəyərləri ilə yüksəliş dövrü dəyərlərinin bir birindən fərqləndiyini nəzərə alsaq bu dəyişiklikləri qismən anlamaq olar. Qızılbaş coğrafiyasının böyüklüyü, dini və milli baxımdan çoxçalarlı olması Səfəvi dövlətində öz əksini tapmaya bilməzdi.

Bu məqaləmizdə üzərində durmaq istədiyimiz mövzu və əslində Səfəviləri həqiqətən tanımaq adına da zərurət təşkil edən məsələ, Şah İsmayıl dövlətinin özüdür. Yəni bu dövlətdə türklərin və farsların hakim olduqları məqamlar və mövqelərdir və bu mövqelərin Səfəvi dövlətçiliyi üçün əhəmiyyətidir.

Türklərin və farsların mövqelərinin anlaşılması baxımından Səfəvi dövlət təşkilatının formalaşmasında rol oynayan boylara və onun idarə edilməsində əsas yer tutan məclislərə qısa nəzər salmaq lazımdır. Bilindiyi kimi Səfəvi dövlətinin quruluşunda Qızılbaş boyları və onların bəyləri (əmirləri) mühüm rol oynamışdır. Bu boyların əksəriyyəti türk boyları idi. Tarix-i Aləm - Ara-i Abbasidə 17 önəmli boy əmirinin və onların boylarının adları verilmişdir. Azərbaycanın dəyərli Səfəvi tarixçisi O. Əfəndiyevin doğru olaraq qeyd etdiyi kimi, Azərbaycan (türk) boyları digər mənşəli boylara görə daha səlahiyyətli mövqelərə sahibdilər. Bu boyların əyanları hakimiyyətlərini XVI əsr boyunca I Şah Abbasın islahatlarına qədər qoruya bilmişdilər. Türk əslli boylardan sonra fars və digər mənşəli boylar qaynaqlarda qeyd edilir.

Əhəmiyyətli boy bəylərinin təmsil olunduqları məkan əsasən dövlətin idarəsində mühüm yer tutan məclislər idi. Səfəvi dövləti əsas iki - mülkü və hərbi məclis tərəfindən idarə olunurdu: a) "Divan-ı Ala" və b) "Cəngi". Hər iki məclis qızılbaş türk əmirlərinin toplandığı məclislər idi. Bu məclislərdə dövlətin əhəmiyyətli qərarları qəbul olunurdu və burada sadəcə türk mənşəli əmirlər iştirak etmə haqqına sahib idi. "Tacikiyə" adlanan münşi heyəti sadəcə bu məclisin qərarlarının qeydə alınmasında və ya şahın fərmanlarının tutulmasında iştirak edirdi.

Səfəvilərdə farsların mövqeyi

Səfəvilərdə "Fars" sözü əsasən vilayət adı olaraq istifadə olunmaqla birlikdə, bu gün bizim istifadə etdiyimiz millət adı kimi isə "tacik" ifadəsi daha geniş istifadə edilirdi. Səfəvilərə qədər farslar xüsusən bürokratik aparatda, katiblik vəzifələrində mövqelərini qüvvətləndirmiş olduqlarından bu mövqelərini qorumağa davam etmişdilər. Elə bu səbəblədir ki, onlara məxsus olan bu mövqelər milli bir kimliklə "tacikiyə" olaraq Səfəvi salnaməçiləri tərəfindən qeyd olunmuşdur.

Bu mənada Səfəvi tarixçilərindən F. Sümer də haqlı olaraq qeyd edir ki, "taciklər, əvvəlki kimi, dövlətin mülki təşkilatlarını əllərində tuturdular, amma XVI əsrdə Səlcuqlu dövründə olduğu kimi, dövlətin idarəsində nüfuz və qüdrətə çox da sahib deyildilər və dövlətin idarəsində türklər söz sahibi idilər. Səfəvilər zamanında taciklər maliyyə xaricində digər işlərə qarışmırdılar". O. Əfəndiyevə görə, taciklər Azərbaycan Səfəvilər dövlətinin feodal sinfinə qismən daxildilər və tabe mövqedə idilər. Venesiyalı d'Alessandirinin sözləri də bu fikri təsdiqləməkdədir. Baş müşavirlər (dövlət şurasında) söz haqqına sahib deyildilər, şah onları dəvət etmədiyi müddətcə fikirlərini söyləmə haqları yox idi. Onlar yüksək məqam sahibi olsalar da sultan ola bilməzdilər. Əyan olmalarına baxmayaraq hərbi vəzifələrə təyin edilmirdilər.

Bu səbəblədir ki, Qızılbaş bəyləri farslara (taciklərə) xor baxırdılar, onları hərbi işlərə qarışmağa layiq olmayan aşağı sinif nümayəndələri kimi görürdülər.

"Tacikiyə" adlanan zümrə, eyni zamanda "qələm sahibləri" olaraq da qeyd olunur. Aləm Ara-i Abbasinin müəllifi İsgəndər bəy Münşi Türkman "məmalik-i məhrusə"nin (Allahın qoruduğu vilayətlərin) böyük vəzirlərini qeyd etdikdən sonra ali hüzurda xidmət edən tacikiyə adlanan qələm sahiblərinin adlarını çəkir. İsgəndər Bəy Münşi "saray təşrifat məmurlarını" (saray xidmətçiləri) - saray axırlarının məmurlarını, bəxşiş katiblərini - peşkəşnevis, rikabxana və qamçıçıxana məmurunu, xas dəvə baxıcısını tacikiyə zümrəsi arasında göstərir, onların "dərgah-ı mualla"da (ali dərgahda) olduqlarını, amma bunların çoxunun mühüm işlərə daxil edilmədiklərini, bəzilərinin "cənnətasa məclisinə" (məclis-i cənnətasa - cənnət kimi məclisə) gəlib-getdiklərini və bir neçəsinin o məclisdə söz haqqına sahib olduğunu qeyd etmişdir. Eyni zamanda dəftərxana-i hümayun-ı alanın möhtəsib və münşiləri də - mustoufilər, kalem ərbabının məşhurları - tacikiyə olaraq verilmişdir. Dəftərxana-i hümayun-ı ala "divan-ı ala"nın bir şöbəsi idi.

Səfəvilərdə türklərin mövqeyi

Yuxarıda da qeyd etdiyimiz kimi Səfəvilərdə türk əsilli boyların əmirlərinin toplandığı məclislər Divan-ı ala və Cəngi idi. Səfəvi hökmdarları digər şərq müstəbidləri kimi dövlət məsələlərini öz başlarına həll edirdilər. Onların yanında məşvərətçi hüququna sahib olan ali məclis (məclis-i ala və ya divan-ı ala) var. I Şah Təhmasibin dövründə, məclis "dövlət işlərində böyük təcrübəsi olan şəxslərdən" - 12 nəfərdən (sultanlardan) təşkil olunurdu. "Divan-ı ala"da mövqe sırasına görə vəzir-i azam, rükn əl-dövlə qullarağası, nazir-i büyutat, muqərrəb əl-xaqan divanbəyi, əmiraxurbaşı cilau (cilov), muqərrəb əl-xaqan həkimbaşı, tüfənkçibaşı, məclisnevis, əmirşekarbaşı və münəccimbaşı, xacəsərayan, eşikağasıbaşı, mehtər, qurçibaşı (daha əvvəllər məclisdə yer alırdı, Şah Abbasdan sonra məclis toplantılarında iştirakı qeyd olunmur) otururdu.

Türk əmirlərinin əsasən toplandığı məclislərdən biri də Əmirlər Məclisi (Üməra-i Cəngi) idi. 7 əsl üzvlə birlikdə (1. qurçibaşı, 2. qullarağası, 3. eşikağasıbaşı, 4. tüfekçiağası. 5. vəzir-i azam. 6. divanbəyi, 7. vəqiənevis) nazir-i büyutat, mustoufi-i məmalik və emirşikarbaşı da daxil olmaqla 10 səlahiyyətli əmirdən ibarət idi. Səfəvilərin son şahlarından olan Şah Sultan Hüseynin son dövrlərinə doğru nazir, mustoufi əl-məmalik və əmirşikarbaşı bəzi toplantılarda iştirak etməyə başlamışdı. Cəngi Monqol dilindədir və "düyüm", "bağ", "rabitə" mənası daşımaqdadır. Cəngi Minorski tərəfindən "Dövlətxana-i müharibə" - "dövlət şurası" şəklində Monqol və Teymur mənşəli bir təşkilat kimi izah edilmişdir.

Mühüm qərarların alındığı məşvərət şurasının üzvləri əsasən türk boylarının əmirlərindən ibarət idi. Təzkirət əl-mülükə görə, Səfəvilərdə əmirlər iki yerə ayrılırdı.

a) dövlətxana əmirləri (üməra-i dövlətxana);

b) qeyri-dövlətxana əmirləri (üməra-i qeyri dövlətxana).

a) Dövlətxana əmirləri: onlara "mübarək dövlətxana əmirləri" də deyilirdi. Bunların hər biri xüsusi bir vəzifə ilə şərəfləndirilmişdi və "Cahanpənah şah"ın dərgahında (sarayında) yaşayırdılar. Dövlətxana əmirləri qurçibaşı, qullarağası, eşikağasıbaşı, tüfekçiağası olmaq üzrə əsas dörd nəfərdən ibarət idi. Onlar eyni zamanda "ərkan-ı dövlət-i qahirə" adlanırdılar və üməra-i cengidə (əmirlər məclisində) iştirak edirdilər.

b) Qeyri dövlətxana əmirləri: bunların başında hakimlər, bəylərbəyləri, sultanlar və xanlar gəlirdi. Bu qrup "sərhəd əmirləri" ("sərhəddaran" - sərhəd mühafizləri) olaraq da adlandırılırdı. Hakimlər rütbə, mənsəb və etibar baxımından bəylərbəyinin üzərində yer alırdı. Bəylərbəyi xanlardan üstün idi, xanlar da sultanlardan. Bəylərbəylərinə bağlı "qol bəyləri"nin (qol bəyləri / qul bəyi) digər adının "xan" olduğu təxmin edilir. Hakimlər onları təyin edir və vəzifədən azad edirdi. Bəylərbəyi kimi hər sərhəddin sultanı o sərhəddin xanına tabe idi.

Səfəvi dövlətində farsların hakim mövqeyə gəlməsində əsas iki amil rol oynamışdır:

a) paytaxtın dəyişdirilib fars bölgələrinə nəql etdirilməsi;

b) Qızılbaş türk bəylərinin əhəmiyyətli mövqelərdən uzaqlaşdırılması.

a) Səfəvilərin paytaxtının dəyişdirilməsinin farsların və fars dilinin qüvvətlənməsində rolu: Osmanlı ilə ardı-arası kəsilməyən mücadilələr, Səfəvi şahlarını paytaxtı və dolayısı ilə dövlətin mərkəzi təşkilatını qorumaq barəsində qayğılandırırdı. Bu səbəblə paytaxt, Səfəvi hakimiyyətində iki dəfə dəyişdirilmişdir. İlk öncə Qəzvinə köçürülən paytaxt, Şah Abbas zamanında İsfahana nəql etdirildi. Hər iki şəhərin əhali baxımından fars ağırlıqlı olması dövlət təşkilatında farsların və fars dilinin mövqeyini qüvvətləndirmişdi. Turhan Gencəyinin də haqlı olaraq qeyd etdiyi kimi paytaxtın türklərin yaşadıqları məntəqələrdən İsfahana nəql etdirilməsi Təbrizin siyasi və mədəni əhəmiyyətinə şiddətli bir zərbə olmuşdur. Şah Abbasın islahatları da Qızılbaş boylarının təsirini və əhəmiyyətini azaltmışdı. Buna baxmayaraq Səfəvi şahlarının və Səfəvi dövlətini quran Qızılbaşların ana dili olan türk dili yeni paytaxtda - İsfahanda, Təbriz və Qəzvindəki kimi sarayın və ordunun dili olaraq qalmışdır.

Səfəvilərin rəsmi yazışmalarda hər iki dildən istifadə etdikləri bilinməklə birlikdə sarayda istifadə edilən dilin türk dili olması bir çox səyyah tərəfindən qeyd olunmuşdur.

Dövlət təşkilatında fars dilinin istifadə olunması ənənəvi bir haldan və bunun dəyişdirilməsi ciddi islahatçı bir hərəkatı labüd edirdi. Fars dilinin Səfəvilərdə istifadə olunması ilə əlaqədar tənqidlərdə, bir məsələ diqqətdən yayınmışdır. Münşilik, katiblik məsləyi digər məsləklər kimi atadan oğula öyrədilərək davam etdirilirdi.

Bu müəssisələrin farsların əlində olması onları dövlətə tabe və bağlı etdiyi kimi, eyni zamanda böyük qazanclar əldə etmələrinin də qarşısını alırdı. Bu məmuriyyətlərin qazancları dövlət tərəfindən məhdud maaşlarla və ya keçici torpaq mülkiyyətləri ilə tənzimlənirdi. Türk boylarının bəyləri isə əksinə böyük vilayətlərin idarəsini əllərində tutur və ordu saxlayırdılar və lazım olduğu zaman bu ordularla müharibələrdə iştirak edirdilər. Həm maddi və həm də hərbi güc baxımından bu məmurlara görə daha müstəqil idilər.

b) Qızılbaş türk bəylərinin əhəmiyyətli mövqelərdən uzaqlaşdırılması - Qızılbaş bəylərinin hakimiyyət uğrunda apardıqları mücadilələrin nəzarət altına tutulması səyləri Şah İsmayıl dövründən başladılmış və daha sonrakı Səfəvi şahları (sadəcə Şah Abbas tərəfindən deyil, şah İsmayıldan sonra gələn digər şahlar tərəfindən də) tərəfindən davam etdirilmişdir. Bu mücadilələrə Şah Abbas, Qızılbaş bəylərini əhəmiyyətli mövqelərdən uzaqlaşdırmaq yolu və orduda apardığı islahatlarla son qoymağa çalışmışdır. Türk bəylərinin hakim olduğu vəzifələrdən ən əhəmiyyətlisi "vəkil" vəzifəsi idi. Qızılbaş bəyləri bu məqamı əllərində tutmağa çalışaraq şahın dövləti idarəsinə birbaşa təzyiq göstərə bilirdilər. Vəkil vəzifəsində olan türk əsilli bəylər arasında Div Sultan Rumlu, Çuxa Sultan Təkəli və Hüseyn Xan Şamlunun adları qeyd olunur.

Hakimiyyət uğrunda mübarizələrdə sadəcə türk əmirlərinin bir-birləri ilə deyil, həm də hakim sülalə ilə yaxın qohumluq əlaqəsi olan fars əsillilərlə toqquşmaları qaynaqlarda qeyd olunmuşdur. Bunlardan ən çox diqqəti çəkən şah Məhəmməd Xudabəndənin xanımı Mazandaranlı Mehdi Ülyanın və onun yaxın adamı olan vəzir Mirzə Salmanın Qızılbaş əmirləri tərəfindən öldürülməsi hadisəsidir. Saraydakı yeganə "tacik" vəzir Mirzə Salman idi. O, Fars valisi İbrahim xan Zülkadrin vəziri olan isfahanlı Ağa Mirzə Əli Cabirinin oğlu idi.

O, I Şah Təhmasibin zamanında "nazir-i büyutat" vəzifəsini icra etmiş, daha sonra II Şah İsmayılın zamanında vəzir olaraq təyin olunmuşdu. Məhəmməd Xudabəndə zamanında onun xanımının etimadını qazanaraq, "etimad əd-dövlə" titulunu almış və "vəzir-i divan-ı ala" vəzifəsinə yüksəldilmişdi. Mirzə Salman Qızılbaş əmirlərinin arasını vuraraq, onların gücünü zəiflətməyə çalışmışdır. O, qızını Həmzə Mirzə ilə evləndirərək hakimiyyəti ələ keçirməyi planlaşdırırdı. Bu vəziyyətdən narahat olan qızılbaş əmirləri şahın xanımını aradan götürdükləri kimi Mirzə Salmanın öldürülməsinə də fərman verdilər.

Şah Abbasın və daha əvvəlki Səfəvi şahlarının Qızılbaş əmirlərinin təsirini azaltmağa yönəlik səyləri, onların müstəqil hərəkətlərini məhdudlaşdırmaq məqsədi daşıyırdı. Davamlı Osmanlıların təzyiqlərinə məruz qalan coğrafiyadan paytaxtın köçürülməsi, regionda hakim olan Qızılbaş əmirləri üzərində nəzarətin zəifləməsinə səbəb olmuşdu. Qızılbaş əmirlərinə (I Şah İsmayıl tərəfindən) verilən mülklər və səlahiyyətlər onların qüdrətini artırmışdı. Bu səbəblə mərkəz, qızılbaş əmirlərinin gücünü zəiflətmək məcburiyyətində idi. Osmanlı ilə yaxın mövqedə yerləşmələri mərkəz dövlətlə Osmanlı arasında müharibələrdə siyasi balansın digərinin lehinə dəyişməsində mühüm rol oynayırdı. Osmanlıya sığınan Səfəvi soyundan olanların xəyanətləri də bu qəbildən olan tədbirlərin alınmasına səbəbiyyət verirdi.

Qızılbaş əmirlərinin mərkəzi təşkilatda təsirsiz hala gətirilməsi Səfəvilərin zəifləməsində əhəmiyyətli yer tutur. Qızılbaş boyları bilindiyi kimi şahdan çox bəylərinə bağlı idilər. Mərkəzdə yer aldıqları müddətcə, Qızılbaş boy əmirləri ölkənin bütövlüyünün qorunmasına xidmət etmişdilər. I Şah Abbasla başladılan islahatlar Qızılbaş əmirlərinin hakim mövqelərdən sıxışdırılıb çıxarılması və mərkəzi təşkilatın İsfahana daşınması qızılbaş boylarının nəzarətdən uzaq qalmalarına səbəb olmuşdu. Hakimiyyətdən uzaq tutulmalarına baxmayaraq Səfəvidən sonrakı dövlətlərin meydana çıxmasında təkrar türk boylarının - Afşarların və Qacarların - rol oynaması, İranda hakimiyyəti ələ keçirməsi türklərin bu mübarizədən heç vaxt geri çəkilmədiklərinə sübutdur.

Zülfiyyə Vəliyeva

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.